İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya şirkəti “Qazprom”dan 13 milyard avro kompensasiya alacaq

Almaniyanın enerji nəhəngi olan Uniper şirkəti Stokholm arbitrajının onun xeyrinə verdiyi qərardan sonra “Qazprom Export”la uzunmüddətli müqaviləni ləğv etmək qərarına gəldiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Stokholmdakı arbitraj məhkəməsi iyunun 7-də qəbul etdiyi qərarla Uniper-ə müqavilələrə xitam vermək hüququ verib, həmçinin 2022-ci ilin ortalarından etibarən “Qazprom Eksport” tərəfindən təmin olunmayan qaz həcmlərinə görə ona 13 milyard avrodan çox kompensasiya təyin edib. Proses İsveçrə qanunları ilə tənzimlənirdi. Arbitraj qərarı hüquqi qüvvəyə malikdir və qətidir.

Xatırladaq ki, 2022-ci ilin ortalarında Rusiya borularda təmirə ehtiyac olduğunu, Kanadanın sanksiyaları səbəbindən lazımi avadanlıqların əldə edilməsinin mümkün olmadığını əsas gətirərək “Şimal axını 1” kəməri ilə qaz nəqlini dayandırıb. Moskvanın məqsədi bu yolla Avropa İttifaqını “Şimal axını 2” kəmərinin istismarına icazə verməyə məcbur etmək olsa da, buna nail ola bilmədi.

Almaniya şirkəti Rusiya tərəfinin nəqli dayandırmaq üçün real əsaslarının olmadığını əsas gətirməklə məhkəməyə müraciət edib. Uniper bildirir ki, həcm itkisini kompensasiya etmək üçün qazı spot bazardan alıb. 2022-ci ilin ortalarında orada qiymətlər min kubmetr üçün demək olar ki, 4000 dollara qədər yüksəlib və nəticədə şirkət böyük zərərlə üzləşib.

Uniper öz açıqlamasında qeyd edir ki, Stokholm arbitrajının qərarına əsasən istənilən məbləğ Almaniya federal hökumətinə veriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR