İnsanlara hürriyət, millətlərə istiqlal!

Acın acımızdır, Türkiyə! -Afaq Məsudun yazısı

Xalq yazıçısı Afaq Məsud qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı düşüncələrini qələmə alaraq, "Acın acımızdır, Türkiyə!" başlıqlı yazı yazıb. Musavat.com həmin yazını təqdim edir.

***

Acın acımız, canın canımızdır, Türkiyə... Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı...

Nə baş verdiyini anlamayan yaralı körpələr... özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr... körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar... həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata... təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr...

Bütün bu mənzərələr, Ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha Sənin yenilməzliyini, Qəlbinin nəhəngliyini, gücünü Allaha, İnsana, həyata olan sonsuz Sevgidən alan Əbədi Qalib Ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi... şərəfli Türk Tarixinin yeni Səhifəsini yazdı...

Sarsılma, ruhdan düşmə, ey bu dünyanın Sarsılmazlıq və Yenilməzlik Abidəsi!

Var ol, Yaşa, Ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!

Afaq Məsud, Xalq yazıçısı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR