Onlayn ictimai-siyasi qəzet
Dünya elmində hər bir işin, əməlin, texnikanın standartını hazırlamaq istəyəndə müəyyən təcrübələr keçirlər. Məsəl üçün, hansısa dərman hazırlanmalıdırsa, bunun yaş qrupları, xəstələr və sairə üzərində sınaqları aparılır.
Adətən standart ortadan seçilir. Yəni, ən yaxşılar və ən pislər arasından. Bu mənada, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin “Azərbaycan Yazıçılar Birliyi üzvlərini ana dilindən imtahan verməyə” səsləməsi çox yaxşı təşəbbüs idi. Üstəlik, Abbaszadə bunun izahatını da vermişdi, deyirdi biz “Azərbaycan dili” imtahanı üçün beynəlxalq bir standart, test bankı hazırlamaq istəyirik, başqa hər hansı məqsədimiz yoxdur.
Doğrudan da, dünyada özünə hörmət qoyan, geniş yayılmış bir çox dillərin belə standart imtahanları var. Məsələn, ingilis dilini öyrənən əcnəbilər üçün TOEFL (Test of English as a Foreign Language sözlərinin baş hərflərindən düzəldilib), rus dili üçün TRKİ (Testirovanie po russkomu əzıku kak inostrannomu əzıku), Türkiyədə TÖMER (Türkcə öyrətim merkezi) və sairə. O qayda ilə yanaşsaq, bizim dil üzrə beynəlxalq standart testlərin adı AZDÜT kim bir şey ola bilərdi - Azərbaycan dili üzrə testlər.
Amma AYB-də 2500 cahil toplaşdığı üçün onlar bu dil testinə milli yardım proqramını yaba-dırmıqla qarşıladılar. Biri dedi imtahan vermək yaşımız keçib, o biri dedi yazıçıları repressiya edirlər, ay aman, qoymayın. Sanki Abbaszadə Anarı üçüncü qrupa imtahan verməyə məcbur edirmiş, kəsilsə əsgərliyə basacaqlardı. Hətta bir nəfər “biz donor deyilik” açıqlaması verdi. Guya DİM bunun qurdlu ciyərini, indiki halda zəhərli dilini çıxarıb kiməsə köçürmək istəyirmiş. İnsafən, yeganə olaraq AYB katibi Rəşad Məcid bunu “gözəl təşəbbüs” adlandırdı, böyük məmnuniyyətlə imtahan verəcəyini söylədi.
Hər bir halda, bu mövzu əslində elə test oldu, zavallı azərbaycanlıların hökumətin tapşırığı ilə adını “ziyalı” qoyduğu tiplərin hansı yuvanın quşu olduğunu göstərdi. Bir növ, AYB bu testdən keçid balından da aşağı topladı.
Ancaq Abbaszadə də məmur olaraq artıq kürsüsündə korşaldığını göstərdi. Yəqin uzun illər eyni işə baxanda belə olur. Əks halda, sən nə üçün Azərbaycan dili testini AYB üzvlərinin təpəsində sınaqdan çıxarırsan ki? Bunun üçün ana dilini gözəl bilən “en” qədər başqa peşə yiyələri var. Hətta dağda qoyun-quzu otaran elə çoban var, bu gün ana dilimizi Çingiz Abdullayev isimli “xalq yazıçı”sından milyon dəfə yaxşı bilir.
AYB üzvləri isə başqa sahələrdə imtahan verməlidir. Mən buna ötənlərdə toxunmuşdum, yenə qayıdıram: Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaxşı bildiyi bir peşə, bir sahə var ki, o da maklerlik -dəllallıq sənətidir. Sən istəyirsənsə Bakıda və Abşeron yarımadasında hansı mənzillər faydalıdır, hansı rayonda torpaq alıb bağ tikmək yaxşıdır, neçə sotluq yaltaqlansan adını növbəti ev siyahısına salırlar və sairəni öyrənəsən, buyur, AYB-də test imtahanı elə. Görərsən necə oğlanlar papaq altında yatır, bir sürü şair və yazıçı həmin testdən 750 bal toplamasa, heç mənim qandığım qrafa yoxdur.
Təkcə mal-mülk üzrə yox, bütün sferalarda bizim “ziyalıların” mükəmməl dəllallıq qabiliyətləri vardır. Yoxsa Abbaszadə bunları göndərir yaramaz işə, adları da yarıtmaz çıxır. Ana dili bunların nəyinə lazımdır?
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ