Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Türkiyədə 8 658 il həbs cəzasına məhkum edilən cinayətkar təşkilatın rəhbəri Adnan Oktar barəsində yeni məhkəmə prosesi başlayıb.
Məlumata görə, Adnan Oktarın təşkilatçılıq fəaliyyətini həbsxanadan davam etdirdiyi, vəkilləri vasitəsilə təşkilatı yaşatmağa və ifşa olunmuş üzvlərin yerinə yenilərini cəlb etməyə çalışdığı iddiaları ilə bağlı məhkəmə iclası keçirilib.
Adnan Oktar iclasa audio və vizual informasiya sistemi vasitəsilə qatılıb. İclasda həbsdə olmayan 7 müttəhim və onların vəkilləri də iştirak edib.
Məhkəmədə açıqlanan məlumatlara görə, Oktar həbsdə olduğu müddətdə təşkilatın fəaliyyətini idarə etməyə, sosial mediada paylaşımlar vasitəsilə təşkilatın aktivliyini qorumağa və təşkilat üzvlərinə göstərişlər verməyə davam edib. Xüsusilə, Meltem Daban və Ferhunde Eda Babuna adlı şəxslərə təşkilat fəaliyyətini davam etdirmək üçün təlimatlar verdiyi vurğulanıb.
Müttəhimlər Adnan Oktar, Meltem Daban və Ferhunde Eda Babuna barəsində “Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək” maddəsi üzrə 5 ildən 12 ilə qədər həbs cəzası tələb edilib.
Xatırlatma:
Adnan Oktar və onun cinayətkar təşkilatına qarşı İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən 16 noyabr 2022-ci ildə çıxarılan qərarla Oktar ümumilikdə 8 658 il həbs cəzasına məhkum edilib. Bu qərar Oktarın təşkilat rəhbəri kimi digərlərinin cinayətlərindən də məsul tutulması əsasında çıxarılmışdı.
Yeni məhkəmə prosesinin nəticələri ilə bağlı əlavə məlumatlar gözlənilir.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ