İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynanın arxasından çəkilməyə əsas axtarır? - Putinin “çəhrayı” arzusu

“Rusiya lideri Vladimir Putin ABŞ-ın Ukraynaya dəstəyində ilk "çatlara" nail olub".

Bu barədə CNN-in təhlilçisi Stiven Kollinson yazıb. Materialında o, Ukraynaya dəstək məsələsində ABŞ-ın mövqeyinin zəifləməsinin ilk əlaməti kimi Amerika lideri Co Baydenə 13 demokrat konqresmen tərəfindən münaqişənin həlli üçün Moskva ilə danışıqlara getməyə çağıran məktubu göstərib.

Kollinson yazır: “Rusiya Prezidenti Vladimir Putin aylarla gözlədi və izlədi, Baydenin Ukraynada demokratiyanı qorumaq üçün mümkün olan hər şeyi etmək zərurəti ilə bağlı əldə etdiyi füsunkar Vaşinqton konsensusunun parçalanacağına ümid etdi”.

Onun fikrincə, indi ABŞ-ın Ukraynaya dəstəyində “nəhayət, ilk çatlar yarana bilər”.

Qeyd edək ki, bir müddət əvvəl “Fox News” telekanalının aparıcısı Taker Karlson bildirmişdi ki, ABŞ Demokratlar Partiyasının Ukraynadan yalnız öz daxili siyasi ambisiyalarını həyata keçirmək üçün istifadə edir (Bayden də bu partiyanın təmsilçisidir). Bundan əlavə, “Shukan Gendai” nəşri yaxın gələcəkdə Kiyevin Amerika silahlarının çatışmazlığı ilə üzləşə biləcəyini yazıb. Həmçinin Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynada gərginliyin azaldılmasına töhfə vermək istəyini ifadə edən bəyanat yaymışdı. Amma məsələ ondadır ki, demokrat-konqresmenlər az sonra müraciətlərini geri götürdülər. Heç Ağ Ev də onların təklifini qəbul etməmişdi. İstənilən halda ABŞ hökumətinin hansısa səbəbdən, yaxud Konqresə aralıq seçkilərdən sonra Ukraynaya hərbi-siyasi, diplomatik-maliyyə dəstəyinin zəifləməsi mümkünmü?

Bütün bunlar Vaşinqtonun Moskvaya qarşı tonunu dəyişməsinin əlamətləri sayıla bilərmi? Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva hələ də Ukraynadakı vəziyyətin nizamlanması üçün danışıqlara hazırdır. Onun sözlərinə görə, son altı ayda amerikalılar və bəzi digər qərbli həmkarları tərəfindən Rusiya lideri ilə telefon danışıqlarının aparılmasını xahiş edən bir sıra təşəbbüslər olub.

“Əgər bizə bərabərlik və maraqların qarşılıqlı hörməti prinsiplərinə əsaslanan, kompromislər tapmağa və bu regiondakı bütün ölkələrin maraqlarını balanslaşdırmağa yönəlmiş real təkliflərlə yanaşılsa, danışıqlar baş tuta bilər”, - Lavrov deyib.

Azər Badamov: Qeyri-neft sənayesinin sürətli inkişafı ölkə iqtisadiyyatının  dünyadakı mənfi tendensiyalardan qorunmasına imkan verir - AZƏRTAC

Azər Badamov: “Rusiyanı məğlub etmək heç də asan məsələ deyil”

Deputat Azər Badamov mövcud durumdan çıxış yolu üçün yalnız masa ətrafında atəşkəsin əldə olunmasını görür: “ABŞ öz maraqlarını həyata keçirmək üçün Ukraynaya hərbi dəstək göstərir və Qərbi də bu müharibəyə qoşub. ABŞ hesab edirdi ki, hamını səfərbər etməklə qısa bir zamanda Rusiyaya qalib gələcək və məqsədlərinə çatacaqdır. Amma vəziyyət onu göstərdi ki, Rusiyanı məğlub etmək heç də asan məsələ deyil. Müharibənin uzanması ABŞ-a və Qərbə böyük maliyyələr hesabına əmələ gəlir. Hətta Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq olunmuş sanksiyalar əks-effekt yaradaraq ABŞ və Qərb iqtisadiyyatını çətinliklə üzləşdirib. Bu gün isə həm ABŞ, həm də Qərb oyundan çıxmaq üçün variantlar üzərində işləyir. ABŞ Konqresinin 13 demokrat konqresmenin Co Baydenə münaqişənin həlli üçün Moskva ilə danışıqlara getməyə çağıran məktub ünvanlamasının da bu variantlardan biri olduğunu hesab edirəm. O cümlədən müharibənin dayandırılması ilə bağlı Avropada da çağırışların olduğunu müşahidə edirik. Avropa, sadəcə, aldanıb bu müharibəyə qoşulub. Bu gün Avropa İttifaqının düşdüyü maliyyə böhranı bu birliyi də çətin sınaqlarla qarşılaşdırıb. Rusiya-Ukrayna müharibəsinin qalibi yoxdur. Birincisi, ABŞ və Qərb Ukraynada öz məqsədlərinə çatmadı. İkincisi, Ukraynanın özü belə məhv olunan şəhərləri və infrastrukturu fonunda böyük faciə ilə qarşılaşıb. Üçüncüsü isə Rusiyanın da iqtisadiyyatı Qərbdən təcrid olundu və ənənəvi bazarlar əldən çıxdı. Həm də hər iki tərəfdən onminlərlə itkilər və yaralananlar gələcəkdə bu ölkələrin daxili siyasətində böyük çatlar yaradacaq.  Rusiyanın XİN rəhbəri Sergey Lavrovun "Əgər bizə bərabərlik və maraqların qarşılıqlı hörməti prinsiplərinə əsaslanan, kompromislər tapmağa və bu regiondakı bütün ölkələrin maraqlarını balanslaşdırmağa yönəlmiş real təkliflərlə yanaşılsa, danışıqlar baş tuta bilər" deməsi də Rusiyanın da müharibəni dayandırmağın tərəfdarı olduğunu göstərir. Müharibə dərinləşir, bütün ölkələrin itkiləri artır. Amma  ABŞ və Qərb müharibəni saxlamaq üçün yardımları dayandıraraq Ukraynaya çağırışı səsləndirməyə cürət etmir.

Beləliklə, bir nəticəyə gəlmək olar ki, müharibələr heç kimə xeyir gətirmir və münaqişələrin nizamlanmasının ən düzgün yolu diplomatiyanı genişləndirməklə masa arxasında razılıq əldə olunmasıdır".

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bütün proqnozlar iflasa uğradı!

Kamran Məmmədli: “Rusiya-Ukrayna müharibəsi artıq nəinki döyüşən tərəflərə, bütün dünyaya ciddi ziyan vurmaqdadır”

AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli bu savaşda atəşkəsin əldə olunması üçün 3 əsas şərt görür: “Rusiya-Ukrayna müharibəsi artıq nəinki döyüşən tərəflərə, bütün dünyaya ciddi ziyan vurmaqdadır. Son olaraq Rusiyanın taxıl müqaviləsində iştirakını dayandırması dünya bazarlarında kəskin qiymət artımı ilə müşahidə olunub. Bütün bunlara baxmayaraq, düşünürəm ki, bu ilin sonunadək heç bir dialoq və atəşkəsə nail olmaq mümkün olmayacaq. Çünki dialoqun mümkün olması üçün hər iki tərəfin geri addım atması gərəkir ki, münaqişənin indiki mərhələsində bu mümkün görünmür. Ukraynanın xarici işlər naziri  Dmitri Kulebanın "Ukraynalılar qələbənin vaxt aparacağına hazır olmalıdırlar" açıqlaması da buna bir işarədir. Ukrayna indiki hücum etdiyi məqamda dialoqa getməyəcək və dialoqa getməsi də Ukrayna xalqı tərəfindən müsbət qarşılanmaz. Ancaq fikrimcə, Rusiya əksinə, indiki məqamda dialoqun olmasına nail olmaq istəyir. Rusiyanın Ukraynanın müharibədə “çirkli bombadan” istifadə etməyə hazırlaşdığını israrla iddia etməsi də Qərbi müvəqqəti atəşkəsə sövq etməkdən ötrüdür. Putin çox yaxşı başa düşür ki, qış aylarında qarşıdurmaların indiki templə davam etməsi çox çətin olacaq və Putin bu ritorika ilə (çirkli bomba bəhanəsi ilə) Qərbi nüvə ilə hədələyərək müvəqqəti atəşkəs əldə etmək istəyir. Müharibənin indiki məqamda dialoq masasına daşınması üçün 3 şeyin baş verməsi gərəkir. Hər iki tərəfin qarşılıqlı geriyə addım atması - o da yuxarıda bildirdiyim kimi, indiki məqamda real görünmür, yaxın perspektivdə hər iki ölkədən birində hakimiyyət dəyişikliyinin baş verməsi ki, bunun da hazırkı durumda olma ehtimalı çox azdır. Və yaxud da müharibənin mənfi təsirlərinin birbaşa ABŞ-ın özünə toxunması.

Əks halda, Avropa qışda soyuqdan donsa belə, Rusiyanın ciddi geri addımı olmayanadək bu müharibənin davam edəcəyini düşünürəm".

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı: “Yazıq xalqı yaman günə qoydular...”

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlının fikrincə, Putinlə yanaşı bu proseslərdə Zelenski də günahkardır: “ABŞ bütün imkanları ilə çalışır ki, Rusiya çöksün, dağılsın. Vaxtilə ABŞ SSRİ-nin çöküşünə onu müharibələrə cəlb etməklə nail oldu. SSRİ Əfqanıstana hərbi müdaxilə etdi. 10 il SSRİ Əfqanıstanda müharibə apardı. Bilirsiniz ki, müharibənin bir günü milyonlarla dollar vəsaitin xərclənməsi deməkdir. ABŞ SSRİ-nin milyardlarla vəsaitini müharibəyə, hərbi təchizata cəlb etmişdi. İndi də həmin siyasəti ABŞ Rusiyaya Ukrayna müharibəsində tətbiq edir. Hər gün Rusiya milyonlarla dollar itirir. Həm də Rusiya sanksiyalar altındadır. ABŞ Ukrayna-Rusiya müharibəsinin tezliklə bitməsini arzulamır. Uzun müddət davam etməsi siyasətini həyata keçirir. Bu baxımdandır ki, Amerika Ukraynaya çox cüzi hərbi yardım edir. Uzun hədəfləri vuran, dəyəri milyonlarla ölçüdə olan raketlər və ən müasir hərbi texnika vermir. Niyə ABŞ Ukraynaya yüksək səviyyədə hərbi dəstək vermir? Çünki istəmir müharibə tezliklə bitsin. Ancaq heç şübhə etmirəm ki, ABŞ müəyyən müddətdən sonra Ukraynanın arxasından çəkilməsin. Öz maraqları üçün nəinki Ukraynaya, istənilən dövləti qurban verməyə hazır olan ABŞ-dan bunu gözləməliyik. Hər zaman belə olub. Özünün iqtisadi və dövlət maraqları naminə ən yaxın "müttəfiqini" ABŞ qurban verib. Rusiyanı xeyli zəiflədəndən sonra ABŞ gözlənilən addımı atacaq. Rusiya ilə bazarlıq edəcək. Artıq qeyd etdiyiniz kimi, bu barədə CNN-in təhlilçiləri də bu fikirləri qeyd edirlər. Ukraynaya dəstək məsələsində ABŞ-ın mövqeyinin zəifləməsinin ilk əlaməti kimi Amerika lideri Co Baydenə 13 demokrat konqresmen tərəfindən münaqişənin həlli üçün Moskva ilə danışıqlara getməyə çağıran məktubu göstərirlər. Bütün bunlar növbəti mərhələ üçün zəmin hazırlayır. Böyük Britaniya Müdafiə Nazirliyinin Ukraynada gərginliyin azaldılmasına töhfə vermək istəyini ifadə edən bəyanat yayması da təsadüfi deyil. Britaniya hər zaman ABŞ-la eyni siyasəti yürüdüb. Hər ikisi eyni kökənli xalqlardır. Putinin güzəştlərini qazandıqdan sonra ABŞ hökumətinin və yaxud da konqresinin Ukraynaya hərbi-siyasi, diplomatik-maliyyə dəstəyinin zəifləməsinin şahidi olacağıq. Vaşinqton öz məqsədləri üçün Ukraynadan çox məharətlə istifadə etdi. İdarəçilik təcrübəsi olmayan Zelenski Ukrayna xalqını iki böyük dövlətin siyasətinin qurbanı etdi. Bundan sonra ən azından Ukraynanın ayağa durması üçün 50 il zaman lazım olacaq. Bunun üçün də trilyonlarla dollar lazım olacaq. Kim verəcək bu vəsaiti Ukraynaya? Bütün şəhərlər dağıdılıb, evlər viran qalıb. Milyonlarla insan Avropa şəhərlərinə qaçqın düşüb. Bütün bunların məsuliyyətini Putinlə yanaşı, ABŞ və Zelenski də daşıyır. Yazıq xalqı yaman günə qoydular..."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR