İnsanlara hürriyət, millətlərə istiqlal!

Adi vətəndaş hərracda necə qalib gələ bilər? - Ekspert AÇIQLADI   

Ədliyyə Nazirliyi ötən ilin sonu Elektron Hərrac Portalını (herrac.gov.az)  istifadəyə verib.

Bu rəqəmsal platformada məhkəmə qərarları ilə müsadirə olunan daşınar və daşınmaz əmlaklar (avtomobil, mənzil, qeyri-yaşayış sahəsi, fərdi evlər və s.) satışa çıxarılır.

Bəs adi vətəndaş hərracda qalib gələ bilərmi?

Musavat.com bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə bu cür şərh bildirib:

"Əvvəllər məhkəmə qərarı ilə borclu hesab olunanların əmlakları hansısa bir qapalı məkanlarda, xüsusi hərrac təşkilatları tərəfindən satışa çıxarılırdı.

İcra məmurları bu cür ixtisaslaşmış hərrac təşkilatlarına sifariş verirdi ki, satılacaq filan əmlak var, təcili hərrac təşkil edin.

Təbii ki, onlar da maraqlı olurdular ki, ancaq qabaqcadan müəyyənləşdirdikləri şəxslər bu hərracda iştirak etsin.

Yəni sui-istifadə üçün münbit şərait vardı. Belə demək mümkünsə, adi bir vətəndaşın bu hərracdan xəbər tutması, iştirak etməsi və hansısa bir qızıl məmulatı, evi, yaxud maşını udması ağlabatan görsənmirdi.

Hətta elə hallar olub ki, bu cür qapalı hərraclarda uduş əldə edən vətəndaşlar  müxtəlif bəhanələrlə əmlakı əldə edə bilməyiblər.

İndi proses necə baş verir?

Ədliyyə Nazirliyi ötən ilin sonu hərraclarla bağlı mühiti tam rəqəmsallaşdırıb, rəqəmsal bir hərrac platforması (herrac.gov.az ) yaradıb.

Hamı üçün bərabər əsaslarla və şəffaf formada hərraclarda iştirak imkanı yaradıb.

Artıq məhkəmənin və digər orqanların qərarı ilə müsadirə olunan bütün əmlaklar yalnız bu hərrac vasitəsilə, rəqəmsal formada satışa çıxarıla bilər.

Auksion formasında satış həyata keçirilir. Hərrac haqqında öncədən ətraflı məlumat verilir və istənilən şəxs, istənilən mərhələdə qoşula bilər.

Vətəndaşlar və hüquqi şəxslər portalda qeydiyyatdan keçməklə şəxsi kabinet formalaşdırırlar.

Qaydalar portalda yerləşdirilib. Hərrac sisteminin iş prinsipi və qaydaları çox sadədir. Adi rəqəmsal savada malik olan istənilən şəxs bu prosesdə iştirak edə bilər. Əlbəttə, bu istiqamətdə maarifləndirməni, rəqəmsal savadlılığı artırmaq da faydaları olardı.

Hərracda adi vətəndaş uduş əldə edə bilərmi?

Düşünürəm ki, şəffaf və ədalətli formada keçirilən herrac.gov.az –da iştirak etməklə və  düzgün yanaşma sərgiləməklə  böyük fayda götürmək olar.

Hərrac iştirakçıları bazar qiymətindən xeyli aşağı nəsə əldə etməklə həm daha uyğun şərtlərlə şəxsi ehtiyaclarını qarşılaya bilər, yaxud da udduğu əmlakı sonradan satışa çıxarmaqla xeyli gəlirlər əldə edə bilər.

Ədliyyə Nazirliyinin rəqəmsal hərrac platforması şəffaflığı, səmərəliliyi və rahatlığı artırmaq baxımından çox faydalı təşəbbüsdür və təqdirəlayiq bir addımdır".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR