Onlayn ictimai-siyasi qəzet
Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
İddialara görə, müttəhimlər Rusiya xüsusi xidmətinin adından hərəkət ediblər. Onlar aprelin 17-də səhər saatlarında Bavariyanın Bayroyt şəhərində həbs ediliblər.
Əsas şübhəli Bavariyadan olan 39 yaşlı Diter S.-dir. Federal prokurorlar onu başqa şeylərlə yanaşı, məxfi xidmət agenti kimi işləməkdə, təxribat hazırlamaqda və hərbi obyektlərdə casusluq etməkdə ittiham edirlər. Ehtimallara görə, o, 2003-cü ilin oktyabrından Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir. Diter hərbi infrastrukturda, silah zavodlarında və sənaye obyektlərində yandırma və partlayışlar törətməyə razılıq verib.
Casusun hədəfində hərbi yüklərin daşınması üçün istifadə edilən nəqliyyat marşrutları olub. Təxribatçılar Almaniyanın Ukraynaya dəstəyini pozmaq niyyətində imişlər.
Həmin şəxs ABŞ-ın Almaniyadakı hərbi obyektlərini də araşdırıb və fotoşəkillərini çəkib, sonra şəkilləri Rusiya Federasiyasının nümayəndələrinə göndərib. Federal prokurorluq Diterlə işləyən 37 yaşlı alman əsilli rusiyalı Aleksandrın da Rusiya kəşfiyyatının agenti olduğunu ehtimal edir. O da həbs edilib.
“Der Spiegel”in məlumatına görə, Diter S. 2014-2016-cı illərdə “Donetsk Xalq Respublikası”nın milislərində xidmət edib.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ