Onlayn ictimai-siyasi qəzet
Bədnam təşkilatın hesabatında absurd ittihamlar yer alıb - hüquq müdafiəçisindən reaksiya
Azərbaycan “Amnesty İnternational”ın 2025-ci il hesabatında insan hüquqlarının pozulmasına görə tənqid olunub. “Hakimiyyətin qadağaları ölkədə insan hüquqlarına hörməti azaldıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar qanuni fəaliyyətlərinə görə həbs olunublar. İşgəncə və digər pis rəftar halları geniş yayılıb”, - hesabatda deyilir.
Hesabatda iddia olunub ki, Qarabağ münaqişəsi ilə bağlı “baş vermiş qanun pozuntularına görə kimsə məsuliyyətə cəlb edilməyib”. Söhbət hansı qanun pozuntularından gedir, bəlli deyil. Hesabata görə, “LGBT fərdləri ədalətli yanaşmadan məhrum edilib”.
Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva hesabatı həqiqəti əks etdirməyən, birtərəfli, qərəzli sayıb. Səbinə Əliyeva təşkilatın rəhbərinə etiraz məktubu yazaraq bildirib ki, hesabatda Ermənistandan qovulmuş 250 mindən artıq azərbaycanlının qayıdış məsələsi yer almayıb.
O bildirib ki, hesabatda azərbaycanlıların üzləşdiyi mina təhlükəsi və Birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı da məlumat verilməyib. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı ünvanına səslənən ittihamları rədd edir və ölkədə heç kəsin fikir ayrılığına görə təqib olunmadığını bəyan edir.
“Amnesty İnternational” indiyə qədər Azərbaycan haqda pozitiv bir detalı qeyd etməyib. Təkcə bu qeyri-hökumət təşkilatı deyil, “Human Rights Watch” və digərləri də eyni qərəzli hesabatlarla çıxış edir. Xüsusən də Qarabağ məsələsi və LGBT mövzusunda tamamilə absurd ittihamlar səsləndirilir. Maraqlıdır ki, Azərbaycan bu təşkilatların hesabatlarına etiraz etsə də, yanaşma dəyişmir. Qərb ölkələri uzun illər ölkələrin daxili işlərinə müdaxilə, öz maraqlarını təmin etmək üçün fərqli adlar altında çoxsaylı təşkilatlar yaradaraq dövriyyəyə buraxıblar. Bu bədnam siyahıya USAİD, NED, "Soros" Fondu ilə yanaşı, “Amnesty İnternational”, “Human Rights Watch”, “Freedom House”, “Transparency İnternational” və s. daxildir.
Adları yuxarıda qeyd olunan təşkilatlar sırasında “Amnesty İnternational” Azərbaycanla bağlı xüsusi qərəzi və ikili yanaşması ilə seçilib. Erməni lobbisinin təsiri altında olan təşkilat işğal dövründə hüquqları pozulan Azərbaycan vətəndaşları ilə bağlı heç bir hesabatla çıxış etməyib. Azərbaycan işğala son qoyduqdan sonra isə Qarabağdan könüllü çıxan erməniəsilli insanların müdafiəçisi qismində çıxış etməyə başlayıb.
Bəlkə bu təşkilatlarla əməkdaşlıq əlaqələri düzgün qurulmayıb? Niyə hesabat hazırlayarkən, Azərbaycan sənədlərlə tanış olmağı tələb etmir?
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, bu təşkilatlar artıq qərəzli hesabatlarla çıxış etməyi ənənəyə çevirib. Bunu bir təzyiq aləti kimi qiymətləndirən hüquq müdafiəçisi qeyd etdi ki, dəfələrlə etiraz məktubu yollanıb, amma yenə də böhtan atmaqdan əl çəkmirlər. Onun fikrincə, Azərbaycanda işgəncə hallarının geniş yayılması haqda ittihamlar əsassızdır və sözügedən təşkilat hər hansı fakta istinad etməyib: “Biz insan haqlarının vəziyyətinin ideal olduğunu iddia edə bilmərik. Sözsüz ki, qanun pozuntuları, həbs-qətimkan tədbirinin seçilməsi və s. hallarla bağlı şikayətlər olur. Ancaq bu müraciətlər araşdırılır, istintaq altında olan şəxslə görüş keçirilir, onların saxlanma şəraitindən məmnunluğu öyrənilir. Yəni bu təşkilatın yaydığı hesabatlar sübut-dəlilsiz, başdan-ayağa yalan, böhtan üzərində qurulub. Əgər obyektivlik olsaydı, rəsmi qurumların mövqeyinə də hesabatda yer verilərdi”.
Ç.Qənizadə xatırlatdı ki, “Amnesty İnternational” 2023-cü ilin sentyabrında Qarabağda silahlı separatçılara qarşı həyata keçirilən hərbi əməliyyata qarşı da çıxıb: “Biz bu faktı da unutmuruq. Belə təşkilatdan bundan sonra da obyektiv hesabat gözləməyə dəyməz. Bir neçə ay sonra yenə Azərbaycanı ittiham edəcəklər. Çünki vərdişə çevrilib və ölkənin məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları görməzdən gəlirlər. Bu məsələdə bəzi anti-Azərbaycan dairələrin də rolu danılmazdır. Onlar hesabatların hazırlanmasında adıçəkilən təşkilata dəstək verirlər”.
Hüquq müdafiəçisi əlavə etdi ki, Azərbaycanı LGBT və Qarabağla bağlı günahlandırmaq isə biabırçılıqdır, açıq şəkildə qara yaxmaq cəhdidir. Ç.Qənizadə dedi ki, bu bədnam təşkilatın anti-Azərbaycan fəaliyyəti COP29-da da özünü büruzə verib.
Xatırladaq ki, Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bu təşkilatların fəaliyyətinə toxunmuşdu.
Sitat: “Xoş xəbərdir ki, "AzadlıqRadiosu", “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ