İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamın "köhlən at"ları "şir"lərə qarşı

“Qarabağ”ın “Lion”u məğlub etməsi möcüzə sayılmayacaq”

Bu gün Azərbaycanın futboldakı qürur yeri olan “Qarabağ”ımız tarixinin növbəti vacib oyununa çıxır. Ağdam təmsilçisinin Avropa Liqasının 5-ci turundakı rəqibi Fransanın ən güclü və köklü klublarından sayılan “Lion”dur. Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Təmsilçimiz üçün bu görüşdə qalib gəlmək mütləqdir. Əks təqdirdə Avropa Liqasının ilk 24-lüyünə düşmək imkanları möcüzələrə qalacaq. Heç-heçə də “Qarabağ”a sərf etmir.

“Çox keyfiyyətli bir komandaya qarşı oynayacağıq. Bizim üçün çox vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, diqqətli olaq. Azarkeşlərimizi sevindirməyi çox istəyirik”.

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

“Lion”un oyunlarına baxmışıq, təhlil etmişik. Bu oyunda komandamızda kimin meydanda olması bizim üçün bəllidir. Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirmək istəyirik. Amma istənilən rəqibin üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. "Lion"un üstün keyfiyyətini nəzərə alaraq detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya yox, oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq. Çox keyfiyyətli komanda ilə qarşılaşacağıq. Rəqib haqda çox danışmaq istəmirəm. Bizim isə ən böyük gücümüz kollektiv oyuna üstünlük verməyimizdir. Həm hücumda, həm də müdafiə xəttində belədir. Çünki, bu gün komponentlərə baxsaq, "Lion" bizdən üstün görünür. Daha yaxşı liqada oynayır, daha böyük klubdur. Amma bizim Avropada böyük təcrübəmiz var. Bundan istifadə edərək, belə komandalara qarşı düzgün oynamağa çalışmışıq. Kollektiv şəkildə çalışacağıq ki, lazım olan nəticə üçün meydanda ən doğrusunu edək.

"Qarabağ"ın futbolçusu Yassin Benzia bu matç haqqında fikirlərini bölüşüb. 30 yaşlı yarımmüdafiəçi görüşdən əvvəl təşkil olunan mətbuat konfransında bu barədə danışıb.

O, sabiq klubuna qarşı oyunu maraqla gözlədiyini söyləyib: “Mənim üçün əvvəllər oynadığım "Lion"la qarşılaşmaq çox maraqlı olacaq. İndi isə "Qarabağ"da çıxış edirəm. Əlbəttə ki, əvvəlki "Lion"la hazırkı komanda arasında çox böyük fərq var. O vaxt komanda yüksək performans göstərirdi. "Lion" indi də yüksək səviyəli komandadır. Bu, mənim üçün çox vacib oyundur".

Fransada doğulan və Əlcəzair millisinin üzvü olan Benzia görüşdə bütün bacarıqlarından istifadə etməyə çalışacaqlarını deyib:

“Qarabağ” adını daşımaq bizim üçün xüsusi məna kəsb edir. Biz bu adı doğrultmağa çalışırıq. “Qarabağ” sözünün xüsusi mahiyyəti odur ki, komanda müharibə ilə əlaqədar Bakıda yerləşib. Biz bütün bacarıqlarımızdan istifadə etməliyik. "Lion"u tərk etdikdən sonra artıq 2 və ya 4-cü dəfədir ki, bu komandaya qarşı oynayıram".

Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl qarşılaşma ərəfəsində klubun saytına açıqlama verib.

1690392634_1689933636_3748596.jpg (39 KB)

O bildirib ki, "Qarabağ" meydana növbəti qələbəni qazanmaq üçün çıxacaq: “Azərbaycanı illərdir Avropada layiqincə təmsil edən “Qarabağ” bu həftə növbəti oyununu keçirəcək. Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçuya malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Bodo Qlimt”ə qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. Komandamız Norveçdə olduğu kimi, yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücü ilə mübarizə aparacaq".

Klub rəhbəri hədəfin növbəti mərhələyə yüksəlmək olduğunu vuruğulayıb:

"Qarşıda dörd oyunumuz var. Bunlardan birincisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə keçmək üçün daha bir addım atacağıq”.

Tanınmış idman yazarı Natiq Muxtarlı “Lion” nə qədər güclü görünsə də, onu “Qarabağ” məğlub edəcəyi halda bunun möcüzə olmayacağını qeyd etdi:

natiq-muxtarli.jpg (30 KB)

“Lion”la oyun “Qarabağ” üçün pley-offa vəsiqə qazanmaq baxımından olduqca əhəmiyyətlidir. Bu oyunda əldə ediləcək 3 xal şansı yetərincə artıracaq. “Lion” hazırda yaxşı formadadır. Baxmayaraq ki, komandanın maliyyə sarıdan böyük çətinlikləri var. Ola bilsin ki, bu problemi həll etmək üçün “Lion” qışda xeyli futbolçusunu satacaq. Artıq nəhənglər diqqətini bu komandaya yönəldib. Heyətdə 70-100 milyon dəyərində olan futbolçular var. Və onlar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar. Böyük ehtimalla, “Lion” Bakıda da əsas heyətlə oynayacaq. Çünki qazanılan hər qələbə onlara pul gətirir. Belə durumda “Qarabağ”ın qalib gəlmək şansı varmı? Əlbəttə var. Amma əvvəlki oyunlardakı səhvlər olmasa. Nə idi o səhvlər? Birincisi, ələ düşən imkanlardan yararlana bilməməkdir. Bu problem “Bodo Qlimit”lə oyunda qismən həllini tapdı. “Qarabağ” Norveçdə parlaq oyun göstərməsə də, qalib gəldi. Niyə? Ona görə ki, yaratdığı imkanlardan yararlandı. Əvəzində “Bodo Qlimit” xeyli imkandan yararlana bilmədi.

Deməli, bu, vacib məqamdır: imkandan yararlana bilməyən komanda yaxşı oynasa da, məğlub olur. Bu baxımdan, “Qarabağ”ın hücumçuları ələ düşəcək imkanlardan maksimum yararlanmalıdırlar. İkinci əsas məqam isə “Qarabağ”ın azlıqda qalıb-qalmayacağıdır. Az qala hər oyunda qırmızı vərəqə alır, “Qarabağ”ın futbolçuları. Avropa Liqası Azərbaycan çempionatı deyil. Azərbaycan çempionatında “Qarabağ” rəqiblərinə 9 nəfərlə də qalib gələ bilər. Amma Avropa oyunlarında fərqli situasiyadır. Orada yüksək səviyyəli komandalar oynayır. Azlıqda qalsan, qalib gəlmək şansın xeyli azalır. “Qarabağ”ın zədəli futbolçuları artıq sıraya qayıdıb. Onların hansı formada olması da həlledici amildir. Ümid edək ki, yığmanın düşərgəsindən qayıdan oyunçular da fiziki cəhətdən tam hazır olacaqlar. Yəni bu tip oyunlar üçün bir çox amillər önəmli sayılmalıdır. Bu məqamlarla bağlı problem olmasa, “Qarabağ”ın “Lion”u məğlub etməsi möcüzə sayılmayacaq. Bu oyunda qazanılacaq 3 xal isə “köhlən atlar”ı pley-offa gedən yola çıxara bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR