Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti Ukraynaya 180 milyon dollar dəyərində hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi yayıb.
Qurumun açıqlamasında qeyd olunur ki, Ukrayna rəhbərliyi daha əvvəl “şəxsi heyətin hazırlanması, mövcud ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin saxlanılması və bərpası üçün avadanlıq və xidmətlərin alınmasına sorğu göndərib”. Sənəddə bildirilir ki, Ukraynaya avadanlıq və xidmətlərin satışı “onun hazırkı və gələcək təhlükələri dəf etmək qabiliyyətini gücləndirməyə” xidmət edəcək. Eyni zamanda, Amerika hakimiyyəti qeyd edir ki, satış “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”: "Bu avadanlıq və xidmətlərin təklif olunan satışı regionda əsas güc balansını pozmayacaq".
Əsas podratçılar ABŞ-ın Sierra Nevada Corporation və V2X, Inc şirkətləri, həmçinin Ukraynanın Radionix və Systems Electronic Export şirkətləri olacaq. Sənəddə izah edilir ki, “təklif olunan sövdələşmənin həyata keçirilməsi ABŞ hökumətinin əlavə nümayəndələrinin və ya podratçıların Ukraynaya göndərilməsini tələb etməyəcək”.
Musavat.com
26 Iyul 2025
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ