İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amnesty İnternational” Azərbaycana qarşı hücum anonsu verdi

Gözlənilir ki, seçki yaxınlaşdıqca “Sərhədsiz Reportyorlar”, “Freedom House”, “Human Rights Watch” və digər təşkilatlar da ölkəmizə qarşı qarayaxma kampaniyasına qoşulsun

Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” Azərbaycanla bağlı bəyanat yayıb. Bəyanatda “müstəqil mediaya qarşı repressiyaların artmasından narahatlıq” bildirilib. “Amnesty İnternational”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze Azərbaycanda “baş verənləri 2012-2015-ci illərdə vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalarla müqayisə edib”.

“Amnesty İnternational” iddia edir ki, Azərbaycan hakimiyyəti noyabr ayından başlayaraq ən azı altı jurnalisti həbs edib. “Daha bir neçə jurnalist istintaqa çağırılıb və bundan sonra bildirdilər ki, onları  tənqidi reportajlarını dayandırmasalar, təqiblə hədələyiblər”, - deyə bəyanatda bildirilib. Qeyd edək ki, “Amnesty İnternational” noyabrın sonunda da bəyanat yayaraq Azərbaycanı ittiham etmişdi. 

“Amnesty İnternational”ın 2012-2015-ci ili yada salması təsadüfi deyil. “Amnesty İnternational” 2012-ci ildə Azərbaycanda “Eurovision” ərəfəsi insan haqlarının pozulduğunu əsas gətirərək, müsabiqəni boykot etməyə çağırış etmişdi. 

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsi  isə Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasında da “Amnesty İnternational”çox aktiv idi. “Amnesty İnternational” Azərbaycanla bağlı yalan və iftira dolu hesabat da yaymışdı. Təşkilatın l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələri sayıla bilərdi.

2019-cu ildə isə “Amnesty İnternational” təşkilatı Azərbaycanda UEFA Avropa Liqasının finalının keçirilməsini pisləmişdi. İslam Həmrəyliyi Oyunları, “Formula-1" yarışları ərəfəsində də biz bunu görmüşük.

Qərbdən Azərbaycana qarşı təzyiq kampaniyası başlayanda adətən dövlət strukturları ilə yanaşı, adının önünə “beynəlxalq” yarlığı yapışdırılmış “media”, “hüquq müdafiə”, “insan haqları” təşkilatları da rol alırlar. Fevralın 7-nə  növbədənkənar prezident seçkisi təyin edilməsindən sonra “Amnesty İnternational”ın bəyanatı diqqət çəkir. Gözlənilir ki, seçki yaxınlaşdıqca bu kampaniya daha geniş vüsət alsın, “Sərhədsiz Reportyorlar”, “Freedom House”, “Human Rights Watch” və digər təşkilatlar da əks-təbliğata qoşulsun.  

Maraqlıdır, Azərbaycana qarşı budəfəki hücumlar sırf seçki ilə bağlıdırmı? “Amnesty İnternational” niyə 2012-ci və 2015-ci illəri yada salır?

Aydın Hüseynov: “Rəqabət Məcəlləsi sahibkarlar üçün sağlam rəqabət  imkanlarını genişləndirəcək”

Aydın Hüseynov 

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Amnisty İnternational”  korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanmış bir təşkilatdır. Belə bir təşkilatın Azərbaycan barədə hər hansı iddia irəli sürmək haqqı yoxdur. Bu korrupsiyaya bulaşmış təşkilat ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Azərbaycana da hücumları bununla bağlıdır: “Nə zaman Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər, eləcə də seçkilər keçirilirsə, "Amnisty İnternational" və bir neçə onun kimi adına “beynəlxalq” yazılmış qondarma təşkilatlar anti-Azərbaycan fəaliyyətini gücləndirirlər, qərəzli hesabatlar hazırlayırlar, çağırışlar edirlər. Onlar bu tipli bəyanatlarla sözdə elan etdikləri missiyalarına da kölgə salırlar. Azərbaycan xalqı “Amnesty İnternational” təşkilatının hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir.  “Amnesty İnternational” təşkilatının Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha bir göstəricisidir.

Azərbaycanın uğurlarını, son illərdə qazandığı qələbələri gözü götürməyən “Amnesty İnternational” kimi korrupsiyaya bulaşmış, təzyiq alətinə çevrilmiş bəzi təşkilatlar həmişə mühüm beynəlxalq tədbirlər və seçkilər ərəfəsində ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Onlar seçkidən sonra hazırlayacaqları saxta, qərəzli hesabatlara indidən öz aləmlərində “əsas” yaratmağa çalışırlar. Azərbaycanda söz azadlığı təmin edilib, sosial şəbəkələrdə insanlar istədiklərini yazırlar, saytlar, qəzetlər, televiziyalar fəaliyyət göstərir, kifayət qədər tənqidi media mövcuddur. Qanunları pozmayan heç kim ifadə etdiyi fikrə görə sıxışdırılmır. Azərbaycanda demokratik seçkilər keçirilməsi üçün şərait mövcuddur. 7 fevralda növbədənkənar prezident seçkisi də demokratik keçiriləcək, seçkidə iştirak edəcək bütün qüvvələrə təbliğatlarını aparmaq üçün şərait yaradılacaq. Həmişə olduğu kimi, media seçkilərdə öz funksiyasını ən yüksək səviyyədə həyata keçirəcək". 

A.Hüseynov qeyd etdi ki, Azərbaycan qarşı çirkin kampaniya aparan təşkilatlara ölkəmizin daxilində olan bəzi antimilli qüvvələr də dəstək verirlər: “Həmin təşkilatlara saxta məlumatları məhz həmin qüvvələr ötürürlər. Bununla faktiki olaraq dövlətə qarşı manipulyasiya ilə məşğul olurlar.   Ancaq onların hücumları, çağırışları, həmişə olduğu kimi, bu dəfə də nəticəsiz qalacaq. Bütün dünya Azərbaycanda ən yüksək səviyyədə seçkinin keçiriləcəyinin şahidi olacaq. Keçmiş təcrübə göstərir ki, "Amnesty İnternational" kimi təşkilatlar Azərbaycana qarşı əsassız hücumlar etdikcə,  xalq-dövlət, xalq-hakimiyyət birliyi daha da güclənir. Bundan sonra da məhz bu cür olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR