Onlayn ictimai-siyasi qəzet
Vaqif Səmədoğlunun hələ uzaq 1987-ci ildə səhnəyə qoyulmuş “Yaşıl eynəkli adam” pyesində yaddaqalan epizodlardan biri aerobika səhnəsiydi. Cahangir Zeynalov və Telman Adıgözəlovun oynadığı həmin səhnədə sanki son “Evroviziya” yarışmasına göndərdiyimiz nümayəndə heyətinin çıxışı əks olunub.
Tamaşada bir qrup yarıçılpaq qadın rəqsə hazırlaşırdı, rejissor isə öz köməkçisinə etiraz edir, deyirdi gərək aerobika milli olsun. Sitat: “Bu qızların əlinə səhəng ver, başlarına kəlağayı bağla” və sairə.
İsveçə göndərdiyimiz biabırçı heyət də ora özü ilə saz aparmışdı. Arada danqıldatmaqla, guya milli musiqi sənətimizi göstərirdilər. Ancaq yarıfinalda 7 xalla axırıncı yeri tutub qayıtdılar. Heç bir vokal imkanları olmayan bu “manısları” kim seçib ora Azərbaycan adıyla göndərib? Maraqlıdır. Pis çıxmasın, bizdə səsi olmayan xalq artistləri də var, söhbət eləyib pullarını qazanırlar. Elə onlardan göndərərdiniz, yanbızlarını oynadıb “Verdim getdi” deyibən Avropanı fəth edərdilər. Yoxsa bu nə biabırçılıqdır? Hər sahədə zəfər qazandığımız epoxada artıq neçə ildir “Evrovizyon” manıs yarışını uduzuruq. Bu siyasətin səbəbi nədir?
Maraqlıdır ki, ora yalnız erkəklərdən ibarət duetlər, triolar, kvartetlər göndərməyə başlamışıq. Guya bununla müsəlmançılığımız, milli dəyərlərimiz nümayiş edilir. Həmin yarışmada öz ana dilində mahnı oxuyanlar çox olur. Lakin bizimkilərə nədənsə ancaq ingiliscə oxudurlar. Niyə? Bəlkə manısın əlinə anlayışı olmadığı saz, tar-filan verib qabağa itələməkdənsə (“mən tək, kontrabasda?”), elə öz dilimizdə oxuyan şəxslər göndərəsiniz? Əks halda, muğam festivalı, caz festivalı-filan nə üçün keçirilir?
Yanlış anlaşılmasın, mən orada qalib gəlməyimizi qəti istəmirəm, çünki paytaxtda camaat onsuz zülümlə hərəkət edir. Yenə bir sürü manıs toplaşsa, qalacağıq küçələrdə. Sadəcə, prosesin prinsipləri mənə maraqlıdır. Bəlkə musiqi yarışına seçimləri də İTV yox, Məzahir müəllimə həvalə edəsiniz? İndiki halda alınmır. Görün neyləyirsiniz.
Təbii, güman edirəm manıslar arasında seçki prosedurlarını yeniləməklə sənətkarlarımız rəncidə edilməz. Axı kövrək insanlar yetişibdir. Ən son bir ağsaqqal İmişlidə Georgi lenti və SSRİ bayrağı asdığı üçün tənqidlərə tuş gəlmişdi, bəyanat verildi ki, tənqidin dozasını azaldaq, əks halda, kişi intihar edə bilərmiş.
O qədər kövrək qəlbin varsa, faşizm üzərində qələbə çətindir. Bunun tayları pulemyota sinə gərir, Leninqrad göylərində tarana gedir, nə bilim, Don çayını üzərək keçirdi. Cırlaşma var. Adi TikTok videosuna dözməyən nəsil yetişib. Bir az sərt olun, yoldaşlar. Açığı, mən özüm də indi çox tənqid yaza bilmirəm, qorxuram cızmaqaram ağsaqqalın əlinə keçər, oxuyub özünü Georgi lenti ilə asar.
Hərçənd mövzudan uzaqlaşmaq olmasın, İmişli kimi qaynar bölgədə ağsaqqallıq eləməyin nə qədər çətin olduğu da üzə çıxdı: SSRİ aşiqindən sonra rayon AŞ-yə (Ağsaqqallar Şurasının qısaltmasıdır, indi bizdə Avropa Şurasını bu əvəz edir) sədr qoyulan adam cəmi 1 sutka sonra istefa verdi. 1 gün belə dözmədi! Görün indi Razi Nurullayev orada nə çəkir, hansı şəraitdə deputatlıq mücadiləsi verir. Çox çətindir. O boyda klassik yapçılardan Səyyad Aran 5 min manat maaşla özünə maşın belə ala bilmir! Bəs marketdə 300 manat kassir işlədilən yetimlər nə eləsinlər? (Axırıncı ritorik sualdır, siyasətə qarışmıram).
Mən indi anlayıram ki, niyə bir ara elə Səyyad müəllim deputat kürsüsündən Cahangir Novruzovu vətənə qaytarmağı tələb edirdi. Məqsəd milli aerobikanın inkişafıdır.
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ