İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif İslamzadə 39 ildən sonra səhnədə: “Təsadüflərə inanmıram, amma bu, bir nişanədir”

Mayın 13-də Heydər Əliyev Sarayında Azərbaycan estradasının əfsanəvi siması Akif İslamzadənin “Ötən günlərim” adlı yaradıcılıq gecəsi keçirilib.

Musavat.com bildirir ki, konsertdə Akif İslamzadənin ən məşhur mahnıları müasir dövrün tanınmış sənətçilərinin ifasında səslənib.

Səhnəyə çıxanlar arasında Xalq artisti Eyyub Yaqubov, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, Arzu Əliyeva, tanınmış caz musiqiçisi Emil Əfrasiyab, müğənni Sevda Ələkbərzadə, Elnarə Xəlilova, xanəndə Səbinə Ərəbli, eləcə də məşhur “Qaya” və “Rast” qrupları və digər ifaçılar olub.

Onlar Akif İslamzadənin vaxtilə səsləndirdiyi, amma bu gün də ürəklərdə yaşayan hitlərini yenidən təqdim ediblər.

Əməkdar artistlər Arzu Əliyeva və Lalə Məmmədova əfsanəvi sənətkarla virtual duet şəklində mahnılar səsləndiriblər.

Konsertin sonunda Akif İslamzadə səhnəyə çıxaraq gecənin təşkilinə töhfə verən hər kəsə təşəkkürünü bildirib.

O, çıxışında duyğulu fikirlərini bu sözlərlə ifadə edib:

“39 ildən sonra yenidən səhnədəyəm. Ən gözəl anlarım, ən dəyərli dəqiqələrim musiqiçilərlə, sənət dostlarımla birgə keçib. Elə bir yaşa çatmışam ki, artıq təsadüflərə inanmıram. Əgər dünyada təsadüflər olsaydı, kainatın, həyatın bütün nizamı pozulardı.

Mən inanıram ki, hər şeyin bir mənası, nişanəsi var. Bu konsertin məhz Heydər Əliyev Sarayında keçirilməsi də həmin nişanələrdən biridir”.

Xatırladaq ki, Akif İslamzadə “Bu gecə”, “Ötən günlərim”, “Alagözlüm”, “Sarı gəlin”, “Bura Vətəndir!” mahnıları ilə məşhurlaşıb. 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

Dəfələrlə Prezidentin fərdi təqaüdünə layiq görülən Akif İslamzadə 14 avqust 2023-cü ildə İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Xalidə Gəray
Foto və video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR