Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları Konqresinin fəaliyyət göstərdiyi Kapitoli kompleksi dünyanın diqqət mərkəzində dayanan siyasi məkanlardan biridir. Dünyada baş verən hadisələrin gedişatına təsir edəcək qanunlar məhz bu kompleksdə qəbul edilir.
Maraqlıdır, Kapitoli kompleksinin inşası kimin təşəbbüsü olub və bu komplekslə bağlı daha hansı maraqlı faktlar mövcuddur?
Qeyd edək ki, Kapitoli binasının ilk təməl daşı 18 sentyabr 1793-cü ildə Corc Vaşinqton tərəfindən qoyulub. Artıq 7 ildən sonra, 1800-cü ildə inşası tam başa çatmamış binada Konqres fəaliyyətə başlayıb.
Kapitolinin inşası zamanı tikinti üçün maliyyə, tikinti materialları və işçi qüvvəsi çatışmazlığı yaranıb. Bu səbəbdən də binanın fundamentinin qoyulmasına 36 ay sərf edilib.
Böyük Britaniya ilə ABŞ arasında gedən müharibə zamanı, 1814-cü ildə Kapitoli binası yandırılıb. Yanğından sonra kompleksin təmir və bərpa işlərinə 5 il vaxt sərf olunub.
1820-1827-ci illərdə Konqres binasında tikinti işləri davam etdirilib. Binanın sağ və sol hissələri birləşdirilib. Orta hissədə günbəzin quraşdırılması ilə sağ və sol tikililərin daxildən keçidi mümkünləşib.
Kapitoli günbəzinin çəkisi 4 min tondur. Günbəz əvvəlcə taxta materialdan hazırlanıb, sonra onu çuqunla əvəzləyiblər.
Kapitolinin birinci arxitektoru Uilyam Tronton olub. O, tikinti işlərinə 7 il başçılıq edib.
Kompleksə su xətti 1834-cü ildə çəkilib. Bina 1844-cü ildə qaz və elektriklə təchiz edilib.
1863-cü ildə Kapitoli günbəzinin xarici görünüşündə dəyişiklik edilib. Belə ki, günbəzin üstündə hündürlüyü 6 metr olan Azadlıq heykəli ucaldılıb.
Kapitoli binasının hündürlüyü 88 metrdir. 1910-cu ildə çıxarılan qərara görə Vaşinqtonda Kapitoli binasından hündür hər hansı bir tikilinin inşasına icazəyə rəsmi olaraq qadağa qoyulub.
Maraqlı faktlardan biri odur ki, Vaşinqtonda Kapitoli binasının hündürlük rekordunun saxlanılmasına ciddi diqqət yetirilib. Avraam Linkolnun abidəsi hazırlananda onun hündürlüyü binanın hündürlüyündən uzun olub. Abidənin memarı problemi aradan qaldırmaq üçün məcbur qalaraq Linkolnu kresloya “əyləşdirib”.
Kapitoli kompleksində Konqreslə yanaşı Ali Məhkəmə, Konqres kitabxanası, botanika bağı, muzey, turizm mərkəzi də yerləşir.
Konqres kitabxanası dünyanın ən böyük kitabxanası sayılır (bəzi mənbələrə görə Britaniya milli kitabxanası daha böyükdür). Bu kitabxanada 470 dildə 30 milyondan artıq kitab, milyondan artıq dünyanın müxtəlif ölkələrinin mətbu orqanları, 6 milyon əlyazma, 5 milyona yaxın xəritə, 12 milyon şəkil və s. saxlanılır. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyona yaxın olur. Kitabxanada 3600 nəfər çalışır.
Kapitoli kompleksində 540 otaq var. Binanın cənub hissəsində Nümayəndələr palatası, şimal hissəsində Senat fəaliyyət göstərir. Kompleksin ərazisində 53 hektar sahədə park salınıb.
Kapitoli binası haqqında əfsanələr bu gün də dolaşmaqdadır. Bir çox amerikalılar binanı ruhlar məkanı adlandırırlar. Onların qənaətinə görə vəfat etmiş ABŞ prezidentlərin ruhları Kapitoli binasında dolaşır.
1800-cü ildə Kapitoli binasından siçovulları təmizləmək üçün binaya pişiklər buraxılıb. Pişiklər öz işlərini qurtardıqdan sonra onları çıxarıblar. Saya görə pişiklərdən biri binada qalıb. Tapılmayan bu pişiyin binada qalması da müxtəlif əfsanələrə səbəb olub.
2008-ci ildə Kapitolidə turizm mərkəzi fəaliyyətə başlayıb. Kompleksi turist kimi gəzmək ödənişsizdir. Turistlər binanın girişində ciddi yoxlanılırlar. İçəriyə hətta adi su ilə daxil olmaq qadağandır. Kapitolidə ekskursiya 13 dəqiqəlik tanışlıq filmi ilə başlayır.
Kapitoli kompleksində milli heykəl zalı da fəaliyyət göstərir. Burada 100 görkəmli amerikalının heykəlləri sərgilənib.
ABŞ-da yeni seçilmiş prezidentlərin inauqurasiya mərasimləri Kapitolinin qərb terrasında keçirilir.
2001-ci il 11 sentyabr hadisələrində terrorçuların əsas hədəflərindən biri də məhz Kapitoli binası olub.
Binanın sağ və sol hissəsini birləşdirən dairəvi qalereya Rotondo adlandırılır. Bura turistlərin ən çox ziyarət etdiyi yerdir. Rotondoda ABŞ tarixini əks etdirən sənədlərin tabloları, ABŞ tarixində xüsusi xidmətləri olan prezidentlərin heykəlləri maraqla qarşılanır.
Amerikalılar arasında belə bir deyim var: “Vaşinqtonda Kapitolidən yüksək heç nə ola bilməz. Çünki o, azadlığın simvoludur. Amerikada isə azadlıqdan yüksək heç bir dəyər ola bilməz...”
İlham Cəmiloğlu, Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ