Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Abxaziyada son günlər gərginlik artıb.
Hadisələr Rusiya ilə investisiya razılaşması səbəbilə baş verən kütləvi etirazlarla əlaqədardır. Etirazçılar Abxaziyanın parlament binasına hücum edərək razılaşmanın təsdiqini dayandırmağa çalışıblar. Onlar razılaşmanın yerli iqtisadiyyata zərər verəcəyini və Abxaziyanın maraqlarını zəiflətdiyini iddia edirlər. Həmçinin, prezident Aslan Bjaniyanın istefasını tələb edirlər. Polis gözyaşardıcı qaz və duman bombaları ilə müdaxilə edib, nəticədə qarşıdurmada bir neçə insan yaralanıb.
Rusiyanın bu regiona təsirinin artması da geniş narazılıqlara səbəb olub. Yerli əhali arasında Rusiya ilə yaxın əlaqələrə qarşı çıxış edənlər razılaşmanın Abxaziyanın siyasi muxtariyyətinə zərbə vuracağından narahatdır.
Hazırkı vəziyyətdə Rusiya və Abxaziya rəsmiləri vəziyyəti sakitləşdirmək üçün müzakirələr aparsalar da, gərginlik hələ də yüksək olaraq qalır.
Bəs Abxaziyada qarşıdurma gələcəkdə də davam edəcəkmi? Son gərginlik hansı nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, Abxaziya və Cənubi Osetiya Rusiyanın nəzarətində, işğalı altında olmasına baxmayaraq, bölgədə mütəmadi olaraq gərginliklər yaşanır:
“Rusiya bu bölgələri işğal etdikdən sonra onları tam nəzarət altına almaq üçün müxtəlif sazişlər və qərarlar qəbul etməyə başlayıb. Lakin bu, Abxaziyada müəyyən narazılıqlara səbəb olub.
Abxaziyanın ərazisi böyük olmasa da, onun mövcud hakimiyyəti rus iş adamlarının bu torpaqları sərbəst istifadə etməsinə şərait yaradan bir sazişi imzalayıb. Əslində, bu məsələ uzun müddət müzakirə mövzusu olub. Abxaziya hakimiyyəti, böyük ehtimalla, bu sazişin daxili siyasi qüvvələr və ictimaiyyət arasında narazılıq yaradacağını əvvəlcədən bilirdi. Lakin son anda Rusiyanın təzyiqi ilə sazişi imzalamağa məcbur qalıb. Nəticədə bu addım bölgədə ciddi ictimai narazılıq doğurub.
Narazılıq o qədər artıb ki, hazırda insanlar “dırnaqarası prezident” administrasiyası qarşısında etirazlarını ifadə edirlər. Bu vəziyyətin həlli üçün iki əsas yol görünür: ya “dırnaqarası prezident” bu qərarı ləğv etməli, ya da növbədənkənar seçkilər keçirilməlidir. Üçüncü bir həll yolu mövcud deyil.
Eyni zamanda, bəzi şayiələrə görə, etirazçıların Gürcüstana bağlı olduqları və bölgənin yenidən Gürcüstanın nəzarətinə keçməsini istədikləri iddia edilir. Ancaq bu iddialar reallığı tam əks etdirmir. Həm Rusiyanın istəklərini yerinə yetirənlər, həm də bu qərarlara etiraz edənlər əsasən separatçı qüvvələrdir. Aralarındakı mübarizə isə bölgənin idarəsi və resurslardan istifadəyə nəzarət üzərində gedir.
Abxaziya hakimiyyəti Rusiyanın bölgədə təsirini gücləndirməsinə şərait yaradır. Digər tərəfdən, bəzi yerli qüvvələr bu torpaqlar üzərində yalnız özlərinin nəzarət etməsini təmin etmək istəyir. Ortaq yanaşma kimi belə bir fikir formalaşıb ki, Rusiya bölgəni qorusun, lakin daxili işlərə qarışmasın.
Rusiya isə bu əraziləri Gürcüstandan qopartdığına və buna görə Qərbin təzyiqləri ilə üzləşdiyinə əsaslanaraq, bölgədən müəyyən dividendlər əldə etməyi gözləyir. Bu dividendlər Abxaziyanın turizm potensialı və kənd təsərrüfatı resurslarından sərbəst şəkildə istifadəni ehtiva edir. Ancaq bu cür addımlar bölgədəki münaqişəni daha da dərinləşdirir və qarşıdurmalara səbəb olur”.
Xalidə Gəray
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ