Onlayn ictimai-siyasi qəzet
Amerikanın “Elliott Investment Management” investisiya şirkəti “Türk axını” boru kəmərinin Bolqarıstan hissəsinin daxil olduğu infrastruktur aktivləri portfelində pay almaq istəyir.
Musavat.com xəbər verir ki, məlumatı “The Wall Street Journal” öz mənbələrinə istinadən yayıb.
Bildirilir ki, aprel ayında investisiya fondunun nümayəndələri Sofiyada Bolqarıstan rəsmiləri ilə görüşüblər. Bundan əlavə, Amerika şirkəti Bolqarıstanın qaz operatoru “Bulqartransgaz” ilə məlumatların açıqlanmaması haqqında saziş imzalayıb. Elliott Investment Management, həmçinin məlumat mərkəzləri və məlumat kabelləri şəbəkəsinə giriş əldə etməyi gözləyir. Danışıqlar ilkin mərhələdədir və razılığın əldə olunacağına zəmanət yoxdur.
Nəşr qeyd edir ki, belə bir razılaşma “Avropa liderlərinin Rusiyanın enerji resurslarından imtina etməyə çalışdığı” bir vaxtda Rusiyadan “yanacaq tədarükünü gücləndirə bilər”.
Qeyd edək ki, “Türk axını” Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə 31,5 milyard kubmetr qaz ixrac edən kəmərdir. 2020-ci il yanvarın 8-də istismara verilib. Türkiyəyə, Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulan bu kəmər hazırda Rusiya qazının Avropaya nəqli üçün son aktiv marşrut olaraq qalır.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ