İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alimentə görə qadınlar ailə dağıdır” iddiasına hüquq müdafiəçisindən SƏRT CAVAB

"Bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir".

Bunu deputat Razi Nurullayev bu gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, ona müraciətlərin 10/8-də boşanmaq istəyən qadınlar olur:

"Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Düşünürəm ki, aliment fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər qanunvericiliklə cəzalandırılmalıdır".

Qeyd edək ki, Razi Nurullayevin bu fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

NOVELLA.jpg (37 KB)

Məsələ ilə bağlı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a danışıb:

"Son vaxtlar Milli Məclisdə qadınlar haqqında neqativ fikirlər səsləndirilir. Biz çox istərdik ki, bu məsələlərə bir az daha həssas yanaşılsın və geniş araşdırmalar aparılsın. Bizim təşkilat 30 ildir fəaliyyət göstərir, bu illər ərzində minlərlə qadın bizə müraciət edib. Onların çoxu aliment ala bilməyən və uşağını görə bilməyən qadınlardır.

Təsəvvür edin, bəzi kişilər aliment ödəməmək üçün məhkəməyə müraciət edir və bildirir ki, qadının işi, evi, yaşayış şəraiti yoxdur, ona görə də uşaqlar onun yanında qala bilməz. Nəticədə uşaqlar anadan alınır. Bu hallar getdikcə artır.

Milli Məclisdə müzakirələr aparılacaqsa, əsas sual bu olmalıdır: Qadınlar niyə boşanmağa məcbur qalır?

Həqiqətənmi bir qadın yaxşı həyatını, ailəsini qoyub yalnız aliment almaq üçün boşanır? Qadınlar zorakılığa məruz qaldıqları üçün, ailədaxili problemlər səbəbilə boşanır, alimentə görə yox!

Bəzən deyirlər ki, "qadınlar alimentə görə boşanır".

Aliment nə qədərdir ki, bir qadın ailəsini dağıtsın?

Hazırda aliment 235 manatdır. Yəni düşünürlər ki, 235 manata görə qadınlarımız həyatlarını puç edib, ailələrini dağıdırlar? Üstəlik, kişilər indi aliment ödəyə bilirlər? Nə qədər kişi hazırda aliment ödəmədiyinə görə axtarışdadır və ya inzibati qaydada həbs olunub, cinayət məsuliyyətinə cəlb edilib.

Beləliklə, biz bu məsələlərə ciddi yanaşmalı, boşanmaların əsl səbəblərini araşdırmalıyıq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR