Onlayn ictimai-siyasi qəzet
Həyatda bəzi şeylər var ki, var olduğunu yalnız yoxa çıxanda başa düşürsən. Məsələn, gənclik belə bir zaddır. İnsana elə gəlir həmişə gənc, cavan, gözəl, qoçaq olacaqdır, ona görə gəncliyin qədir-qiymətini anlamır. Ancaq birdən ayılırsan, görürsən bel bükülüb, baş keçəldir, sifəti də hansısa qəssab doktorda doldurmaq lazımdır. Hələ doktorun bıçağı altından saytlara “Daha biri plastik cərrahda öldü” manşeti vermək ehtimalı da güclüdür.
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun bugünlərdə ləğv edilməsi, həmçinin, eyni kateqoriyaya daxildir. Bunun ləğvi qərarı çıxmasa, mən bizdə qafqazşünaslıq elmi və onun instutunun olduğunu bilmirdim. Var imiş. Hələ 18 nəfər əməkdaşı və deputat Musa Qasımlı yoldaşdan ibarət direktoru da olmuşdur. (Musa müəllim keçən ilin sentyabrınacan, düz 9 il bu elmi idarənin təpəsində oturmuşdur).
Bəs indən belə qafqazşünaslığımızın axırı necə olacaq? Yoxsa ta Qafqazı öyrənmək lazım deyil?
29 sentyabrda bələdiyyə seçkiləri olmalıdır. Bax, bu seçki elan edilməsə, bələdiyyə də heç kimin yadına düşmürdü. Şanlı hökumətimiz bələdiyyəni elə vəziyyətə salıb, artıq ölüsü də yükdür. Nə basdıra bilirik, nə leşini sürüyüb atmağa dərə var. Hara tullasan, iyi gələcək. Cəmdək çox çürümüşdür.
Yeri gəlmişkən, bilmirəm hörmətli oxucularımız bu detala fikir veribmi, verməmisinizsə, təzədən gedib baxa bilərsiniz: bütün seçki təbliğatı lövhələrindəki hazırkı mənzərə, respublikanın hər yerində bir-birinin surəti, kopyasıdır. Sanki inkubator sexindən çıxıblar. (Yəqin buna görə son günlər yumurtanın qiymətində və bazarlara tədarükündə ziqzaqvari hərəkətlər baş verir: bələdiyyəni “basdırırlar”, altına yumurta qoyuruq. İnşallah, falların çoxu lax çıxmaz). Lövhələrdə ilk yerdə, sol yuxarı küncdə YAP namizədlərinin kiçik, eyni ölçülü fotoları 1 plakatda verilir. Daha sonra “müstəqil” və qeyri-namizədlərin plakatları gəlir. Məncə YAP təvazökarlıq edir, öz namizədlərinin böyük fotolarını vurmur, xaqın gözünə soxmaq istəmir. Buna görə bütün zəhmətkeşlərimiz YAP-a dərin minnətdarlıq edir, hamısına ərazidə 1 sot torpaq (1 kvadrat metr də olar) arzulayırıq. Lakin əsas maraqlı, diqqət çəkən detal bu deyil. Maraqlı olan namizədlərin hər hansı vədinin, şüarının olmamağıdır! Sanki biz bunlara yalnız qəşəng şəkillərinə, al yanaq, şaftalı buxaq, şeşə bığ, nə bilim, ala göz, küftə dodaq, püstə qulaqlarına görə səs verməliyik. Şüar, vəd, plan, bələdiyyənin gələcəyi, keçmişə baxış, məhəlləyə naxış, ağaca yağış və sairə hanı? Mən bu seçki kampaniyasında Bakıda heç bir rayonda seçki plakatında vəd, şüar görmədim. Analoqu olmayan seçkidir. Böyük ehtimalla, növbəti bələdiyyə seçkisində namizədlərin heç şəkli də lövhəyə vurulmayacaq. Eləcə, adlarının baş hərfi yazılacaq. Nə ehtiyac var ki... Xalq kimin kim olduğunu bilir.
Bu arada ən təəccüblü xəbər gömrük sistemindən gəlmişdir. Deyirlər mətin tamojna işçilərimiz oktyabr ayından bəri maaş almırlar, rəhbərliyə etirazlarını çatdırıblar və sairə. Guya keçən il gömrük yığımı planı lazımınca yerinə yetirilməyib, ona görə rəhbərlik işçilərə maaş vermir. Ancaq inandırıcı deyil, çünki keçən ilin yekunlarına aid hesabatda gömrük yığımlarının artıqlamasilə olduğu göstərilmişdi.
Bəs burada diqqəti çəkən, qeyri-adi, möcüzəvi olan nədir? Odur ki, biz gömrükçülərə üstəlik maaş da verildiyini bilmirdik! Fantastikadır.
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ