Onlayn ictimai-siyasi qəzet
Azyaşlıları arzuolunmaz xarakterə salan GMO qidalardır?
Son zamanlar məktəblilər, xüsusən də yeniyetmələr arasında artan aqressiya cəmiyyəti qorxuya salır. Bir-birinə qarşı ən qəddar cəzalandırma üsullarından istifadə edən, bunu paylaşan, başqalarını da buna təşviq edən yeniyetmələrin psixikasında nə baş verir? Onlar hansı formada bir uşaqlıq travması yaşayıblar? Bunun izləri başqalarına qarşı şiddət şəklində özünü göstərir?
Psixoloq Nilufər İsmayılova bildirir ki, aqressiya özünü müxtəlif formalarda göstərir. Mahiyyətinin izahına gəlincə, aqressiya özü ilə rəftardan narazı olan adamın kobud davranışlarla etirazını büruzə verməsidir. Yəni sözlə yox, kobudluqla, hərəkət və səs reaksiyaları ilə cavabdır. Eyni zamanda aqressiya problemi yaşayan uşaqlar xoşlarına gəlməyən və etirazlarına səbəb olan məsələ barədə danışmaz, onu etiraf etməzlər. Çünki onlar bu qənaətdədirlər ki, onsuz da mənə əhəmiyyət verilmir. Bəs aqressiya uşaqlarda özünü necə büruzə verir? Psixoloqun sözlərinə görə, əksər hallarda belə uşaqlar qaydalara əməl etməkdən imtina edirlər. Bilə-bilə ətrafdakılan, xüsusilə də böyüklərin əsəbləri ilə oynayırlar. Daha çox qisasçı olur, sevmədikləri davranışlara görə qisas almağa üstünlük verirlər. Paxıllıq etməyə meyilli, küsəyən olur və onlara elə gəlir ki, həmişə haqlıdırlar.
Nilufər İsmayılova
Bir uşaq niyə aqressiv olsun ki? Şiddətə məruz qaldığı, şiddət xarakterli oyunlar oynadığı, yoxsa... hansı səbəbdən? N.İsmayılovanın sözlərinə görə, ilk olaraq bu, genetik xüsusiyyət sayılır. Genetik xüsusiyyətlər deyəndə nəyi nəzərdə tuturuq? Bu, hər şeydən öncə nəsildən-nəslə sinir sistemi vasitəsilə ötürülən xüsusiyyətlərdir. Aqressiv uşaqlarda sinir sistemi güclü, qıcıqlanmaya meyilli və hərəkətli olur. Bu, uşağın sosial davranışına təsir edə bilər. Aqressiyanın digər səbəbi ailə mühitidir. Tutaq ki, ailədə valideynlər tez-tez münaqişə yaşayırlar və ya uşağa qarşı fiziki güc tətbiq olunur. Yaxud da böyüklər tərəfindən uşağın vahid tərbiyə sistemi yoxdur. Baba və nənə nəvəni ərköyün böyüdür, valideynlər uşağı, ümumiyyətlə, diqqətdən kənarda qoyur.
Yaxın qohumun rəhmətə getməsi, yaşayış, təhsil yerinin dəyişilməsi kimi hallar da uşaqda aqressiya hissini gücləndirə bilir. Bəzən uşaqların yaxın çevrəsi onları özündən kənarlaşdırır, kobud rəftar edir. Bu halda uşaq bəzən bilərəkdən, bəzən də bilməyərəkdən özünü o çevrədə təsdiqləmək üçün oxşar davranış nümayiş etdirir.
Hesab edək ki, uşaq çox aqressivdir - qarşısına gələni cəzalandırır, aqressiv davranır, ipə-sapa yatmır. Onunla necə davranmalı?
Psixoloq bildirir ki, ilk növbədə uşağın aqressivliyinin səbəbini araşdırmaq lazımdır: “Bəzi hallarda uşaq müəyyən situasiyalardan sonra aqressiv olur. Ola bilər ki, uşağı danlayanda özünüz də bilmədən onun şəxsiyyətini alçaldan sözlər işlədirsiniz. Və ya elə tərzdə danışırsınız ki, uşaq sizdə özünə nifrət hiss edir. Yaxud da təsəvvür edək ki, məktəbdə uşağı yaşıdları ələ salır. Bu halda mütləq uşaqla davranışı dəyişmək lazımdır. Eyni zamanda məktəbdə baş verənlərlə maraqlanıb, münasibətləri tənzimləmək istiqamətində addımlar atılmalıdır. Aqressiyanın təzahür formalarından biri də uşağın valideyni təkrarlaması kimi özünü büruzə verir. Məsələn, nə zamansa valideyn əsəbi olub uşağın yanında hansısa qabı yerə vurub sındırırsa, uşaq aqressiyadan xilas olmaq üçün eyni cür davranır. Bu halda müəyyən diplomatik və ya yumoristik yolla bu münasibəti tənzimləmək lazımdır. Yəni bu dəfə gülməli və zərərsiz bir jestə ehtiyac olur”.
Təbii ki, uşaqlar qarşısında qoyduğumuz qadağalar, “olmaz”lar. Psixoloqlar hesab edir ki, uşaqlara qadağa qoyulanda izahat da verilməlidir: “Uşaq "niyə?" sualını verəndə, “mən belə istəyirəm”, “belə olacaq” və sair kimi ümumi cavablar verirlər. Uşaq özünün və istəklərinin nəzərə alınmadığı qənaətinə gəlir ki, bu da onu son dərəcə aqressiv edir".
Uşaqlar özlərinə qarşı yetəri qədər diqqət görmədikdə, gözlədiyi sevgiyə nail ola bilmədikdə aqressiv davranışlar sərgiləyərək diqqətləri öz üstlərinə çəkməyə çalışırlar, çünki diqqət çəkməyin başqa yolunu bilmirlər. Buna görə də valideynlər uşaqların hissləri və yaşadıqları barədə onlarla danışmalı, onları dinləməyi bacarmalıdır.
Ailə üzvlərinin bir-birinə və uşaqlara olan münasibəti birbaşa uşaqların davranışına təsir göstərir.
Daha bir iddia isə insanlarımızı hər gün dükan-bazardan aldıqları GMO (Genetik Modifikasiya Olunmuş) məhsullarının aqressivləşdirməsidir. Belə ki, orqanizmə ziyanlı olması dəfələrlə sübut edilmiş bu məhsulların psixikanı da sıradan çıxardığı sübut edilib.
Məsələn, heyvanlar üzərində aparılan araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn, Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib.
Avstriya Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların verildiyi siçanların üç dörd nəsil sonra çoxalma qabiliyyətlərini itirdikləri aşkarlanıb.
Müstəqil araşdırmalara görə, GMO məhsulların antibiotiklərə qarşı müqavimət yaratdığı, allergiya, orqanlarda kiçilmə, qanın biyokimyasında pozulma, sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb.
Hazırladı: Sevinc TELMANQIZI
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ