İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Gürcüstana qarşı “vor zakon”larla “birləşdi”

“Gürcü Arzusu”nun Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsi viza rejiminin ləğvinə gətirib çıxara bilər ki, bu da ən çox həmin ölkələrə sığınan kriminal qruplaşmaların maraqlarına ziddir

Ola bilməz ki, gürcülərin tam əksəriyyəti Azərbaycanın bəzi ağıldankəm müxalifət liderləri kimi düşünsünlər. O mənada ki, guya onlar hamıdan ağıllı, millətsevən, dövlətçidirlər, hakimiyyət isə əksinə nə dövləti, nə milləti düşünür. Amma başda səlahiyyət müddətinin bitməsinə sayılı günlər qalmış Fransa vətəndaşı, Qərb agenturası ilə əlaqələri istisna edilməyən prezident Zurabişvili də elə düşünürlər ki, Gürcüstanın xilası müxalifətin hakimiyyətə gəlməsindədir, Avropa Birliyinə üzvlükdə, Rusiya ilə düşmənçilikdədir. Belə məhz axsaq düşüncəliləri biz də bu illər ərzində çox gördük.

Avropa Parlamentinin Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayan qətnamə qəbul edəndən sonra bu ölkədəki aksiyaların itaətsizliyə çevrilməsi də gözlənilən ssenari idi. Rusiya kəşfiyyatı hələ seçkidən əvvəl Qərbin Gürcüstanda inqilab ssenariləri hazırladığın xəbərdarlığını etmişdi. Qərb gördü ki, ötən seçkilərdəki kimi müxalifətin etiraz hərəkatı heç bir nəticə vermir, boykota baxmayaraq, parlamentin işinə başlamasına da əngəl qalmır, yeni hökumət də formalaşır, o səbəbdən “odun üstünə benzin” atmaq qərarına gəldi. Avropa Parlamentinin qərarında qeyd olunur ki, Avropa İttifaqına namizəd ölkə olan Gürcüstanda keçirilən parlament seçkiləri qeyri-şəffaf keçirilib. “Bu da ölkədə demokratiyanın uzun müddət boğulmasının növbəti təzahürüdür. Buna görə də bütün məsuliyyəti hakim "Gürcü Arzusu” Partiyası daşıyır”, – bəyanatda deyilir.

Avropa Parlamenti hesab edir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi səsvermənin nəticələri gürcü xalqının iradəsini etibarlı əks etdirmir. Buna görə də yaxın bir il ərzində, beynəlxalq nəzarət altında yenidən seçki keçirilməldir. Bu, faktiki ölkədə legitim hakimiyyəti tanımamaq və üsyana çağırışdır. Bundan əvvəlki seçkilərdə də eyni ssenari baş vermişdi, küçələrə Avropa İttifaqının bayraqları ilə çıxanlar qanuni seçilmiş hakimiyyəti istefaya göndərməyə çalışdılar, amma faydası olmadı.

Avropa İttifaqı neçə vaxtdır “Gürcü Arzu” nu açıq şantaj edir- seçkilərin nəticələrinə təsir etmək üçün maddi dəstəyi, vizasız gediş-gəlişin ləğvi ilə qorxudur. İyrənc siyasətdir. Rusiya belə özünə bu cür davranışı yaraşdırmır. Bir vaxtlar ən sadiq vassalı olan, indi isə elə həm də Avropa İttifaqının da göstərişi ilə Rusiyaya “asi kəsilən” Ermənistana belə, Kreml hakimiyyəti bu cür aşağı üsullarla təhdid etməyib. Avropa Birliyi isə bunu ayladır edir, həm də təkcə onu demirlər ki, hakimiyyətdəki filankəsləri Avropaya buraxmayacağıq, əslində gürcü xalqını şantaj edirlər, həm də bu mövzuda həssaslıqlarını bilərək bu spekulyasını davam etdirirlər. Ona görə də “Gürcü Arzusu” Avropa Birliyi ilə danışıqları 2028-ci ilədək dondurulmasına qərar verdi ki, bu münasibəti onlara göstərməsinlər.

Gürcüstan Xarici İşlər Nazirliyinin 50-yə qədər əməkdaşı hökumətin Avropaya inteqrasiyanı dondurmaq qərarına qarşı bəyanat yayıb. Bu həm də o deməkdir ki, Qərb bu illər ərzində bekar oturmayıb, diplomatik korpusla iş aparıb. Yadınıza salın, Aİ-də işləmiş bir Azərbaycan diplomatını hakimiyyətə qarşı necə “müxalifət” hazırlamışdılar... Ona görə Avropa İttifaqı ilə inteqrasiya kursundan “taym-aut” qərarı Gürcüstan hakimiyyətinə asan başa gəlməyə də bilər.

İndi Tiflis küçələrində və paytaxta yaxın regionlarda baş verən etiraz aksiyalarının sadə gürcülərin sosial vəziyyətlərindən narazılığın da nə dərəcədə təsiri var, Bakıda oturub onu söyləmək çətindir. Gürcüstanın xüsusi təbii ehtiyatları yoxdur, əsas qazancı turizmdən və ölkədən keçən tranzit enerjidaşıyıcıları kəmərlərindəndir, bir də dəniz limanlarıdır. Amma o da faktdır ki, “Gürcü Arzusu”nu Rusiya ilə separat danışıqlarda, Qərb dəyərlərindən uzaqlaşmaqda suçlasalar da, onları korrupsiyada, dəbdəbəli yaşamaqda, dövlət büdcəsini oğurluqda ittiham etmirlər, yəqin bu faktlar olsaydı, heç seçkidə əksəriyyətin səsini almazdılar.

Avropa İttifaqına üzvlük vədini adi gürcülər üçün cəlbedici edən səbəblər var, o sırada demokratik dəyərlər əsas sırada yer almır. Avropa İttifaqı ölkələri ilə vizasız rejim Gürcüstan vətəndaşlarına iş, pul qazanmaq şansını tanıyır. Amma gürcülərin heç də hamısı məhz işləmək üçün Avropaya üz tutmur. Avropa ölkələrinin birində yaşayan diaspora rəhbəri hələ yayda bu barədə söhbətimizdə deyirdi ki, Gürcüstanla viza rejiminin ləğvi Avropa İttifaqı ölkələrinə əlavə problemlər yaradıb. Xüsusilə mütəşəkkil cinayətkarlığa meylli gürcü dəstələri- bu sırada Rusiyadan qovulan “qanuni oğrular”da var- Avropada cinayətlərin sayının artmasına səbəb olub. “Gürcü Arzusu”nun Avropa İttifaqı ilə münasibətlərinin gərginləşməsi, viza rejiminin ləğvinə gətirib çıxara bilər ki, bu da ən çox bu cür qruplaşmaların maraqlarına ziddir. Üstəlik, Gürcüstanda da bu cür kriminallar barədə sərt qanunlar var, geri qayıtmaq da təhlükəlidir. Ona görə istisna deyil ki, Qazaxıstanda Nazarbayevə qarşı silahlı qiyam zamanı olduğu kimi kriminallar anti-hökumət aksiyalarınıın təşkilinə ən azı maddi dəstək versinlər. Amma təbii ki, əsas gürcü xalqının iradəsidir...

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR