Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ukrayna savaşının dayandırılması prosesində vasitəçilik missiyasından geri çəkilməsi yeni situasiya yaradıb. Kremlin bu prosesin hansısa formatda mütləq davam etdirilməsinə ehtiyacı var. Ona görə də, Rusiya siyasi dairələri tez-tələsik Türkiyənin vasitəçiliyi öz üzərinə götürməsi üçün müəyyən cəhdlər etməyə çalışdılar. Hətta prezident Vladimir Putin bu məsələ ilə bağlı şəxsən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla ünsiyyət qurdu. Və nəticədə İstanbulda Ukrayna-Rusiya görüşü baş tutdu.
Onu da qeyd etmək lazımdır ki, İstanbul görüşünə can atan Rusiya həm də müəmmalı şəkildə danışıqlar pozulması üçün əlindən gələn hər şeyi etdi. Rəsmi Kiyevdən Ukrayna ərazilərinin Rusiyaya verilməsini istədi. Rəsmi Kiyev buna sərt şəkildə etirazını bildirdikdə isə Rusiya Ukraynanı yeni ərazilərin işğal olunacağı ilə təhdid etdi. Və nəticədə İstanbul görüşü münaqişə tərəflərini sülhə deyil, məhz daha uzunmüddətli savaş variantına yaxınlaşdırdı.
Təbii ki, belə situasiyada prezident Donald Tramp növbəti dəfə dövrəyə girməyə cəhd göstərdi. Böyük ehtimalla Ukraynada xüsusi maliyyə-iqtisadi maraqları olan ABŞ sülh prosesindən tamamilə kənarda qalmaq da istəmir və hansısa səviyyədə Rusiya ilə danışıqların tərəfi olaraq, qalmağa çalışır. Ona görə də, Ağ Ev Ukrayna böhranının nizamlanması prosesində avanqard mövqeyini qorumağa yönəlik addımlar atır.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın İstanbul görüşünün uğursuz nəticələnməsindən dərhal sonra Rusiya lideri Vladimir Putinə zəng etməsi məhz bu məqsədə xidmət edirdi. Ağ Ev sahibi Ukrayna savaşının dayandırılması prosesində pozitiv irəliləyiş əldə etmək üçün növbəti dəfə şansını sınamağa çalışdı. Və mövcud nəticənin Ağ Ev sahibinin şansının tutması ilə bağlı iddialara əsas vermədiyi də inkaredilməz reallıqdır.
Maraqlıdır ki, ABŞ və Rusiya prezidentləri iki saatlıq telefon danışığından ümidverici nəticədən uzaqlaşaraq, ayrıldılar. Çünki Kreml sahibi növbəti dəfə ABŞ prezidentinə Rusiyanın diqtə etdiyi şərtlərdən kənar məzmunda sülh sazişinin mümkün olmayacağı ilə bağlı mesaj verdi. Kremlin diqtə etdiyi şərtlərdə sülh sazişi isə məzmun etibarilə Ukrayna üçün kapitulyasiya aktı deməkdir. Və Kreml sahibinin öz şərtlərinə hətta Ukraynanın rusdilli əhalisinin toxunulmazlığını da əlavə etməsi əslində, sülh danışıqlarının iflasa uğraması anlamı daşıyır.
Ona görə də, İstanbul görüşündə uğursuzluğun ardınca Tramp-Putin müzakirəsinin də nəticəsiz bitməsi ABŞ və Qərbi artıq Rusiyaya qarşı konkret, həm də daha prinsipial qərarlar verməyə məcbur buraxır. Çünki Kremldən verilən son açıqlamalarda Rusiyanın Ukrayna ilə birbaşa danışıqlara üstünlük verdiyinə eyham vurulur. Yəni, Kreml ABŞ və Qərbi ümumiyyətlə, sülh prosesindən kənarlaşdırmağa çalışır. Və Rusiyanın əsas hədəfi birbaşa təmaslarda Ukraynaya qarşı sərt təhdidlərlə əlavə təzyiq imkanları qazanmaqdan ibarət ola bilər.
Ancaq Kreml belə maksimalist və aqressiv davranmaqla, əslində, Rusiyanın gələcək taleyi ilə bağlı böyük risk etmiş olur. Hər halda, ABŞ və Qərbi Ukrayna savaşı ilə bağlı situasiyanın kənarına itələməyin hələlik mümkün olmadığını anlamaq o qədər də çətin deyil. Əgər, Kreml bu prosesi ABŞ və Qərblə yeni qarşıdurma predmetinə çevirməkdə israrlı olarsa, ilk növbədə Rusiyaya qarşı daha dağıdıcı addımların önünü açmış olacaq. Və Qərbdən verilən son açıqlamalarda bu, açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, Kremlin aqressiv inadkarlığı ilə üzləşən Qərb siyasi dairələri artıq Rusiyanı narahat etməli mövqeyə yaxındır. Belə ki, ABŞ-ın vitse-prezidenti Vens Tramp adminstrasiyasının Ukrayna münaqişəsinin nizamlanması prosesində tutduğu mövqeni dəyişə biləcəyini bildirib. Üstəlik, bəzi eyhamları nəzərə aldıqda, mövqe dəyişikliyinin Rusiyanın yenidən qlobal hədəfə çevrilməsi xarakteri daşıya biləcəyini də ehtimal etmək mümkündür.
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin ilə telefon danışığından dərhal sonra Ağ Ev sahibi Donald Tramp bildirib ki, Ukrayna savaşının dayandırılması prosesində irəliləyiş olmasa, ABŞ indiyə qədər öz üzərinə götürdüyü rolu Avropa Birliyinə ötürəcək. Üstəlik, verilən məlumatlara görə, ABŞ prezidenti Donald Tramp Avropadakı NATO üzrə tərəfdaşları ilə Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində növbəti addımları artıq razılaşdırıb. Və Rusiyaya qarşı daha sərt sanksiyalar ilə Kremlə yönəlik təzyiqlərin artırılması barədə prinsipial anlaşma əldə olunub.
Digər tərəfdən, Avropa Birliyi Rusiyaya qarşı 17-ci sanksiyalar paketini artıq təsdiqləyini rəsmən elan edib. Bu paket Rusiyanın neft ixracında böyük önəm daşıyan "kölgə donanması"nın 200-ə yaxın gəmisini əhatə edir. Həmçinin Böyük Britaniya da Rusiyaya qarşı sanksiyalar siyahısını 82 maddə ilə genişləndirir. Və bu, yalnız başlanğıc hesab olunur.
Bəzi məlumatlara görə, ABŞ və Avropa Birliyi Rusiya əleyhinə total sanksiya savaşına hazırlaşır. Bu prosesdə Rusiya siyasi-iqtisadi cəhətdən bütün dünyadan təcrid olunacaq. Rusiya iqtisadiyyatının çökdürülməsi və müasir texnologiyalara çıxışın tamamilə bloklanması nəzərdə tutulur. Yəni, ABŞ və Qərb bir tərəfdən, Ukraynaya hərbi dəstəyi bərpa edərək, daha da gücləndirəcək. Digər tərəfdən isə Rusiyanın orta əsrlərə geri qaytarılması üçün bütün addımlar atılacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ