Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın peyk telekanalı “Baku TV” paytaxtımızdakı bir binanı reportajında “casus evi” adlandırıb. İndi həmin evin yiyəsi - Rusiyanın “Rus evi” dövlət təşkilatının müdiri Yevgeni Primakov telekanalı məhkəmə ilə hədələyir. Axırı necə olacaq, kim birinci, el dilində desək, “zadnı skorus”a verəcək, məni maraqlandırmır. Məni müdirin ad-famili düşündürdü. Yəqin çoxunuza tanış gəldi.
Bu yoldaş kimdir? Söz vaxtına çəkər, bu tip vaxtilə Sovet İttifaqında rəhbər vəzifə tutmuş, sonra SSRİ dağılanda Rusiyada kəşfiyyat idarəsinin-zadın (yəni bunlarda casusluq nəsillikcədir - Z.H.) şefi olmuş adaşı Yevgeni Primakovun dost-doğma nəvəsidir. Babanın adını, sanki matah şəxsiyyət imiş kimi, nəvəyə qoymuşlar.
Baba Primakov Azərbaycan xalqına pislik etmiş, onun qəddar düşmənlərindən biridir. 1990-cı ilin yanvarında SSRİ-nin müdiri Qorbaçov Azərbaycanda, Bakıda vəziyyəti araşdırmaq üçün Primakovun rəhbərliyi altında komissiya qayırmışdı, göndərmişdi Bakıya. Yanvarın 10-dan 18-nə kimi bu komissiya Bakıda sülənib Qorbaçova məsləhət görmüşdü: ordu yeridilməlidir. Nəticəsini bilirsiniz: qanlı “20 Yanvar” faciəsi. Bayaq ona görə mən bu mürtəd adaşların adını “söz vaxtına çəkər” ifadəsi ilə xatırlatdım.
Faciəni araşdırmaq üçün Azərbaycanda yaradılan rəsmi komissiyanın günahkarlar siyahısında da başda Qorbaçov, Yazov (SSRİ müdafiə naziri), Bakatin (SSRİ daxili işlər naziri) və başqaları olmaqla, Primakovun adı var idi. Lakin sonradan səbəbi izah edilmədən Primakovun adı oradan çıxarıldı. Bəlkə də 90-cı illərdə, həmin siyahı hazırlanan anda Rusiyada dövlət vəzifələri tutduğunu nəzərə almışdılar.
Bütün hallarda, əgər babasının adını vaxtında düz qoysaydıq, indi nəvəsi üstümüzə mırıldanmazdı. Sözgəlişi, baba-Primakovdan tək bizim zəhləmiz getmirdi. Bu adam hələ 1970-80-ci illərdə Orta Doğu, Əfqanıstan, Asiyanın başqa regionlarında araqarışdıran, KGB agenti, nifaq dağarcığı kimi ad “qazanmışdı”. Məsələn, Türkiyə əleyhinə PKK terrorçu kürd qurumunun təşkilində Primakov aktiv iştirak edib. İraqın şimalındakı kürdləri separatçılığa sürükləyib. Əfqanıstana ordu yeritməyi Brejnevə məhz Primakov təklif edib və sairə - gorbagorun barmaq soxmadığı yer qalmamışdı. O cümlədən 90-larda rus demokratları da Primakova nifrət edir, onu “dinozavr qalığı”, “naftalinli kommunist” adlandırırdılar.
Və maraqlıdır ki, hazırda nəvə Primakov o yolu getməyə çalışır. Məsələn, bunu da Qərb ölkələri sanksiya siyahısına salıblar, sivil dünya üzünə bağlıdır. Ukrayna əleyhinə fəaliyyətləri üzündən.
Yadımdan çıxmamış... 4-5 il qabaq Bakı Slavyan Universitetində rektor Nurlana Əliyevanın təşəbbüsü ilə “Yevgeni Primakovun xatirəsinə həsr edilən esse yarışması” keçirilmişdi, böyük skandal qopmuşdu. Sən də deyirsən casus evi elə gəldi, 20 yanvar belə getdi... Bizə bu belə azdır. Nəvə Jenya niyə dil uzatmasın? Haqqı var. Üstümüz unludur. Daha doğrusu, qanlı... O qədər sarınmamış yaralarımız var ki...
Bir də ki hər şey, o cümlədən, dövlətçilik siyasəti paritet əsaslarla aparılmalıdır. Bərabərlik prinsipi ilə. Balanslı şəkildə. Xarici siyasətimizin təməlində bu durur. Əgər indiyə qədər Bakıda ABŞ-ın, Fransanın, İranın “casus evləri” aşkara çıxarılıb, yaylım atəşi ilə susdurulmuşsa, niyə oxşar taleyi Rusiya casusları yaşamasın? Yoxsa amerikalı, iranlı, firəng casuslar bizdən inciyər. Biz hamıya eyni gözlə baxırıq, baxmalıyıq.
Özümüzə də belə yaxşıdır - balans pozulanda, eyni gözlə baxmayanda göz çaşır, qazan aşır. Primakov əfv ediləcəksə, USAİD də qayıtmalıdır. Metro boyayan fransız azad edilməlidir.
Hətta ağayi Ocaqnejada da dəvətnamə göndərə bilərik. Lap istəsə gəmiylə gəlsin.
31 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ