Onlayn ictimai-siyasi qəzet
ABŞ, Rusiyanın Ukraynaya hücumunun üçüncü ildönümünə həsr olunmuş BMT qətnaməsi layihəsini təqdim edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəddə müharibə “münaqişə” kimi xarakterizə edilir.
Bu təşəbbüs, 24 fevralda BMT Baş Assambleyasında öz qətnaməsini qəbul etdirməyə çalışan Kiyev və Avropa müttəfiqlərinin səyləri ilə ziddiyyət təşkil edir.
ABŞ-ın üç bənddən ibarət qısa qətnaməsində "Rusiya-Ukrayna münaqişəsi" zamanı həlak olanların itkisinə görə dərin kədər ifadə edilir və BMT-nin əsas məqsədinin beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, mübahisələri dinc yolla həll etmək olduğu vurğulanır. Sənəddə həmçinin "münaqişənin tezliklə dayandırılmasına və Ukrayna ilə Rusiya arasında dayanıqlı sülhə çağırış" yer alır.
Reuters qeyd edir ki, Rusiya bu ifadəyə düzəliş təklif edib. Düzəlişdən sonra həmin cümlə belə səslənir: "münaqişənin tezliklə dayandırılmasına, o cümlədən onun köklü səbəblərinin aradan qaldırılması yolu ilə nail olunmasına və Ukrayna ilə Rusiya arasında dayanıqlı sülhə çağırış".
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenziya ABŞ-ın qətnamə layihəsini “yaxşı addım” kimi qiymətləndirib. Anonimlik şərti ilə danışan rusiyalı diplomat isə bildirib ki, əgər Rusiya düzəlişi BMT Baş Assambleyasında qəbul edilərsə, Moskva ABŞ qətnaməsinə səs verəcək.
Diplomatların sözlərinə görə, Avropa İttifaqının BMT-dəki səfirləri cümə günü gec saatlarda ABŞ-ın bu təşəbbüsünü müzakirə etmək üçün görüş keçirəcəklər.
Baş Assambleyanın qətnamələri icraedici qüvvəyə malik olmasa da, onların siyasi çəkisi var və beynəlxalq ictimaiyyətin müharibəyə münasibətini əks etdirir.
Reuters agentliyi Ukrayna və Aİ-nin təqdim etdiyi qətnamənin mətnini də əldə edib. Bu sənəddə "müharibənin bu il bitməsinin zəruriliyi vurğulanır və gərginliyin daha da artmasının qarşısını almaq, həmçinin Ukraynada hərtərəfli, ədalətli və dayanıqlı sülhə nail olmaq üçün diplomatik səylərin ikiqat artırılmasına çağırış edilir".
Bu qətnamənin mətnində əvvəlki Baş Assambleya sənədləri ilə müqayisədə daha yumşaq ritorikadan istifadə olunub. Rusiya daha açıq şəkildə tənqid olunmur, sadəcə olaraq “təcavüz” ifadəsinə istinad edilir.
Layihədə həmçinin BMT-nin əvvəlki qətnamələrinin icrasının zəruriliyi vurğulanır. Həmin sənədlər Rusiyadan beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazilərindən qoşunlarını çıxarmağı tələb edir və Moskvanın döyüş əməliyyatlarını dayandırmasını israrla önə çəkir.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ