İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada 30 ildə görünməyən olay: hərəkət dayandı

Bu gündən Almaniyada nəqliyyat işçilərinin son 30 ilin ən genişmiqyaslı tətili başlayıb.

Musavat.com-un Almaniya mətbuatına istinadən xəbərinə görə, tətil dəmiryol sistemi həmkarlar təşkilatı olan EVG və hava nəqliyyatı həmkarları olan "Verdi"nin təşəbbüsü ilə başlanıb və bütün ölkənin nəqliyyat sistemini əhatə edir.

Tətildə 350 minə qədər nəqliyyat işçisinin iştirak etdiyi bildirilir. "Verdi" işçilərin maaşının 10,5 faiz, ayda 500 avrodan az olmayaraq, EVG isə dəmiryolçuların əmək haqqının 12 faiz, ayda 650 avrodan az olmayaraq artırılmasını tələb edir.

Dəmiryol nəhəngi olan "Deutsche Bahn" bütün ölkə boyu uzaqmənzilli qatarların hərəkətinin dayandığını bəyan edib. Şirkət problemin martın 28-də də davam edəcəyini gözləyir. Bundan əlavə, şəhərətrafı qatarların əksəriyyəti işləmir – onların operatoru olan "DB Regio" şirkətinin işçiləri də tətilə qoşulub.

Almaniyanın Hamburq, Hannover, Dortmund, Drezden, Düsseldorf, Leypsiq, Münhen, Nürnberq, Frankfurt-Mayn, Ştutqart və Keln-Bonn hava limanlarında bütün reyslər ləğv edilib. Ölkənin iri şəhərlərindən yalnız Berlin hava limanı fəaliyyətini davam etdirir. Ölkənin 7 ən böyük regionunda ictimai nəqliyyatın hərəkəti tam dayanıb. Tətilə Almaniya avtobanlarının operatoru olan şirkət də qoşulub.

Qeyd edək ki, 27-29 martda nəqliyyat həmkarları ilə Almaniya sahibkarlar qurumu arasında danışıqlar keçirilir. Tətil işçilərin mövqelərini gücləndirmək məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR