İnsanlara hürriyət, millətlərə istiqlal!

Affekt durumunun əfvi – Gerçək zərərçəkənlərlə araqarışdıranları ayırmaq gərəkdir

İki ay əvvəl bir yaxın qohumun başına pis iş gəlib: öz avtomobili ilə şəhərətrafı yaşayış məntəqələrinin birində, işıqlandırılmayan yolda, dükandan çıxıb qarşı tərəfə keçən ortayaşlı bir kişini vurub, ağır xəsarət yetirib.

Gənc adam başına ilk dəfə gələn bu işdən özünü itirib şoka düşsə də, yaralını xəstəxanaya çatdırıb, həkimlərə yalvar-yaxar edib ki, onu ölməyə qoymasınlar, amma xeyri olmayıb, kişi aldığı xəsarətdən vəfat edib. Hazırda iş məhkəmədədir, vəfat edən kişinin əzizləri təsadüfi və faciəvi qəzaya görə şikayətçi deyillər, qohum isə özünü bağışlaya bilmir, hələ də depressiyadadır.

Bu hekayətdə vurğu salmaq istədiyim bir məqam var. Bunu mənə sürücünün özü danışıb. Deyir ki, xəstəxananın dəhlizində intizarla həkimlərdən xəbər gözlədiyi vaxt xəsarət alan kişinin onunla təxminən həmyaşıd olan oğlu gəlib çıxıb və atasını kimin vurduğunu bilən kimi onun üstünə hücum edib. “Hücum edib” ümumi sözdür, atası vurulmuş oğlan qohumumu əməlli-başlı şillə-təpiyin altına salıb. Bu isə ona heç bir müqavimət göstərməyib, eləcə, sifətini qorumağa çalışıb. Özü deyir ki, əslində iki zərbə o vuranda, birini də mən vura bilərdim, amma günahkar idim deyə heç nə etmədim, gözlədim ki, döysün, hirsi soyusun.

Təbii ki, hadisə yerinə polislər də gəlib və döyülmüş sürücüdən üzünə nə olduğunu soruşublar, amma o, ona xəsarət yetirən oğlana qarşı ifadə verməyib. Çünki sürücünün oğlanın atasına yetirdiyi xəsarətlə, oğlanın sürücüyə yetirdiyi xəsarət eyni şey deyil. O tərəfdə həyatını itirən var, bu tərəfdə alnı sıyrılan.

Ölümlə bitən qəzalarda bu adi haldır, həlak olanın qohumları hadisə yerinə gələn kimi qəza törədən sürücünü amansızcasına döyürlər, hətta araya girən, harayçılıq edən olmasa, adamın meyidini asfalta, vurduğu adamın cəsədinin yanına döşəyərlər. Bu üzdəndir ki, ölümlə nəticələnən qəzalarda sürücü yaralanmayıbsa, qaçmaq imkanı varsa, qaçıb aradan çıxır, bilir ki, ölən(lər)in hiddətlənmiş qohumları ona ağır xəsarət yetirəcəklər. Sonradan onlar təhqiqat aparan müstəntiqlərin “hadisə yerindən niyə qaçdın” sualına belə cavab verirlər: “Qorxdum ki, ölənin qohumları gəlib məni döyüb öldürəcəklər”.

Bu cür hiddətlənmələr də təbiidir. Bir müddət öncə ayrıldığın sap-sağlam əzizinin xəbəri gəlir ki, o, artıq həyatda yoxdur, kiminsə məsuliyyətsizliyinin, səhlənkarlığının güdazına gedib. Kim hiddətlənməz? Kimin başı çönməz?

Xüsusilə də qəzada həlak olanlar azyaşlı uşaqlardırsa, təkcə onların valideynlərinin yox, başqa yaxınlarının da affekt vəziyyətinə düşməsi təbiidir. Bu halda onlar qəzaya səbəb olan sürücünü əzişdirə, maşınını aşıra, hətta yandıra da bilərlər. Affekt vəziyyətlərində belə olur, ağıl, şüur arxa plana keçir, insanı emosiya, qəzəb idarə edir. Bu, müvəqqəti dəlilik halıdır. Belə vəziyyətdə insanlar törətdikləri əməllər üçün nə özlərinə hesabat verirlər, nə də nəticələrini düşünürlər, əməllərinin hansısa qanunun tələblərinə zidd olub-olmamasının da fərqində olmurlar.

İmişlidə baş verən faciəvi qəzayla bağlı yaranmış durum da aşağı-yuxarı belədir. Əzizlərini itirmiş insanlar hiddətləniblər və əndazələrini aşıblar. İlk başda onların hərəkətləri nə yol polisinə, nə də dövlət qulluqçusuna qarşı yönəlməyib, sırf qətl törətmiş sürücüyə yönəlib. Əgər həmin sürücü YPX əməkdaşı yox, xalqın sevimli sənətkarı və ya 44 günlük müharibənin gerçək qəhrəmanlarından biri olsaydı, onu da əzişdirmək, maşınını aşırmaq istəyəcəkdilər.

Ancaq kimlərsə bu qəzadan, faciədən, hiddətlənmiş insanların qəzəbindən sui-istifadə etmək, hiddət və nifrətin məcrasını dəyişmək, başqa ünvana yönəltmək üçün istifadə edibsə, bu, başqa məsələdir.

Hər halda humanizm prinsipləri əsas götürülməlidir, insanların hiddətinin səbəbini anlamaq lazımdır. Bəziləri yüz faiz xoşagəlməz əməlləri törədərkən anlaqlı vəziyyətdə olmayıblar.

Epizodik xarakter daşımış hiddət partlamasına görə çoxşaxəli istintaq-təhqiqat hərəkətləri aparmaq, saxlanılanların üzərində uzun çəkən məhkəmə prosesi qurmağa ehtiyac yoxdur. Üzrlü səbəbdən hiddətlənmiş şəxslərlə situasiyadan sui-istifadə edən təxribatçıları bir-birindən dəqiq ayırmaq lazımdır.

Ümumiyyətlə, nəzərə almaq gərəkdir ki, bir məmura qarşı yol verilmiş qanunsuz hərəkət ilk növbədə həmin məmurun özünün fəaliyyətinə qarşıdır, onun mərkəzi hakimiyyətə dəxli yoxdur. Tutaq ki, tamahkar, söyüşcül, özünü firon kimi aparan bir İH başçısına şillə vururlarsa, bu, onun öz hərəkətlərinin cavabıdır. Məsələyə belə yanaşmaq, şillə yediyi üçün onun özünü cəzalandırmaq lazımdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR