İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynanı məğlubiyyətə hazırlayır? – “Qarşıdakı bir ildə...”

ABŞ-nin nüfuzlu “Foreign Affairs” jurnalı Ukrayna ilə bağlı iki ilə yaxındır davam edən müharibə fonunda bu ölkənin faktiki təslim olmasından ibarət yeni strategiyadan bəhs edən məqalə dərc edib (Trend). Məqalədə atəşkəsin zəruri olduğu və Rusiyanı məğlub etməyin mümkün olmayacağı əsas gətirilir və sanki Ukraynanın məğlubiyyətə hazırlanmasından bəhs edilir.

“Atəşkəs insanların həyatını xilas edəcək, iqtisadiyyatın bərpasına başlayacaq və uzunmüddətli təhlükəsizlik məqsədləri üçün Qərb tərəfdaşlarından hərbi texnikanı kənara qoyacaq”, - deyə nəşrin müəllifləri yazır.
Materialda həmçinin vurğulanır ki, atəşkəsin şərtləri və vaxtı, eləcə də hərbi texnikanın və silahlı qüvvələrin çıxarılması prosesi BMT və ya ATƏT-in himayəsi altında müəyyən edilməlidir: “Atəşkəs və ərazi danışıqları perspektivləri 2024-cü il ABŞ prezident seçkilərindən sonra yaxşılaşa bilər. Amma seçkilərə hələ bir il var. Vaşinqton hərbi-siyasi reallıqları əks etdirən yeni strategiyaya keçmək üçün Ukrayna ilə indi işləməyə başlamalıdır”.

“Foreign Affairs” jurnalının ABŞ-ın ən ciddi media resurslarından biri olduğunu və Ağ Evin əhval-ruhiyyəsini əks etdirdiyini nəzərə alsaq, məqalədən belə qənaət hasil olur ki, ABŞ beynəlxalq ictimaiyyəti Ukraynanın təslim olmasına hazırlayır. Belədirsə, bu Qərbin ikiüzlü siyasətinin növbəti nümunəsi sayılacaq.

Bəs Ukrayna xalqının buna reaksiyası necə olacaq?

b8b4e123-cc68-46d6-a3fa-c6ac70979f90.jpg (269 KB)

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Ukraynanın ərazi bütövlüyünün sual altında qaldığını vurğuladı: “Qərb hər zaman öz qlobal maraqları naminə ön cəbhədə istifadə etdiyi ölkənin milli maraqlarını qurban verməyə hazırdır. Bu dəfə tələyə Ukrayna düşdü. Ukrayna Aİ və NATO üzvlüyünə qəbul olmaq ümidi ilə Rusiyaya qarşı getdi və 2022-ci ilin fevralından bəri cəlb olunduğu müharibədən nəinki qalib ayrıla bilmədi, əksinə de-fakto parçalanmış vəziyyətdədir. Qərb dövlətlərinin Rusiya ilə konfrontasiyada Ukraynanın qalib gələcəyinə ümidləri azaldığı və ya artıq buna ümid bəsləmədikləri üçün hərbi yardımın axınlarında azalma və zamanla dayanma ola biləcəyi elan edilir. Məsələn, ABŞ prezidenti Bayden bu yaxınlarda bəyan edib ki, “Ukraynaya yardım axını üçün çox az vaxt qalıb”. Əgər Kiyevə hərbi yardımlar dayanarsa, Rusiya qalib gələcək və Ukrayna parçalanmış halda qalacaq. Maraqlıdır ki, Ukraynanın NATO-ya üzv qəbul edilməsi proseduru da hələ bloklanmış haldadır. Bu barədə keçmiş NATO Baş katibi Stoltenberq açıq şəkildə bəyan etmişdi ki, Ukrayna müharibəni dayandıraraq indiki (yəni parçalanmış vəziyyətdə) NATO-ya qəbul edilə bilər. NATO-ya üzvlük proseduruna əsasən müharibə vəziyyətində olan dövlət ittifaqa daxil ola bilməz. Çünki, müharibə vəziyyətində olan ölkə ittifaqa girərsə, nizamnamənin 4-cü maddəsinə görə digər ittifaq dövlətləri həmin dövləti müdafiə etməli və onunla həmrəylik göstərərək müharibəyə daxil olmalıdırlar. NATO isə Rusiya ilə birbaşa müharibəyə girməkdə maraqlı deyil. Odur ki, artıq Ukraynanın ərazi bütövlüyü sual altındadır. Ukrayna tərəfi isə israr edir ki, NATO-ya üzvlük müqabilində ərazi güzəştlərinə getməyəcək. Lakin Qərbin yardımı olmadan Rusiyaya qarşı da müharibəni davam etdirə bilməz. Beləliklə Avroatlantik inteqrasiya həvəsi nəticəsində Ukrayna dərin dövlət böhranı və ağır bir dilemma qarşısında qalıb.

Bu Qərb siyasi tarixində bir ilkdirmi? Xeyr. Hələ 1920-ci ildə Antanta və ABŞ-ın təhriki ilə Ermənistan Türkiyəyə qarşı müharibə elan etmişdi. Bu xarici qüvvələr o vaxt da Ermənistanı silahla təchiz edirdi. Lakin Ermənistan müharibədə məğlub olub və iddia etdiyi əraziləri itirəndən sonra 2 dekabr 1920-ci il tarixində Aleksandropol müqaviləsini imzalamağa məcbur qaldı və bu müqavilə əsasında indiki ərazisinin böyük hissəsini, o cümlədən Şirak bölgəsini (Gümrü şəhəri daxil) Türkiyəyə verməli oldu. SSRİ qurulduqdan sonra bu ərazi Ermənistana geri qaytarıldı.

Beləliklə, Ukraynanın Qərbə inteqrasiya prosesinin sonu parçalanmaqla nəticələnir. Yəqin ki, bu gün Cənubi Qafqazda sülhə əngəl törədənlər də bu tarixi-siyasi hadisələrdən öz dərslərini almış olarlar”. 

ef30cef8-1741-4bc2-a4da-33fcde270cf1.jpg (23 KB)

Kamran Məmmədli

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli isə bir qədər fərqli düşünür: ““ABŞ Ukraynanı məğlubiyyətə hazırlayır” iddiasına qatılmıram, çünki ABŞ hələ də Ukraynaya kifayət qədər hərbi yardım göndərməyə davam edərək, Rusiyanın işğalına qarşı Ukraynanın yanında durur. ABŞ və müttəfiqləri Ukrayna üçün milyardlarla pul xərcləyib və xərcləməyə davam etməkdədir. Sadəcə ABŞ-ın ola bilsin ki, Rusiyanı çökdürmək strategiyası bizim düşündüyümüzdən fərqlidir. Bizlər bir dəfəyə bütün müasir silahların göndərilməsini, böyük miqdarda yardım paketlərinin hazırlanmasını düşünürük, ancaq siyasətdə bəzən hər şey belə asan olmur. Görünən odur ki, ABŞ bu prosesi yavaş-yavaş həyata keçirmək istəyir və Rusiyanı bu münaqişədə yorub, ondan sonra son zərbəni vurmaq niyyətindədir. Həmçinin bölgədə ABŞ-ın ən mühüm müttəfiqi olan İsrailin Həmasla münaqişəyə daxil olması, yardımların bölünməsi və Ukrayna məsələsinin yeganə gündəm mövzu olmaqdan çıxması ilə nəticələndi. Ancaq hər bir halda, ABŞ-ın Ukraynadan vaz keçərək məğlub olmasına göz yumacağı real görsənmir. Çünki, Ukraynanın təslim olması ABŞ-ın və müttəfiqlərinin məğlubiyyəti, nüfuzunun yerlə bir olması anlamına gəlir. Bu baxımdan hesab edirəm ki, bu ssenari az ehtimal olunandır”. 

be13bb73-fb01-43db-8bc5-860bd3b5c972.jpg (128 KB)

Vüqar Qasımov

Böyük Azərbaycan Partiyasının sədr müavini, siyasi ekspert Vüqar Qasımov bu savaşın hələ bir neçə ilə davam edəcəyini düşünür: “Amerikada 2024-cü il büdcəsində Ukraynaya maddi yardım nəzərdə tutulmayıb. Rusiya-Ukrayna müharibəsində Amerika qarşısına qoyduğu aşağıdakı hədəflərə nail oldu:

1. Ukraynanın məğlub olmamasına, eyni zamanda da qələbə çalmamasına. Bu münaqişənin ən azından 2-3 il davam etməsinə.

2. Rusiyanın iqtisadi cəhətdən zəifləməsinə.

3. Rusiyanı enerji daşıyıcıları məsələsində Avropada sıxışdıraraq bu bazarı ələ keçirib, Avropanı özündən daha da asılı vəziyyətə salmaq niyyətinə çatdığını da deyə bilərik. Statistik məlumata görə, qaz satışında 2021-ci ildə Rusiyanın Avropadakı payı 43%, Amerikanınkı 4% idisə, 2023-cü ilin ikinci rübündə Rusyanınkı 10% aşağı düşmüş, sıxışdırılmış qaz satışında Amerikanınkı 17%-ə yüksəlib. Eyni zamanda, Slovakiya, Çexiya, Macarıstan, Ukrayna və s. kimi ölkələrdəki AES-lər rus xammalı ilə işləyirdi. Amerika bu AES-ləri özünün İsveçdəki zavodunda istehsal edilən xammalla işləmək üçün rekonstruksiya etməyə başlayıb.

4. Amerika özünün vaxtı keçmiş, anbarlarında yığılıb qalmış silah-sursatları Ukraynaya satdı. Əvəzində hərbi arsenalını müasir silahlar hesabına yenilədi. Həm də Ukraynaya borc olaraq verilən pullar Amerikada qaldı.

5. Rus oliqarxiyasını onlara tətbiq edilən embarqo və digər təzyiqlər sayəsində Anqlo-Sakson dünyası ilə bərabər hərəkət etmə nöqtəsinə gətirdilər.

6. Fransa və Almaniyanın etirazlarına baxmayaraq NATO-nun strukturunda dəyişikliyə nail oldular.

Yuxarıda sadalananlar və digər amillər də nəzərə alınarsa, Amerikanın bu hərəkəti gözlənilən idi. Hər ölkə öz milli mənafelərinə uyğun hərəkət edir. İndi Amerika Avropa dövlətlərinə deyir ki, Rusiya sizlər üçün təhdid təşkil edir. Buyurun, bundan sonra siz maliyyələşdirin.

Bütün bunların fonunda Amerikanın istədiyi müharibəni bitirmək deyil, dondurmaqdır. Digər tərəfdən Ukrayna Amerika üçün arxa plana keçsə də, Amerikanın müttəfiqi olan İngiltərə üçün əsas strateji hədəfərdən biri olaraq qalmaqda davam edir. Çünki, İngiltərənin hədəfi Qara dəniz hövzəsinə yerləşməkdir. Buna görə də, münaqişənin dondurulması, Ukraynada iqtidar dəyişikliyi və prezident seçkiləri üçün təzyiqləri artırır. Böyük ehtimalla bu planı həyata keçirəcəklər. Ona görə də Ukrayna cəmiyyətini yavaş-yavaş buna hazırlayırlar. Görünən odur ki, bu münaqişə 2027-ci ilə qədər davam edəcək. Çünki münaqişə sonrası Ukraynanın xəritəsi hələlik müəyyənləşdirilməyib”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR