Onlayn ictimai-siyasi qəzet
“Makler”lər od püskürdü: kirayə ev yoxa çıxsa da, mənzillərin alqı-satqısı iki aydır ki, dayanıb
Yeni dərs ilinin başlamasına təxminən bir ay vaxt qalıb. Bölgələrdən tələbələrin paytaxta axını kirayə evlərə olan tələbatı xeyli artırıb. Digər şəhər və rayonlardan gələnlər adətən “Neftçilər” metrosunun yaxınlığında yerləşən “kirayə bazarı”na baş çəkib, ciblərinə münasib ev axtarırlar. “Makler”lər şirin dillərini işə salıb, tələbələrə kirayə mənzillər vermək üçün dəridən-qabıqdan çıxırlar. Bəs kirayə mənzil bazarında vəziyyət necədir? Tələbələr ev tapa bilirlərmi? Qiymətlər ciblərinə uyğun gəlirmi? Real məlumatlar əldə etmək üçün bazara baş çəkdik.
Evlərin kirayə verilməsi və satışı ilə məşğul olanlar mənzil qıtlığından dad edib “od püskürdülər”. Bildirdilər ki, rayonlardan paytaxta axın artıb deyə kirayə evi gündüzlər çıraqla gəzirlər. Həm özləri, həm də tələbələr çıxılmaz vəziyyətdə qalıblar.
Hətta bunu bir az qaba formada ifadə edən “makler”lər də oldu: “Elə bil ki, Bakı zooparkdır. Hamı bura axışır. Rayon əhalisi əvvəllər yay aylarında gedib, sentyabrda gəlirdi. İndi heç kim yerindən tərpənmir. Buna görə də ciddi qıtlıq var”.
Digər “makler”lə söhbətimizdə öyrəndik ki, “Neftçilər” və “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında bir otaqlı mənzillərin kirayəsi 350 manatdan başlayır. Tələbələr isə ucuz ev tapmaqda çətinlik çəkirlər: “Neçə gündür ev tapa bilmirlər. Mənzillər çox bahadır. Rayonlardan axın çoxdur. Sovet vaxtı yataqxanalar olurdu. Tələbələr ucuz qiymətə gedib orada qala bilirdilər. İndi ondan da məhrum olublar. Həyət evlərini kirayəsini heç tapa bilmirik. Olanlar isə Qaraçuxurda, Əhmədlidə, Keşlədə 200 manata və daha yüksək qiymətə verilir.
Nisbətən normal şəraitli iki otaqlı bina evi 400, 500 manata başa gəlir. Yeni tikililərdə isə kirayə evlər 600-700 manat arasındadır. Vəziyyət sosial partlayışa aparıb çıxarır. Dərman baha, ərzaq baha, əlbəttə bu kirayə evlərin qiymətinə də təsir edəcək".
Ancaq maraqlıdır ki, “makler”lərin sözlərinə görə, kirayə ev yoxa çıxsa da, mənzillərin alqı-satqısı iki aydır ki, dayanıb. Satış tempi sürətlə aşağı düşüb: “Söküntü çoxdur. Ona görə də kirayə mənzillərə tələbat artıb. Ev yiyələrinin ağlına hansı qiymət gəlirsə, onu da qoyurlar. Çörək qazana bilmirik”.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, kirayə mənzil bazarında mənzillərin qıtlığı və qiymətlərin artımı mövsümü xarakter dəyişir. Hər il bununla qarşılaşırlar: “Rayonlardan Bakıya böyük axın olur, tələbələr ev axtarır. Bu da tələbatı artırır. Nəticədə həm mənzil qıtlığı yaranır, həm də bu hal qiymətlərə xüsusi təsir göstərir, artımla nəticələnir.
Qiymətlərin artan templə yüksəldiyini görürük. Bunlar kirayə bazarına da təsirini göstərir. Ofislərin də kirayə qiyməti 10-12 faiz artıb. Bütövlükdə daşınmaz əmlaka olan maraq yüksəlib.
Hazırda Azərbaycanda daşınmaz əmlak az riskli və stabil gəlir gətirə bilən investisiya subyektidir. Bu baxımdan hesab edirəm ki, alqı-satqı qiymətlərində artımı ümumi artım tendensiyası kimi qəbul etməliyik.
Bu proses davam edəcək. Amma sentyabr ayında biz müəyyən stabilləşmə dövrünü müşahidə edəcəyik. Eyni tendensiya Ukrayna və Rusiya arasında müharibə başlayan zaman baş vermişdi. Ölkəmizə çox böyük axın var idi. Bu axın təbii ki, qiymətlərin artımı ilə nəticələnmişdi. COP29 kimi tədbirin astanasındayıq. Bu da qiymətlərə təsir göstərir. İndidən qonaqlar üçün mənzillərin, hotel otaqlarının hazırlanması prosesi gedir. Bunu da artıma təsir kimi qəbul edə bilərik".
Şahanə RƏHİMLİ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ