Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələrində belə bir qeyri-rəsmi informasiya var ki, Slovakiyanın baş naziri Robert Fitsonun güllə ilə vurulması, onun özüylə yanaşı, Macarıstanın baş naziri Viktor Orbana da xəbərdarlıqdır.
Onların hər ikisinin taleyüklü məsələlərdə Qərbin yanında olmadıqları, Rusiyaya meyli olduqları məlumdur və belə bir ehtimal var ki, Fitsonun vurulması Moskvapərəst olmağın təhlükəli olmasına dair mesajdır.
Keçən ilə qədər bu ehtimalı ciddiyə almaq çətin olardı, ancaq Rusiyadan Almaniyaya qaz daşıyan “Şimal axını” kəmərlərinin Baltik dənizinin dibində partladıqlamsı və bütün şübhələrin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin üzərində qalması (Almaniya, Hollandiya və başqa Avropa ölkələri bu istiqamətdə təhqiqatları dayandırıblar və müəmmalı şəkildə susurlar) göstərir ki, heç nəyi istisna etmək olmaz.
Bəs Viktor Orban kimdir, Qərbdə onu nəyə görə sevmirlər?
61 yaşlı V.Orbanın gəncliyində komsomol katibi olmasını, 1988-ci ildə “Fides” partiyasını yaradanlardan biri olmasını və 1990-cı ildə deputat seçilməsini nəzərə alsaq, demək olar ki, o 45 ildir siyasət meydanındadır.
Orban siyasi arenada 1989-cu ilin iyunundan şöhrət qazanmağa başlayıb. O zaman o, 1958-ci ildə SSRİ-nin sifarişi ilə edam edilmiş İmre Nad və digər macar siyasi xadimlərinin nəşinin yenidən dəfn edilməsi mərasimində alovlu çıxış edib və böyük şöhrət qazanıb. Orban çıxışında Macarıstanda azad seçkilərin keçirilməsini və sovet qoşunlarının ölkədən çıxarılmasını tələb edib.
İndi maraqlıdır ki, 35 il öncə sovet-rus qoşunlarının ölkədən rədd olmasını tələb edən, Moskvaya nifrət dolu hiddət püskürən siyasətçi Qərbdə ruspərəst biri kimi tanınır.
Orbanın siyasi həyatında başqa paradoksal gedişlər də olub. Məsələn, o, 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə edən, Ukraynanı hədələyən Kremlə qarşı çıxıb, bəyanat yayaraq, Rusiyanın Gürcüstana hərbi təcavüzünü pisləyib, bu ölkənin və Ukraynanın mümkün qədər tez NATO-ya qəbul edilməsinə çağırıb.
Bu gün Orban Ukraynanın nəinki NATO-ya, eləcə də Aİ-yə qəbul edilməsinə qarşıdır, onun faciələrinə gz yumur, eyni zamanda Rusiyanın Ukraynaya qarşı etdiklərini haqsız sayır; Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları düzgün saymır, eyni zamanda Krımın ilhaqını dəstəkləmədiyini bəyan edir, ancaq hesab edir ki, Ukrayna Krımın ona qaytarılması tələblərindən əl çəkməlidir. Orban Qərbin Ukraynaya yardımını sabotaj edir, bu zaman öz ölkəsinin mənafeyini güdür, “niyə bizə də yardım edilmir” prizmasından çıxış edir.
Orban xarizmatik siyasi liderdir, seçiciləri ələ almağı bacarır. 1990-cı ildə post-kommunist Macarıstanda keçirilən ilk seçkilərdə Orban parlament üzvü seçilib, daha sonra 1994, 1998, 2002 və 2006-cı illərdə bu nailiyyəti yenidən təkrarlayıb.
1998-ci ildə “Fides” parlament seçkilərində seçicilərin 44 faizinin səsini alaraq qalib gəldikdən sonra Orban hökumət qurub və 35 yaşında ikən müasir Macarıstanın ən gənc baş naziri olub.
Orbanın baş nazirliyi dövründə, 1999-cu ildə Macarıstan Polşa və Çexiya ilə birlikdə rəsmi olaraq NATO-ya qəbul edilib.
2002-ci il seçkilərində Orbanın partiyası məğlub olub və o, istefa verib. Ancaq bu ambisiyalı siyasətçi siyasi arendan getməyi ağlına gətirməyib, 2006-cı il seçkilərində Orban yenidən “Fides”ə rəhbərlik etməyə başlayıb, siyasi fəaliyyətində mühafizəkar ideologiya ilə populist praktikanı birləşdirməyə çalışıb.
2009-cu ildə Orban Slovakiyada yaşayan etnik macarların qarşısında etdiyi çıxışların birində onları Macarıstanın “dövlətqurucu icması” adlandırıb və bu, Slovakiya rəhbərliyində narahatlıq və qorxuya səbəb olub.
2010-cu il parlament seçkilərində Orbanın partiyası qələbə qazanıb və o, yenidən baş nazir postuna yiyələnib. vəzifəsinə təyin edilib.
O vaxtdan bəri Orban və partiyası ard-arda qələbələr qazanır və hakimiyyətlərini möhkəmləndirirlər. Orban müasir Avropanın bir sıra trendlərinə, prioritet saydığı dəyərlərə qarşıdır. Məsələn, o, millətçi çıxışlar edir, Avropada yaşayan macarların konsolidasiyasına çalışır və Macarıstan dövlətinin onları müdafiə etmək haqqına sahib olmağa cəhd edir. Bu, Avropa dövlətlərinin xoşuna gəlmir. Macarıstan mediasında çalışan jurnalistlərdən macar kimliyi və macar icması ideyalarını bölüşmək tələb olunur və bu Avropada qıcıq doğurur. Orban hökuməti qaraçıların həyatını daha da çətinləşdirən bir sıra qanunlar qəbul edib və bu Avropa dövlətlərini narazı salıb. Macarıstanda özünümüdafiə üçün odlu silahdan istifadəyə icazə verilib və bu, qeyri-rəsmi militarist təşkilatları gücləndirib, Avropa narahat olub.
2014-cü ilin yazında Krımın ilhaq olunduğu bir vaxtda o, Rusiya ilə sözləşibmiş kimi, Ukrayna hakimiyyətinə Transkarpatiyada yaşayan etnik macarlara muxtariyyət verilməsi tələbi ilə müraciət edib və Brüssel tərəfindən “Rusiyaya həddən artıq sadiq olmaq”da günahlandırılıb.
Macarıstan parlamenti 30 mart 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq Orban hökumətinin səlahiyyətlərinin qeyri-müəyyən müddətə genişləndirilməsini dəstəkləyib. Qərar Avropa Şurası, BMT və Avropa Parlamenti tərəfindən tənqid edilib.
Bəzi ekspertlər Orban rejimini Bonapartist kimi xarakterizə edir, Orbanın və “Fides” partiyası 2010-cu ildən Macarıstanda “mafiya dövləti” qurduğunu bildirirlər. Ona qarşı avtoritar idarəçiliklə yanaşı, korrupsiya ittihamları da var - əlbəttə ki, xaricdə.
Orban qeyri-qanuni miqrasiyanın əleyhinədir. O, hesab edir ki, qeyri-Avropa ölkələrindən Avropaya immiqrasiya nəzarət altına alınmalı və immiqrantlar kateqoriyalara bölünməlidir.
Bir sözlə, Macarıstanın başağrısı Avropa üçün tez-tez başağrısı yaradır. O hətta İsveçin NATO-ya üzv olmasının təsdiqlənməsini də bacardığı qədər uzatdı, Avropa Birliyindən umduğunu aldıqdan sonra razılıq verdi.
Bir sözlə, o, Avropada ziddiyyətli və populist çıxışlarıyla, daima öz dövlətinin mənafeyini hər şeydən, hətta bəşəri dəyərlərdən üstün tutmasıyla, avtoritar idarəçiliyə meylli olmasıyla tanınır. Eyni zamanda hamı anlayır ki, hazırda ona seçki yolu ilə qalib gəlmək çətindir. Qərb umur ki, Orban daha sakit, mötədil və siyasi xəttində ardıcılı və etibarlı olsun.
Bizim Orbana münasibətimizə gəlincə, Macarıstan Türk Dövlətləri Birliyində müttəfiqimizdir? Azərbaycana yaxın adamdır. Ayrıca o, ermənilərin şər-şəbədəsi nəticəsində çox ağır cəzaya, ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsində oynadığı rola görə xüsusi hörmətə malikdir.
P.S. Viktor Orbanın adının mənası “qalib”dir, soyadının isə orta əsrlərdən gələn iki mənşəyi və anlamı var: “cəngavər” və “canavar”. İkisi də düz gəlir. Çünki o, 37 ildir qalib gəlir və bu gün Avropada öz millətinin haqqı üçün cənavər kimi döyüşür.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ