İnsanlara hürriyət, millətlərə istiqlal!

Alma almaya... bənzəməz

İxracı artan almanın 11 ayda xaricə satışı 53 milyon 198 min dollar təşkil edib 

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan xaricə 628 milyon dollar dəyərində 610 min ton meyvə-tərəvəz ixrac olunub. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin gömrük statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər ifadəsində, həm də miqdar baxımından azalma deməkdir.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycanın meyvə-tərəvəz ixracı 641,2 milyon dəyərlə 641,7 min ton təşkil etmişdi. Beləliklə, meyvə-tərəvəz ixracında dəyər baxımından 2,1 faiz, miqdar baxımından isə 5 faiz azalma qeydə alınıb.

Hesabat dövründə xaricdən meyvə-tərəvəz idxalı 246 milyon 470.36 min dollar dəyərlə 325 850.40 ton təşkil edib. Ötən ilin eyni dövründə idxalın 200 milyon 831.30  min dollar dəyərlə 312 660.98 ton olduğunu nəzərə alsaq, bu ilin 11 ayında meyvə-tərəvəz idxalının dəyər baxımından 22,7 faiz, miqdar baxımında isə 4,2 faiz artdığını görərik.

Bu ilin ötən dövründə hansı meyvə-tərəvəz məhsullarının ixracında və idxalında artım-azalma olduğuna nəzər salsaq, maraqlı mənzərə yaranar. Belə ki, ixracında azalma olan məhsullar arasında kartof, xurma, meşə fındığı diqqəti cəlb edir. Gömrük məlumatlarına əsasən cari ilin yanvar-noyabr aylarında Azərbaycandan 20 milyon 478 min dollar dəyərində 48 min 259 ton kartof ixrac olunub. Kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsidə 10 milyon 575 min dollar və ya 34 faiz, miqdar ifadəsində isə 22 min 911 ton, başqa sözlə 32 faiz azalıb. Ötən ilin eyni dövründə Azərbaycandan 31 milyon 53  min dollar dəyərində 71 min 170 ton kartof ixrac olunmuşdu.

2024-cü ilin yanvar-noyabr ayında Azərbaycandan 86 milyon 518 min dollar həcmində 120 min 344 ton xurma ixracı baş tutub. Xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon 901 min dollar və ya 5,4 faiz, miqdar ifadəsində 4 min 380 ton, başqa sözlə 3,5 faiz azalıb. Ötən ilin müvafiq dövründə xurma ixracının dəyəri 91 milyon 420 min dollar, miqdarı isə 124 min 724 ton olmuşdu.

Bu ilin 11 ayında həmçinin Azərbaycandan dəyəri 115 milyon 892 min dollar həcmində 18 min 262 ton fındıq ixracı baş tutub. Bu məhsulun ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4 milyon 364 min dollar və ya 3,9 faiz artıb, miqdar ifadəsində isə 3 min 121 ton, və ya 14,6 faiz azalıb. 2023-cü ilin 11 ayında Azərbaycandan 111 milyon 528 min dollar dəyərində 21 min 383 ton fındıq ixrac olunmuşdu.

İxracı artan meyvə-tərəvəzlər arasında pomidor, alma, nar və sair var. 

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 155 milyon 362 min dollar dəyərində 124 min 790 ton pomidor ixrac olunub. Ötən ilin eyni dövründə pomidor ixracının 140 milyon 469 min dollar dəyərlə 124 min 302 ton təşkil etdiyini nəzərə alsaq, builki ixracda dəyər ifadəsində 14 milyon 893 min dollar və ya 10,6 faiz, miqdar ifadəsində 488 ton və ya 0,4 faiz artım olduğunu görərik.

İxracı artan almanın 11 ayda xaricə satışı 53 milyon 198 min dollar dəyərlə 84 min 370 tona bərabər olub. Nəticədə, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 milyon 46 min dollar və ya 6,1 faiz, miqdar ifadəsində 4 378 ton və ya 5,5 faiz artıb. Belə ki, ötən ilin eyni dövründə alma xaricə 50 milyon 151 min dollar dəyərində 79 min 992 ton alma satılmışdı.

2024-cü ilin yanvar-noyabr aylarında ixrac həcmi artan məhsullardan biri olan narın xaricə satışı 25 milyon 768 min dollar dəyərlə 29 min 359 ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyon 614 min dollar və ya 5,9 faiz azalma, miqdar ifadəsində isə 4 099 ton, və ya 16,8 faiz artım deməkdir. Ötən ilin 11 ayında Azərbaycandan 27 milyon 382 min dollar dəyərində 25 min 260 ton nar ixrac olunmuşdu.

Onu da qeyd edək ki, Azərbaycandan bəzi məhsulların ixracında müşahidə olunan azalmanın son vaxtlar ixrac olunan məhsulların dəyərinin ölkəyə gətirilməməsinə görə həyata keçirilən həbslərlə bağlı olduğu bildirilir. Məlumdur ki, hüquq-mühafizə orqanları bu ilin ötən dövründə 1 milyard dollardan yuxarı dəyərdə aqrar məhsulları ixrac edərək, dəyərini ölkəyə qaytarmadıqlarına görə ondan yuxarı şəxsi həbs edib. Tanınmış iş adamı Şahin Nəcəfovun sözlərinə görə, həbs olunanlar brokerlərdir: “Bizdən meyvə-tərəvəz əsasən Rusiya və MDB ölkələrinə ixrac olunur. Həmin ölkələrdə, eləcə də Azərbaycanda meyvə-tərəvəz əsasən bazarlarda satılır və onun dəyəri minlərlə satış nöqtələrindən nağd qaydada yığılır. Yəni başqa məhsulu bir firma ilə müqavilə bağlayıb buradan göndərib dəyərini bankla ala bilirsən, amma meyvə-tərəvəzdə bu, mümkün olmur. Həbs olunanların hamısı brokerlərdir. Onlar hər maşının sənədləşməsinə görə 100- 200 manat pul qazanıblar.

Göndərilən malların pulunun bəlkə də hamısı geri qayıdıb, amma bank yolu ilə deyil, başqa vasitələrlə. Bütün MDB ölkələrində bu sistem belə qurulub. Ona görə də aparılan həbslə kənd təsərrüfatının inkişafına zərbə vurur. Hökumətin indi tələb etdiyi qaydada heç kim meyvə-tərəvəz ixrac edə bilməz, edən də zərərdə qalar. Cıxsın bir nəfər bunun hüquqi yolunu göstərsin və praktik 2-3 maşın aparıb satıb pulunu rəsmi şəkildə geri qaytarsın görək, necə edəcək. Həbslər ona gətirib çıxaracaq ki, hec kim Azərbaycan fermerindən mal alıb Rusiyaya göndəməyəcək. Gedib İrandan, Türkiyədən, Özbəkistandan mal alıb Rusiyaya göndərəcəklər".

Ş.Nəcəfov bildirir ki, hazırda on min tonlarla xurma anbarlarda yığılıb qalıb, heç kim cəsarət edib onu Rusiyaya vura bilmir: “Bir az sonra digər məhsullarla bağlı da eyni vəziyyət yaranacaq. Bu gün dövlət kənd təsərrüfatına hər cür dəstək verir, amma bir neçə nəfərin absurd fəaliyyəti illər boyu əldə olunan nəticələri yerə vurur. Məhsul istehsalında dəyər zəncirinin bütün halqaları qurulmayıb deyə aqrar sektorda gəlir dövlətin dəstəyinə adekvat deyil”.

Qeyd edək ki, bu il ilkin və tam emaldan keçmiş aqrar məhsulların ixracında ciddi artım var. Məsələn, yanvar-noyabr aylarında Azərbaycandan 169 milyon 965 min dollar dəyərində 113 min 981 ton pambıq lifi ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58 milyon 612 min dollar və ya 52,6 faiz, miqdar ifadəsində isə 51 min 53 ton və ya 81,1 faiz artım deməkdir. Emalın daha dərin mərhələsində əldə olunan pambıq iplik ixracında miqdar baxımından artım var. On bir ayda onun ixracı 26 milyon 991 min dollar dəyərlə 10 min 918 ton təşkil edib ki, bu da illik ifadədə dəyər baxımından 3 milyon 382 min dollar və ya 11,6 faiz azalma, miqdar baxımından isə 90 ton və ya 0,8 faiz artım deməkdir.

İxracı artan daha bir emal məhsulu çaydır. 2024-cü ilin yanvar-noyabr aylarında 5 milyon 998 min dollar dəyərində 679 ton çay ixracı qeydə alınıb. Beləliklə, çay ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsindı 92 min 150 dollar və ya 1,6 faiz artıb, miqdar ifadəsində isə 29 ton və ya 4,5 faiz artıb. 

Bundan əlavə, on bir ayda Azərbaycandan xaricə 37 milyon 481,73 min dollar dəyərində 49 342.58 ton şəkər ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 65,4 faiz, miqdar baxımından  isə 62,3 faiz artım deməkdir.  Ötən ilin yanvar-noyabrında 22 milyon 659.55 min dollar dəyərində 30 409.47 ton şəkər ixrac olunmuşdu. 

On bir ayın xarici ticarət statistikasında diqqəti cəlb edən başqa bir məqam əsas ərzaq məhsullarının idxalındakı kəskin artımdır. Belə ki, 2024-cü ilin 11 ayı ərzində Azərbaycana 116 milyon 989 min dollar dəyərində 53 337 ton ət idxal olunub. Bu isə o deməkdir ki, ət idxalı dəyər ifadəsində 49 faiz, miqdar ifadəsində 39 faiz artıb. 

Yanvar-noyabrda Azərbaycana kərə yağı idxalı 77 faiz artıb. Bu dövrdə ölkəyə 151 milyon 558 min dollar dəyərində 26 403 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Ötən ilin eyni dövründə idxal 83 milyon 505.01 min dollar dəyərlə 14 916.24 ton təşkil edib.

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 241 milyon 94 min ABŞ dolları dəyərində 1 milyon 117 min 277 ton buğda idxal edilib. Bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 faiz və ya 22.3 min ton çox, məbləğ baxımından isə 15 faiz və ya 42.3 milyon ABŞ dolları azdır.

Eyni dövrdə Azərbaycana 62 milyon 757 min ABŞ dolları dəyərində 60 min 464 ton düyü idxal olunub. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 18.7 faiz və ya 9 505 ton, dəyər baxımından isə 35.4 faiz və ya 16 milyon 378 min dollar çoxdur. 

Beləliklə, aydın olur ki, yanvar-noyabrda 4 məhsulun xaricdən alınmasına ölkənin 600 milyon dollara yaxın xərci çıxıb...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR