İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yanıltmacı - Sabah seçicilər prezidenti seçəcək seçiciləri secəcəklər

Sabah dünyanın diqqət mərkəzi ABŞ-də olacaq. Ölkədə keçiriləcək prezident seçkilərində 47-ci dövlət başçısı bəlli olacaq. Əsas namizdələr Demokratlar və Respublikaçılar partiyalarının namizədləri Kamala Harris və Donald Trampdır.

Seçkiləri necə təşkil etmək barədə dünyanın müxtəlif ölkələrinə ideya verən ABŞ-nin özünün seçki sistemi mürəkkəbdir. Birbaşa demokratiya normalarının tətbiq edilmədiyi sistemin 200 il ərzində dəyişdirmək üçün Konqresə 50-yə yaxın təklif daxil olub. Lakin bu dəyişiklikləri etmək üçün 3/4 səs çoxluğu toplamaq heç vaxt mümkün olmayıb.

ABŞ tarixən ikipartiyalı sistemə malik olub. Ölkənin siyasi həyatında Demokratlar (1828-ci ildə yaradılmış) və Respublikaçılar (1854-cü ildə yaradılmış) partiyaları üstünlük təşkil edir.

abs-5.jpg (50 KB)

1850-ci illərdən bəri Demokratlar və Respublikaçılar bir-birini əvəz edərək prezident seçkilərində qalib gəliblər və həmçinin Konqresin hər iki palatasına və ştatların qanunverici orqanlarına nəzarət edirlər.
Digər siyasi qüvvələr ölkənin həyatında nəzərəçarpan rol oynamır və geniş ictimaiyyətə az tanınır. Federal səviyyədə 50-dən çox, ştat səviyyəsində isə 230-dan çox milli siyasi birlik var. Onlar “üçüncü” və ya “kiçik” partiyalar kimi tanınır və onların seçki namizədləri “üçüncü partiya namizədləri” adlanır.

“Üçüncü partiyalar”

“Üçüncü partiyalar” arasında sosialistləri, kommunistləri, millətçiləri, yaşılları, sosial-demokratlar, liberalları birləşdirən partiyalar var. Onlardan ən böyüyü - Konstitusiya, Yaşıllar və Libertar partiyalardır.
Konstitusiya partiyası 1991-ci ildə yaradılıb, 1999-cu ilə qədər ABŞ Vergi Ödəyiciləri Partiyası adlanıb. O, “paleokonservatizm” (mühafizəkar siyasi prinsiplər və dini dəyərlər toplusu) ideologiyasına əsaslanan sağçı baxışlara sadiqdir. İdeoloji cəhətdən Respublikaçılar partiyasının ənənəvi fraksiyasına yaxındır.

abs-2.jpg (29 KB)

Yaşıllar partiyası isə 1985-ci ildə yaradılmasına baxmayaraq, rəsmi olaraq 2001-ci ildə qeydiyyatdan keçib. Partiya üzvləri “Yaşıl siyasət”, sosial-demokratiya və proqressivizm ideologiyasına sadiqdirlər. Onlar sosial bərabərliyin, gəlirlərin daha ədalətli yenidən bölüşdürülməsinin, birbaşa demokratiyanın və dövlət aparatının ixtisarının tərəfdarıdırlar.

1971-ci ildə yaradılan Libertar partiyası isə dövlətin ölkə iqtisadiyyatına minimal müdaxiləsini, azad bazar iqtisadiyyatını və beynəlxalq ticarəti müdafiə edir, cinsi azlıqların hüquqlarını, abort hüququnu və silah daşımaq hüququnu, eləcə də əyləncəli narkotiklərin leqallaşdırılmasını və ölümün qadağan edilməsini dəstəkləyirlər. Xarici siyasətdə başqa ölkələrin işlərinə qarışmamağın tərəfdarıdırlar.
Regional partiyalar adətən bir ştatın daxilində fəaliyyət göstərir. Onlardan yalnız bir neçəsinin əhəmiyyətli təsiri var. Məsələn, 1999-cu ildə yaradılmış sol mərkəzçi Vermont Proqressiv Partiyası. Onun ideologiyası sosial-demokratiya, yaşıl siyasət və demokratik sosializm ideyalarına əsaslanır. Partiya ilə yaxından əlaqəli olan Berni Sanders, Vermontdan olan müstəqil senator (2007-ci ildən müstəqillər arasında Konqresdə olmaq rekordçusu), özünü “demokratik sosialist” adlandırır.

“Müasir” seçki qanunvericiliyi

abs-1.jpg (27 KB)

“Kiçik” partiyalardan olan namizədlərin seçilməsinə maneə ölkənin seçki qanunvericiliyidir. Partiya və ya müstəqil namizəd hər bir ştatda fərdi qaydada qeydiyyatdan keçməlidir ki, bu da on minlərlə imza ilə petisiya tələb edən və bahalı prosedurlardır. Çünki imzaların sayı, habelə onların toplanma müddəti hər bir ştatın qanunvericiliyi ilə müəyyən edilir. Bu o deməkdir ki, bəzi namizədlər bütün ştatlarda iştirak etmək hüququna malik olmaya bilər.

Bundan əlavə, ABŞ-də partiyaların seçkilərdə iştirak etmək üçün daimi hüququ yoxdur. Onlar adətən iki və ya dörd ildən bir qeydiyyata alınırlar. Vaxt isə ştata görə dəyişir. Bəzi ştatlarda müntəzəm olaraq seçkilərdə iştirak etməyən partiyalar tərəfindən irəli sürülən namizədlər seçki depoziti ödəməlidirlər.
Təcrübə göstərir ki, illər əzində yalnız iki partiya təbliğ edilib və nəticədə seçicilər demokratlara və ya respublikaçılara səs verməyə üstünlük verirlər. Çünki maneələr “üçüncü” partiyanın namizədinin qalib gəlmək şansını sıfıra endirib. Odur ki, 2024-cü ildə 5,4 milyon qeydə alınmış seçici (2,9%) kiçik partiyalara sadiq olduqlarını bəyan ediblər.

Digər tərəfdən ABŞ-də prezident seçkiləri birbaşa keçirilmir. Əhali seçicilərə səs verir və sonra seçiçilər kollegiyası (538 üzv) ölkə prezidentini seçir. Seçicilərin sayı ştatdan olan Nümayəndələr Palatasının və Senatın üzvlərinin sayına bərabərdir.

abs-3.jpg (29 KB)

Konqres seçicilərin səslərini yanvarın 6-da hesablayır. Prezident seçkilərinin qalibi 50% + 1 səs toplayan namizəddir. Heç kim mütləq səs çoxluğu əldə etməzsə, o zaman qərar Nümayəndələr Palatası tərəfindən qəbul edilir, hər ştat yalnız bir səsə malikdir. Nəticə sadə səs çoxluğu ilə müəyyən edilir. Birləşmiş Ştatların bütün tarixində yalnız iki belə hal olub: 1800-cü ildə Tomas Cefferson, 1824-cü ildə isə Con Adams qalib gəlib.

Nümayəndələr Palatası razılığa gələ bilməsə, Senat iki əsas namizəd arasından seçim edir. Odur ki, ABŞ-nin liderini 327 milyon nəfərdən çox əhali yox, bir sıra şəxslər seçir. Özü də əvvəlcədən lidelərlə görüşüb “məsləhətləşdikdən” sonra.

İlkin Nəcəf

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR