İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimpaşa Məmmədov Ali Məhkəmədə əmlak davası açdı - TƏFƏRRÜAT

 Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verib.  A.Məmmədov cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyir.

Musavat.com xəbər verir ki, Teleqraf-ın yerli bürosuna danışan Alimpaşa Məmmədovun vəkili Zakir Əliyev deyib ki, kassasiya müraciətində ittihamdan narazılıq ifadə olunur: “Çünki ittiham düzgün verilməyib. Bundan əlavə “Abad Şəmkir” MMC-nin üzərindən müsadirə qərarının götürülməsini istəmişik. Ali Məhkəmənin kassasiya şikayətimizə nə zaman baxacağı məlum deyil”.

Musavat.com xəbər verir ki, Alimpaşa Məmmədov xüsusi müsadirə qərarı verilmiş əmlaklarının geri qaytarılması üçün 1 il öncədən addımlar atmağa başlayıb. Bununla bağlı barəsindəki cinayət işi üzrə mülki iddiaçı qismində  Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyanı ödəyib. Alimpaşa Məmmədov saxlanıldıqdan sonra onun əmlakları üzərinə həbs qoyulmuşdu. Həmin əmlaklar sırasında “Şəmkir Səbət” MMC və “Abad Şəmkir” MMC də var idi. Vaxtilə bu əmlaklar Sahibkarlığın İnkişafı Fondundan kredit öhdəliyi ilə aşağı qiymətə alınıb. İstintaqın gedişi zamanı ödəniş tam yekunlaşmadığı üçün məhkəmənin qərarı ilə əmlaklar üzərinə həbs qoyulub. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mülki iddiaçının nümayəndəsi kredit borcunun ödənilməsi qarşılığında əmlaklar üzərindəki həbs qərarının götürülməsini istəmişdi. Məlum olmuşdu ki, Alimpaşa Məmmədov ümumilikdə 730 min manatlıq kredit borcunu tam ödəyib.

Tanınmış hüquqşünas Əkrəm Həsənov  Musavat.com-a deyib ki, korrupsiyaya bulaşmış məmurların çəkinmədən korrupsiya yolu ilə əldə olunan əmlaklarla bağlı məhkəmə davaları açmasını şərtləndirən bir neçə amil var. 

“Problem ondadır ki, bu gün Azərbaycan qanunvericiliyi korrupsiya ilə mübarizə aparmır, məmurlar gəlirləri haqda bəyannamə vermir, Daşınmaz Əmlak Reyestri isə qapalıdır. Bu, məmurların büdcə pullarını necə istəyirlərsə, elə də talamasına yol açan əsas amildir. Sadə vətəndaş da oturub düşünür ki, dövlət büdcəsini talamaq istəyən gərək Səlim Müslümov, Akif Çovdarov, Vidadi Zeynalov kimi talasın. Adamlar açıq-aşkar milyonlarla büdcə pulunu tar-mar ediblər və əməllərinə görə adekvat cəzalandırılmayıblar. Təsəvvür edin ki, bu adamların barələrində Azərbaycan Respublikası adından hökm çıxarılıb. Həmin hökmlə cinayətkar elan olunublar və əmlakları müsadirə edilib. Cəzanı tam çəkməmiş, heç yarısını çəkməmiş azadlığa çıxıblar. Digər korrupsioner məmurlar da cinayətkar elan olunan bu adamların rahat, komfortlu həyat yaşadıqlarına baxıb düşünürlər ki, onlar kimi olmaq lazımdır”.

Əkrəm Həsənov deyib ki, Azərbaycanda 1993-cü ildə qəbul olunmuş və hələ də qüvvədə olan “Varidata təminatın verilməsi haqqında” Konstitusiya qanunu var: “Həmin qanuna görə, heç kimdən əmlakını haradan əldən etdiyi soruşula bilməz. Digər tərəfdən də 2005-ci ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" BMT konvensiyasına qoşulmuşuq və elə həmin ildə də eyniadlı qanun qəbul etmişik.

Məmurlar tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi haqqında qanuna görə, ilin əvvəlində hər bir məmur özünün və onunla birgə yaşayan ailə üzvlərinin əmlakı, hətta borcları haqda bəyannamə təqdim etməlidir. Amma həmin bəyannamə formasını Nazirlər Kabineti təsdiq etməli idi, hansı ki, ötən 20 ildə bunu etməyib. Buna görə də heç bir məmur onun və qohumlarının əmlakının mənbəyi haqda hesabat vermir”.

Əkrəm Həsənov qeyd edib ki, eyni zamanda Azərbaycanda daşınmaz əmlakın dövlət reyestri, kommersiya hüquqi şəxslərin dövlət reyestri qapalıdır, amma bütün sivil dünyada məmurların bu məlumatları açıqdır: “Belə şəraitdə istənilən məmur özünün, yaxud ailə üzvünün əmlakı haqqında məlumat verməyə məcbur deyil. Bu məntiqlə onlar bu gün deyir ki, "bu, ailə üzvlərimizindir, onlar ki, cinayət etməyib, mən etmişəm cinayəti, onların əmlakına toxuna bilməzsiniz. Amma adi vətəndaşa münasibətdə bu qanun işləmir, məmurlar, məhkəmələr, icra məmurları, hüquq-mühafizə orqanları tutub vətəndaşın əmlakını da əlindən alırlar, evini də sökürlər".

Qeyd edək ki, Alimpaşa Məmmədov həbs olunandan sonra real bazar dəyəri 10 milyon manat qiymətləndirilmiş əmlakları ortaya çıxmışdı. Onların sırasında “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi (bazar dəyəri 8 milyon 270 min manat) “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklar (bazar dəyəri 1 milyon 335 min manat) Bakı şəhərində yerləşən iki mənzil (bazar dəyəri 676 min manat) vardı.  Alimpaşa Məmmədov dəyəri milyonlarla manat olan əmlakları çox cüzi, simvolik qiymətlərə öz oğlunun adına olan şirkətlərə satıb. O, vəzifəsindən sui-istifadə edərək Şəmkir rayonu Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarının oğlu Adil Adilzadə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını təşkil edib. Bundan əlavə, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarının oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib. “Azfarel” adlı fermasından ildə külli miqdarda qazanc əldə edən icra başçısını kabinetində tapmaq olmurmuş. Alimpaşa Məmmədovun günü özünə aid qızıl balıq fermasında keçirmiş. Hətta onun forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurub. Balıq təsərrüfatının ucbatından Şəmkirin Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı sudan içməli olub. Sakinlərin isə bu şikayətinə məhəl qoyan olmayıb.

Məlumat üçün bildirək ki, “Azfarel” MMC balıqyetişdirmə təsərrüfatı əhəmiyyətinə görə regionun ən mühüm müəssisələrdən biridir. İstehsal gücünə, perspektiv inkişaf imkanlarına görə Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi hesab olunur. “Azfarel” MMC Şəmkirçay Su Anbarının sahilində yerləşir. Qafqazda analoqu olmayan  bu müəssisə 6 hektar ərazidə yaradılıb. Müəssisədə ilkin mərhələdə ildə 3 min ton 14 növ farel balığı üzrə qırmızı və qara kürü də daxil olmaqla, 42 çeşiddə məhsul istehsal edilib. Sonrakı mərhələdə istehsal 10 min tondan 30 minə çatdırılıb.

Alimpaşa Məmmədov  Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR