İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürməyi təklif edir: Bakı-İrəvan düyününü Vaşinqton açmaq istəyir

Hürriyet Daily News xəbər verir ki, ABŞ Ermənistanla Azərbaycan arasında Zəngəzur dəhlizi üzrə yaranmış siyasi tıxacı aradan qaldırmaq üçün yeni və avantürist təşəbbüslə çıxış edib.

Musavat.com-un hazırladığı məlumata görə, Vaşinqton Zəngəzur dəhlizinin müəyyən hissəsinin 100 il müddətinə ABŞ tərəfindən icarəyə götürülməsi ilə bağlı İrəvana rəsmi təklif verib.

Təklifə əsasən, Ermənistanın Sünik vilayətindən keçən və Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək 32 kilometrlik Zəngəzur dəhlizinin nəqliyyat və təhlükəsizlik infrastrukturuna ABŞ nəzarət edəcək. Hüquqi suverenlik isə Ermənistanın özündə qalacaq. Plan Panama Kanalı modelinə bənzədilir: obyekt Ermənistan torpağında qalacaq, amma idarəçilik beynəlxalq tərəfdaşa həvalə olunacaq.

Hürriyet Daily News yazır ki, Vaşinqton bu addımı Cənubi Qafqazda uzunmüddətli sabitliyi təmin etmək, region ölkələri arasında qarşılıqlı iqtisadi asılılıq yaratmaq və Moskvanın təsir dairəsini zəiflətmək məqsədi ilə atır. ABŞ rəsmiləri hesab edir ki, bu layihənin reallaşması təkcə Bakı-İrəvan xəttində deyil, həm də Orta Asiya–Türkiyə–Avropa nəqliyyat qovşağında yeni mərhələ açacaq.

İrəvan hələlik rəsmi mövqe açıqlamayıb. Lakin hökumətə yaxın dairələr bu təklifi geosiyasi zəmanət kimi dəyərləndirsə də, müxalif qüvvələr və Rusiya yönlü çevrələr bunun suverenliyə təhdid olduğunu bildirir. Ermənistan mediasında bu təşəbbüs “Bakı üçün Amerika pası” kimi təqdim olunur.

Hürriyet Daily News yazır: "Bakı, rəsmi açıqlama verməsə də, Zəngəzur dəhlizinin beynəlxalq statusla və konkret mexanizmlərlə açılmasını uzun illərdir müdafiə edir. ABŞ-ın bu təklifi, Azərbaycanın bu məsələdəki strateji hədəflərinə uyğun gələ bilər".

Ekspertlər bu təşəbbüsün Rusiya sülhməramlıları modelindən fərqli olaraq daha stabil və Qərb yönlü olması ilə diqqət çəkdiyini bildirirlər. Əgər Ermənistan təklifi qəbul etsə, bu, Cənubi Qafqazda ABŞ-ın fiziki və siyasi mövcudluğunu legitimləşdirən ilk böyük layihə olacaq.

Hazırda məsələ Vaşinqton və Brüsseldə yüksək səviyyəli diplomatik kanallarda müzakirə olunur. Ermənistan tərəfinin qərar verməsi üçün bir neçə həftə vaxtı olduğu deyilir.

Mənbə: Hürriyet Daily News

Link: https://www.hurriyetdailynews.com/us-floats-100-year-lease-on-zangezur-corridor-to-break-armenia-azerbaijan-deadlock-211507

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

19 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR