İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Avropanın yenə “siyasi məhbus” isterikası

Bədnam Frank Şvabe Azərbaycanı AŞ PA-nın gələn ay keçiriləcək sessiyası ilə “qorxudur”; Dövlət Departamenti və senatorun tələsik mövqeyi isə göstərir ki...

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe Azərbaycana hücum üçün yeni “fakt” tapıb. Frank Şvabe torpaq qalmaqalına görə saxlanılan Rüfət Səfərovla bağlı araşdırmanı gözləmədən faktı dərhal siyasiləşdirərək münasibət bildirib. “Rüfət Səfərovun saxlanması Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına dair şərtləri yerinə yetirməyə hazır olmadığını göstərir. AŞ PA yanvarda buna cavab verəcək”, - deyə o, X platformasındakı hesabında yazıb.

İstintaqın yeni başlamasına baxmayaraq, ABŞ Dövlət Departamentinin rəsmisi  və ABŞ  Senatının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Ben Kardin Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.

Frank Şvabenin Azərbaycan qərəzi: Alman deputat erməni marağının əsirinə  çevrilib - TƏHLİL

Bəllidir ki, Şvabe Azərbaycanın bir il müddətinə AŞ PA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarlarından biridir.  Onun xüsusilə də Azərbaycan və Türkiyə əleyhinə mövqeyi erməni lobbisinin “maddi təsiri” altında olduğuna şübhə yeri qoymur. Ötən ay almaniyalı deputat Azərbaycanın yanvar sessiyasında AŞ PA-dan uzaqlaşdırılacağı ilə təhdid etmişdi. 

“Dünyanın altını və üstünü” bilən ABŞ-ın tələsik və qərəzli mövqeyi isə  göstərir ki, Qərb dairələri Azərbaycanda baş verən xırda hadisələri dərhal siyasiləşdirməkdə və Bakıya qarşı istifadə etməkdə maraqlıdırlar. Bu anti-Azərbaycan kampaniyasında Avropa və ABŞ arasında bir sinxronluq, ortaq mövqe də var.

Kamran Bayramov: Türk dünyasının birliyi dünyada sülhə, dayanıqlı inkişafa  mühüm töhfədir

Kamran Bayramov

Deputat Kamran Bayramov “Yeni Müsava”a açıqlamasında bütün bunların Qərb ölkələrinin imperialist maraqlarından irəli gəldiyini söylədi: “Bu gün Qərbin, o cümlədən ABŞ-ın Cənubi Qafqazda ziddiyyətli mövqeyi, davranışları özünü açıq şəkildə göstərir. Bu, təbii ki, həmin güclərin neoimperialist maraqlarından, hədəflərindən irəli gəlir. Çünki Cənubi Qafqazda baş verən proseslərə, münasibətlərin tənzimlənməsinə yanaşma Azərbaycanın və Ermənistanın maraqlarına, həmçinin demokratik dəyərlərə hesablanmayıb. Bu, ABŞ, Fransa kimi dövlətlərin bölgə ilə bağlı maraqlarına xidmət edir və addımlar da əsasən buna uyğun olaraq atılır”. 

Deputat dedi ki, zaman-zaman ABŞ-ın rəsmi şəxsləri, ayrı-ayrı dövlət qurumları Azərbaycana qarşı əsassız, uydurma ittihamlar səsləndirir: “Onlar Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan haqlarına kobud şəkildə müdaxilə etməyə çalışır və bununla da əslində ABŞ dövlətinin mahiyyətini açıb ortaya qoyurlar. Bu dəfə isə özünəməxsus dırnaqarası bir fakt tapıblar. Rüfət Səfərovun konkret cinayət tərkibli əməllərə görə saxlanması hadisəsinə siyasi don geyindirmək istəyirlər. Halbuki bu şəxs xuliqanlıq və eyni zamanda dələduzluq hərəkətlərinə görə saxlanılıb və indi istintaq gedir. Ancaq Avropa Şurası Parlament Assambleyasında Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe isə istintaq hərəkətlərinin yekunlaşmasını gözləmir. Bu ona qətiyyən lazım deyil. Artıq indidən onlar Rüfət Səfərovu "siyasi məhbus" elan ediblər və hesab edirlər ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qayıtması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir və yanvar ayında bu məsələyə baxılacaq. Yəni Azərbaycanı indidən hədələyir ki, yanvar ayında AŞ PA-ya qayıdışınız mümkün olmayacaq və çox sinxron şəkildə onun bu davranışı ilə paralel şəkildə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini də Rüfət Səfərovu siyasi məhbus elan edir və hesab edir ki, onun həbsi Azərbaycanda guya ki, korrupsiya əleyhinə mübarizə, siyasi məhbusların hüquqlarının müdafiəsi ilə bağlıdır. Hələ bu azmış kimi, “o, dərhal buraxılmalıdır” kimi tələblər səsləndirir. Heç onları qətiyyən maraqlandırmır ki, bu şəxs məhz konkret cinayət əməlinə görə saxlanılıb. Yəni artıq bu davranış istintaqın nəticələrinə bəri başdan təzyiq göstərmək mahiyyəti kəsb edir. Bu gün əgər ABŞ-ın Dövlət Departamenti səviyyəsində Rüfət Səfərova siyasi məhbus adı verirlərsə, onda özləri özlərinə güzgüdə baxsınlar. Birləşmiş Ştatların artıq vəzifəsini təhvil verməyə hazırlaşan prezidenti Cozef Bayden tələm-tələsik bir qərar verdi və oğlunun əfvini həyata keçirdi. Halbuki oğlu konkret cinayət əməlində ittiham olunurdu. Eyni zamanda onun narkoman kimi ad çıxardığı bəlli idi. Ancaq söylədi ki, oğlumu soyadına görə həbs ediblər. Bu, siyasi sifariş əsasında reallaşdırılıb. Yəni Cozef Bayden əslində etiraf edir ki, onun oğlu siyasi məhbusdur. Deməli, Birləşmiş Ştatlarda siyasi məhbus var və eyni zamanda hesab edir ki, məhkəmə siyasi sifariş yerinə yetirib. Əgər prezidentin oğluna münasibətdə bu baş veribsə, deməli, daha aşağı səviyyələrdə hansı siyasi sifarişlərin yerinə yetirildiyi və nə qədər siyasi məhbusun olduğunu hesablamaq elə də çətin deyil. Belə bir vəziyyətdə Birləşmiş Ştatların Dövlət Departamenti hansı məntiqlə,  hansı mənəvi haqla insan hüquqlarından danışır?  Bu gün Frank Şvabe kimi deputatlar Almaniyanın üz qarasıdır. Çünki onlar Almaniya kimi böyük bir Avropa dövlətinin strateji maraqlarını bir kənara qoyaraq erməni lobbisinin maliyyəsi ilə onlara xidmət edirlər. Bu şəxslər öz ciblərinin mənfəətini hər şeydən uca tuturlar". 

K.Bayramov əlavə edib ki, hazırda Avropa Parlamenti ilə korrupsiya sözü artıq sinonimləşib: “Eyni şeyi Avropa Şurası Parlament Assambleyası haqqında da artıq demək mümkündür. Çünki Şvabe kimi deputatlar bu parlamenti sözün həqiqi mənasında gözdən salıb. Çox təəssüf ki, ABŞ və onun kimi dövlətlər əlaltıları, maliyyələşdirdikləri insanların köməyi ilə Azərbaycanın, eyni zamanda region ölkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə cəhdlər göstərirlər. Onlar xalq-hakimiyyət birliyinə zərbə vurmağa, hakimiyyətdən narazılıq mühiti formalaşdırmağa və bununla da hakimiyyətlərin iradələrinə təsir etməyə çalışırlar. Amma unudurlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan vahid, güclü, müstəqil xarici siyasət yürütməyə, bunun sayəsində güclü iqtisadiyyat qurmağa qadir, yüksək idarəetmə və strateji düşünmə qabiliyyətinə malik müdrik Liderin rəhbərlik etdiyi dövlətdir. Azərbaycanla bu danışıq tonu və bu ritorika ilə heç bir nəticə əldə etmək mümkün deyil”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR