İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: XI Qlobal Bakı Forumu sülhə əngəl olanlara dərsdir

“Rəsmi Bakı növbəti dəfə möhtəşəm tədbirə evsahibliyi etdi. Beynəlxalq ictimaiyyətin diqqətlə izlədiyi XI Qlobal Bakı Forumu “Parçalanmış dünyanın bərpası” kimi aktual mövzuya həsr olundu. Forumun mövzuları kifayət qədər vacib məsələlərə həsr edildi, çoxsaylı qonaqların iştirakını və aktual mövzunu nəzərə aldıqda Forumun yeri xüsusidir. Forumu bir neçə rakursdan təhlil etdikdə, müəyyən olunur ki, əsas məqsəd dünyanı parçalayanlara qarşı çıxmaq və parçalanmış dünyanı birləşdirməkdir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini Adil Əliyev səsləndirib.

A.Əliyev Forumla bağlı diqqət çəkən əsas məqamları belə sadalayıb: “Birincisi, Azərbaycanın növbəti dəfə belə bir möhtəşəm tədbirə evsahibliyi etməsi və Forumda iştirak edən qonaqların sayı və müzakirə olunan aktual mövzular ölkəmizin dünya siyasətində aparıcı rolunu göstərir. İstər COVID-19, istərsə də postcovid dövründə ölkəmiz dünyada humanitar təşəbbüslərin sahibi kimi tanındı, xüsusilə peyvənd milliyyətçiliyinə son qoyulması istiqamətində atılan addımlar yüksək qiymətəndirildi. İndi isə ölkəmiz daha bir qlobal problemin həllinə töhfə verməklə məşğuldur və bu sahədə forumlar, müzakirələr keçirir.

İkincisi, Forum sözümüzün dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Məhz Ermənistanı qızışdıraraq növbəti müharibəyə və münaqişəyə sövq edən, sülhün qarşısında əsas əngəl törədən Fransanın simasını beynəlxalq ictimaiyyət bir daha görür. Anlaşılandır ki, məhz Azərbaycanofob, islamofob meyllərin mərkəzi olan bu dövlət və erməni lobbisinin təsiri altında olan təsisatların atdığı qərəzli addımları beynəlxalq ictimaiyyət ciddi şəkildə qınayır.

Üçüncüsü, Prezident İlham Əliyev Forumun açılışındakı çıxışında bir daha artıq keçmişdə qalmış Ermənistanın təcavüz siyasətinə toxunaraq bildirdi ki, Ermənistan hakimiyyətində 2018-ci ildə olan dəyişiklik zamanı qarşı tərəfin beynəlxalq normalar daxilində sülhün mümkünlüyünü və işğala son qoyulacağını bildirməsini ölkəmiz müsbət addım olaraq qiymətləndirmişdi”.

Onun sözlərinə görə, sonrakı müddətdə Ermənistan hakimiyyətinin faktiki olaraq sülh prosesini gündəliyindən çıxarması, eləcə də bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır” deməsi münaqişənin dinc yolla həllini istisna etdi. Belə olduqda Azərbaycan 2020-ci ilin 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatlarının qarşını aldı, 44 gün davam edən Zəfər yürüşü ilə tarixi torpaqlarını birdəfəlik işğaldan azad etdi. Həmin ilin 10 noyabrında kapitulyasiya aktını imzalayan Ermənistan yenə də üzərinə götürdüyü öhdəlikləri icra etmədi, 3 il kimi uzun müddət ərzində təxribatlara, silahlı münaqişələrə davam etdi. Nəticədə, 2023-cü il sentyabrın 19-da 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərqərar olundu. İndi isə aydın görünür ki, Ermənistanı elə məhz müharibəyə, təxribatlara sürükləyən Fransa və digər havadarlarıdır. Bu ölkələrin silahları Ermənistana pulsuz verməsinin əsas məqsədi müharibəni davam etdirmək idi.

Diqqət çəkən dördüncü məqama da toxunan vitse-spiker bildirib ki, Fransa Rusiya-Ukrayna müharibəsində Ukraynaya “dəstək” nümayiş etdirirsə, Azərbaycana öz ərazi bütövlüyünü bərpa, suverenliyini bərqərar etdiyinə görə narazılığını bildirir, bütün mümkün vasitələrlə qərəzini göstərir. Mövqeyini heç cür əsaslandıra bilməməsi ilə yanaşı, bir-birinə ziddiyyətli açıqlamaları ilə ikili standart siyasətini beynəlxalq ictimaiyyətə nümayiş etdirir.

“Dövlət başçısının Forumdakı nitqində azərbaycanlı şairə Xurşidbanu Natəvanın terrora məruz qalmış heykəlinin şəkillərini göstərməsi, dünyanı parcalayanlara, vandallara, barbarlara açıq-aşkar mesaj idi. Abidələrin terrora məruz qalması bizim üçün təəssüf ki, ilk belə hadisə deyil. Torpaqlarımız düşmən işğalından azad edildikdən sonra biz ermənilərin tarixi abidələrə qarşı həyata keçirdiyi vandallığın əyani şahidi olduq. Elə ermənilərin dağıdıcı hərəkətlərinə görə xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırdılar. Torpaqlarımızı işğal altında saxladıqları 30 illik müddətdə sadə dillə desək, daşı-daş üstündə saxlamamış, tarixi abidələri məhv etmiş, 67 məsciddən 65-ni dağıtmaqla və ya tövlə kimi istifadə etməklə bütün inanclılara qarşı mənəvi terror həyata keçirmişlər. Fransada mərhum şairənin abidəsinə qarşı həyata keçirilən mədəni terrorla, ermənilərin etdikləri arasında heç bir fərq yoxdur. Bunun bir adı var – vandallıq”, - o deyib.

“Nəticə etibarı ilə Azərbaycan parçalanmış dünyanı bərpa etməkdə iddialıdır və bunun üçün səylər göstərir, bu səyləri ictimaiyyət bəyənir, dəstəkləyir. Tədbirə 68 ölkədən 400-dən çox qonağın gəlməsinin də əsas səbəbi budur. İndi isə ölkəmizi uğur yollarının davamı gözləyir. Bu il Bakı COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi edəcək. Azərbaycanın istər sülh prosesinə, istərsə də sabitliyə verdiyi dəstək göz qabağındadır. Qarşıdakı əsas hədəflərimiz bütün sahələrdə inkişafa nail olmaq, sülhü-sabitliyi qorumaq, həm də dünyaya töhfə verməkdir”, - A.Əliyev əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR