Onlayn ictimai-siyasi qəzet
Ağadadaş Ağayevin xalq artisti olmasına fokuslanıb iyulun 22-də baş vermiş kriminal janrında olan olayı çözələməyin heç bir mənası yoxdur.
Guya Ağadadaşın xalq artisti olaraq kiməsə balta atması xalqın xətrinə dəyib, çünki bu müğənnin adının qarşısında xalq sözü var, xalq artisti nümunə olmalıdır və sairə... Mən gizlətmirəm, heç bilmirdim ki, müğənni xalq artisti imiş. Nə fərqi var ki, xalq artstidir və ya əməkdar. Onun titulunun Ağadadaşın tutduğu işin və ya başına gələn olayın mahiyyətinə heç bir dəxli yoxdur.
Uzun illər indi hadisənin baş verdiyi “Büsat”ın bir addımlığında yaşamışam, müğənnin də həmin obyektdə dəfələrlə oxuyan görmüşəm. Zamanında “Ağadadışın restoranı” kimi çox məşhur idi, imkanlılar daha çox toy edirdilər. İndi mərasim evidir, təbii ki, daha Ağadadaş orada oxumur, deyəsən, icarəyə verib. İndi belə çox böyük olmayan obyektdə ancaq mərasim olar...
Ağadadaş bizim orta məktəb illərinin-ilk sevgilərimizi vəsf edən müğənni idi, kasetlərini əl-əl gəzərdik. İndi də ara-sıra yenə yutubda tapıb dinləyənlər çoxdur. İndiki gənclər ona çətin ki, qulaq assın, son illər isə xəstəliyi səbəbindən daha oxumur deyəsən. Yəni deməyim odur ki, Ağadadaş bu ölkənin əksər adamlarına yad deyil. Onun xalq artisti adını boş verin, o ad altında balta atan ilk dəfə Ağadadaş oldu, amma bir çoxları səhnədə təəssüf ki, abır-həyalarını da atırlar, amma bu da şəxsən mənə təsir etmir, çünki onların etdiklərinin xalqa nə dəxli var ki? Mixail Yefremov da Rusiyanın xalq artistidir, uzun müddətdir ki, həbsdədir, nə qədər yaxşı rollar oynaya bilərdi, amma o da qəza törədib, adam öldürüb...
Sosial şəbəkələr bu gün yəqin ki, qaynayıb, belə məişət zəminli olaylar yayın istisində göydəndüşmə mövzudur, hərə bir söz, bir qınaq, bir qulp, bir dəstək çıxışı mütləq edəcəkdir. Deputat, xalq artisti, şair, skripka ifaçısı, oxuyan və sairə mövqe bildirəcək...
Mən sırf “kriminal azarkeşliyindən” hadisəyə fikir bildirməyə qərar verdim. Əvvəl dava səhnəsinə baxdım. Şərhsiz, filansız... Kim səhv, kim düzdür, belə lal videodan qərar vermək çətindir. Amma hücum edən, müdafiə olunan, sonra hücum edənin müdafiə olmasından, sonra ümumiyyətlə müdafəsiz qalmasından bəzi nəticələr çıxarmaq olardı. Onu yazmayacağam, bu, necə deyərlər “istintaq sirridir”. Amma məsələn, Ağadadaşın niyə bıçaq və ya digər kəsici-deşici və ya çomaq, ağac, beysbol ağacı deyil, məhz balta ilə silahlanıb mühafizəçinin üzərinə gəlməsi maraqlı gəldi. Yəni bu mühafizəçi nə deyib ki, onun üzərinə məhz birbaşa balta ilə gəlib ki? Balta zəhmətkeş xalqa yad alət deyil, amma şəhər yerində qonşudan gedib qaz açarı istəsən təəccüblənməz, amma “qonşu, baltanı ver” desən, təəccüblənər. Həm də bina evində. Kriminala gəlsək, bir az da dərinə getsək, balta ağır alətdir, onu üzərində nəinki yayda, heç qışda da gəzdirmək, gizlətmək çətindir. Ağadadaşın baltası videoda balaca görünür, yəni həyət baltasındam çox, yeyib-içəndə quzunu doğramaq üçün istifadə edilən kiçikçaplı ev baltasına oxşayır. Görünür, qəzəblənmiş müğənnin ilk gözünə sataşan məhz evdəki balta olub. Amma ölçüsündən asılı olmayaraq, çox təhlükəli alətdir və onu silah kimi nəinki insana atmaq, hətta müğənnin vaxtilə oxuduğu mahnıda olduğu kimi “30 min ördəyə, qaza” qarşı da istifadə etmək olmaz. Üstəlik, onunla kiminsə qanını tökmək üçün ictimai yerdə apaçilər kimi atmaq ağıllı adamın işi deyil, lap açığı axmaq hərəkətdir.
Ağadadaşın baltanı uzaqdan atması onu deməyə əsas verir ki, mühafizəçini necə deyərlər, baltalamağa gücü çatmayacağını bilib. Ya da onu sadəcə, qorxutmaq istəyib. Həm də xalqın artisti adını daşıyan müğənni ayaqyalındır. Adam bir neçə halda ayaqyalın küçəyə çıxa bilər. Məsələn, zəlzələ olanda, ya yanğında, ya da kimsə səni qovalayanda ayaqqabını çıxarırsan ki, bərk qaçasan. Ağadadaş Ağayev isə göründüyü kimi, ev geyimindədir və onu qovalayan yoxdur, əksinə o kimisə qovalamaq üçüb gəlir, amma sonra özü qaçmalı olur, sonra yıxılır və sairə...
Rəsmi məlumata görə, Ağadadaş Ağayev və mühafizəçi barədə cinayət işi açılıb. Ortada aşkar cinayət əməli var, amma şükür ki, ölüm-itim yoxdur. Yaralanan qadına da Allah kömək olsun. Bu əmələ görə Ağadadaş Ağayevə başqa maddə də verə bilərlər (əgər mühafizəçi şikayətçi olsa) amma barışsalar yaxşıdır. Xalq öz artistinin həbsə düşməsini istəməz. Xalqımız sağ olsun...
Nazim SABİROĞLU,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ