İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəməyə şərt irəli sürən sabiq generalın şikayətinə baxılacaq

Mövlam Şıxəliyev və onunla birgə həbs edilənlər cinayət yolu ilə əldə etdikləri milyonluq əmlaklarından vaz keçmək istəmirlər

Yanvarın 10-da Ali Məhkəmənin cinayət kollegiyasında hakim Nazim Mövsümovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və onunla birgə məhkum olunmuş idarənin şöbə rəisləri - Sahib Ələkbərov, Yasin Məmmədov, Vüsal Ələkbərovun barələrindəki qərardan kasasiya şikayəti üzrə iclas təyin olunub. Hər 4 şəxs kasasiya şikayətlərində barələrindəki hökmün ləğv olunmasını, onlara bəraət verilməsini, müsadirəyə götürülmüş əmlaklarının geri qaytarılmasını tələb ediblər.

“Yeni Müsavat” xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsinin qərarından prokuror və iş üzrə zərərçəkənlər də narazıdır. Prokuror Mövlam Şıxəliyevin xüsusi müsadirəyə götürülmüş, yaxınlarının adına olan və aşağı məhkəmə instansiyalarında geri qaytarılan əmlaklarının da tam olaraq müsadirə edilməsi barədə qərar çıxarılmasını tələb edir. Zərərçəkənlər də protestin təmin edilməsi ilə yanaşı kasasiya şikayətlərində yazırlar ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma onlara qarşı törədilən cinayətlərə münasibətdə daha yüngül cəzalar təyin olunub. Onlar məhkəmədən xahiş edirlər ki, Mövlam Şıxəliyev və digər 3 məhkuma daha ağır cəzalar təyin olunması barədə qərar çıxarsın.

Mövlam Şıxəliyevin şikayətinə Bakı Apellyasiya Məhkəməsi bu tarixdə  baxacaq...

Mövlam Şıxəliyev 

Ötən ilin oktyabrında Mövlam Şıxəliyev və dəstəsinin digər üzvlərinin şikayəti üzrə Ali Məhkəmədə iclas keçirilib. Lakin Mövlam Şıxəliyev Ali Məhkəmədəki iclasa gəlməyib. Məhkəməyə məktub göndərib və iclasda iştirakı üçün şərtinin olduğunu qeyd edib. Yazıb ki,  hazırda saxlanıldığı 9 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülmədən, birbaşa Cəzaçəkmə Müəssisəsindən məhkəməyə gətiriləcəyi halda iclasda iştirak edə bilər. Əks halda kasasiya şikayətinə onun iştirakı olmadan baxılmasını xahiş edib.

Qanunda belə bir prosedur qayda müəyyən edilmədiyindən Mövlam Şıxəliyevin şərti qəbul edilməyib. İclasda şikayət verən sabiq MTN-çilərdən yalnız Sahib Ələkbərov iştirak edib. Onun vəkili Vüsal Orucov kasasiya şikayətinə əlavə təqdim etməsi və  tərəflərə göndərilməsi səbəbi ilə iclas baş tutmamışdı. 

İclasdan sonra kasasiya şikayətinə əlavə ilə tanış olan Qulam Bağırov “Yeni Müsavat”a demişdi ki, məhkum Sahib Ələkbərov dövlət başçısının sərəncamının geri oxunmasını istəyir.

Onun dediklərindən sitat: 

“Sahib Ələkbərov şikayətinə əlavəsində yazır ki, geri alınmış polkovnik rütbəsi, orden və medalları ona qaytarılmalıdır. Əlbəttə ki, absurd yanaşmadır. Sahib Ələkbərov mənə və digər Azərbaycan vətəndaşlarına qarşı törətdiyi cinayətlərini deyəsən unudub. Yadından çıxıbsa, yadına salıram. Məni, heç bir günahı olmayan Azərbaycan vətəndaşını saxta, heç bir əsasının olmaması Bakı Hərbi Məhkəməsinin hökmü ilə də təsdiqlənmiş bir ittihamla həbsə aldılar. Milli Təhlükəsizlik Nazirliyinin (ləğv olunmuş) İstintaq Təcridxanasında çox ağır şərtlərdə saxlamaqla ailəmdən şantajla külli miqdarda pul tələb etdilər. Mən faktiki olaraq girovluqda ola-ola ailəmin yaşadığı evi, maşınımı, yaxın qohumlarımın qızıl-zinət əşyalarını satdırmışdılar. Tələb etdikləri məbləğ düzəlmədiyindən, üstəlik ailəmə borc da aldırmışdılar ki, istədikləri məbləği ala bilsinlər. 33 gün qanunsuz olaraq girovluqda saxladıqdan sonra tələb etdikləri pulu Sahib Ələkbərov şəxsən qardaşımdan almışdı. Məni də digər zərərçəkmişlər kimi eyni məzmunlu, saxta xəstəlik tarixçəsi ilə girovluqdan azad etmişdilər. Sahib Ələkbərov belə bir cinayəti mütəşəkkil cinayətkar quldur dəstənin üzvü olmaqla törədib. İndi də Ali Məhkəməyə belə gülünc bir əlavə kasasiya şikayəti verib və rütbəsini, orden-medallarını geri tələb edir. Özü haqda fikir formalaşdırır ki, guya dövlətə xidmət edib. Unudub ki, onun üzvü olduğu mütəşəkkil cinayətkar quldur dəstənin serial cinayətlərinə görə dövlət başçısı ümumiyyətlə cinayət yuvasına çevrilmiş MTN-i ləğv edib. Sahib Ələkbərovun məntiqi ilə MTN də bərpa olunmalıdır”.

Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsi ötən ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apelyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı hökm 21 sentyabr 2022-ci ildə, Bakı Hərbi Məhkəməsində çıxarılıb. Həmin hökmə əsasən, 12 il azadlıqdan məhrum olunan Mövlam Şıxəliyevin general-mayor rütbəsi alınması üçün dövlət başçısına təqdimat göndərilib. Bu ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərinin iddiasını təmin edib. Ümumilikdə isə zərərçəkənlər Mövlam Şıxəliyev və hər 3 polkovnikin daha ağır cəzalara məhkum edilmələrini də tələb edirlər.

Elşən MƏMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR