Onlayn ictimai-siyasi qəzet
Gürcülər toy-bayram içindədir, Avropa Komissiyası bu ölkənin Avropa İttifaqına üzvlüyünə namizədliyini təklif edib; Abxaziya və Cənubi Osetiya problemi olan Gürcüstan təşkilata necə qəbul ediləcək?
Gürcülər az qala toy-bayram içindədir. İki gün öncə məlum olub ki, Avropa Komissiyası bu ölkənin Avropa İttifaqı (Aİ) üzvlüyünə namizədliyini təklif edib. “Yeni Müsavat” bildirir ki, bu barədə baş nazir İrakli Qaribaşvili bəyan edib.
“Gürcüstanın Avropa İttifaqına üzvlüyü üçün lazım olan islahatları davam etdirirəm”. Gürcüstanın prezidenti Salome Zurabaşvili deyib. O, Avropa Komissiyasının Gürcüstana Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə etməsini alqışlayıb: “Mən Gürcüstan xalqı ilə fəxr edirəm. Öz rolumu oynamağa davam edəcəm”. Zurabişvili hesab edir ki, Gürcüstan, Ukrayna və Moldova eyni vaxtda Aİ-yə üzv olacaq. “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək. Bunun 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini bilmirəm, amma... Biz Moldova, Ukrayna və Gürcüstan üçlüyüyük və bu üçlüyü yaratmışıq”, - prezident bildirib.
Onun sözlərinə görə, rəsmi Tiflis Avropa Komissiyasından tövsiyə alıb, lakin, bu hələ Avropa İttifaqı tərəfindən təsdiqlənməyib. “Eyni zamanda Gürcüstanda bu məsələ ilə bağlı sorğu keçirilib, Avropa İttifaqının tərəfdarlarının sayı 80%-dən 85%-ə yüksəlib, dəqiq sayı yadımda deyil, amma əksəriyyət soruşanda ki, "niyə", rifah və iqtisadi inkişafdan üstün tutduqları təhlükəsizlik naminə deyirlər. Elə bir hiss var ki, qarşı tərəfdə olanda müdafiə olunursan, mütləq hərbi mənada deyil. Belə bir hiss var ki, siz qarşı tərəfdə olanda Rusiya nəsə etməyə cəsarət etməyəcək”, - deyə Gürcüstan prezidenti bildirib.
Həmçinin Gürcüstanın baş naziri İrakli Qaribaşvili də qərara münasibət bildirib. O, buna görə Aİ-yə təşəkkür edib: “Biz dəstəyə görə minnətdarıq. Avropa İttifaqına tam hüquqlu üzvü olmaq üçün işlərimizi davam etdirməkdən məmnunuq”. Həmçinin Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili qeyd edib ki, bu, qərar Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda həyata keçirdiyi işlərin təzahürüdür: “Biz gücümüzü, birliyimizi və Avropa dəyərlərinə sadiqliyimizi birlikdə nümayiş etdirmişik”. Nazirin sözlərinə görə, Gürcüstanın Aİ-yə üzvlüyü ilə bağlı yekun qərar bu ilin dekabrında qəbul olunacaq.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel Gürcüstanın Aİ-yə inteqrasiyası məsələsi ilə bağlı danışıb: “Avropa İttifaqı Gürcüstanın yanındadır və biz bu ölkənin gələcəkdə Avropa Birliyinə üzv olacağına şübhə etmirik”. Ancaq bu da var ki, Gürcüstanın iki bölgəsi - Abxaziya və Cənubi Osetiya hələ də Rusiyanın işğalı altındadır. O zaman Gürcüstan təşkilata hansı ərazi ilə üzv qəbul ediləcək? Bu, Avropa İttifaqı ilə Rusiya arasında gərginliyə gətirməz ki? O da məlumdur ki, Aİ-yə üzvlük bir qayda olaraq, NATO-ya üzvlüyü də tezləşdirəcək. Konkret olaraq Azərbaycan üçün bu perspektivin nə kimi müsbət-mənfi təsirləri ola bilər? Avropa İttifaqının üzvü olan ölkə ilə qonşuluq Azərbaycan üçün nə demək?
Murad Sadəddinov
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanın Aİ üzvlüyünə qəbulunda siyasi-iqtisadi maraqlar yox, daha çox bu ölkəni təsir altında saxlamaq, Rusiyanın, Türkiyənin, Azərbaycanın isə təsir imkanlarını məhdudlaşdırmaq niyyəti güdülür. Onun sözlərinə görə, bu proses Gürcüstanın yenidən böyük güclərin toqquşma meydanına çevrilməsi istiqamətində zəmin yaradır. Politoloq hesab edir ki, Gürcüstanın Avropa İttifaqına üzv kimi namizədliyinin irəli sürülməsi regionda strateji mübarizəni dərinləşdirəcək: “Gürcüstanın təhlükəsizliyini təmin edən Türkiyə və Azərbaycandır. Yəni birgə təlimlər keçirilib, tədbirlər təşkil olunub. Avropanın təminatı nə ilə nəticələnəcək? Saakaşvili dövründə Qərb hansı dəstəyi təmin edə bilmişdi? Deyəsən, biz yenə köhnə oyunların davamını görməkdəyik. Sadəcə, indiki Gürcüstan iqtidarı əvvəlki kimi Avropa İttifaqının təsiri altına düşməyəcək. İndidən nəyisə proqnozlaşdırmaq absurd olardı, sadəcə, Avropa Birliyinin kəşfiyyat xarakterli regiona daxil olmaq cəhdləri müşahidə edilir. Bunu Ermənistan və Gürcüstan üzərindən etməyə çalışırlar. Amma bölgəyə təsir olan ölkələrin - Rusiya, Türkiyə və Azərbaycana mənfi təsirləri olacaq, Qərb özü problemlə üzləşəcək. Digər tərəfdən isə mən Avropa İttifaqının səmimi olduğuna inanmıram”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu Gürcüstanın Avroatlantik məkana insteqrasiyasını Azərbaycan üçün əhəmiyyətli sayır. Onun fikrincə, Gürcüstan tranzit ölkədir və Azərbaycanın enerji məhsullarının Avropaya daşınmasında mühüm rol oynayır. X.Teyyublunun sözlərinə görə, qonşuluğumuzda Aİ üzvü olan bir ölkənin varlığı, üstəlik, Azərbaycana dost bir dövlətin qəbul edilməsi müsbət hal kimi dəyərləndirilməlidir: “İqtisadi cəhətdən, gömrük məsələləri baxımdan, eləcə də neft-qaz sarıdan müsbət tərəflərini iqtisadçılar daha detallı izah edə bilərlər. Amma qonşuluqda bir ölkənin Avropa ailəsinə üzv olması, orada demokratiyanın inkişafı bizə də, ətrafa da təsir edəcək. İstər-istəməz demokratiya küləkləri qonşuluqda əsdikcə, mehini biz də hiss edəcəyik. Bu da məsələnin pozitiv yönüdür. Eyni zamanda turizm baxımdan bizə təsirləri qaçılmazdır. Siyasi-strateji baxımdan isə problemlər meydana gələ bilər. Amma Qaribaşvili hökuməti çalışır ki, balans tam pozulmasın, ox əyilməsin. Yəni həm Rusiya ilə yola getməlidir, həm də Qərbə inteqrasiyanı ağrısız keçməlidir”. Hüquq müdafiəçisi ərazisi işğal edilmiş Gürcüstanın üzvlük məsələsinin uzana biləcəyini də istisna etmir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ