Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donal Trampın Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunması ilə bağlı etdiyi cəhdlər təqdirəlayiqdir. Amma sülhün əldə olunması asan məsələ deyil. Bunun üçün nə siyasi mövqelərdə, nə də hərbi sahədə şərtlər uyğun deyil.
Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Münhen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə bitməsinə dair gözləntiləri şərh edərkən bildirib.
H.Babaoğlunun fikrincə, mövcud şərtlərdə sülh əldə etmək cəhdləri nəticə verə bilməz: “Məcburi nəticə isə uzunmüddətli sülhü təmin edə bilməz. Mənə elə gəlir ki, sülh çox uzaqdadır. Yalnız ədalətli sülh uzunmüddətli sülh mərhələsi yarada bilər. Rusiya və Ukrayna rəsmilərinin fikirlərindən aydın göründüyü kimi, hələ şərtlərin olmadığı şəraitdə sülh barədə danışıq aparılır. Fikrimcə, ABŞ, Rusiya və Ukrayna üçlüyü arasında həll olunacaq sülh natamam sülh olacaq. Müharibə başladığı gündən müxtəlif səviyyələrdə və formalarda iştirak edən Qərb faktoru var. Bu gün Qərb liderləri irəli sürülən sülh təşəbbüsünü əsla dəstəkləmirlər”.
H.Babaoğlu vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Donald Tramp və onun administrasiyasının yüksək səviyyəli üzvləri çox fərqli mövqelər bildirdilər:
“Bu o deməkdir ki, ABŞ və Avropa Birliyinin, hətta Trampın öz komandasının sülhlə bağlı ortaq mövqeyi yoxdur. Belə olan halda, sülhdən danışmaq tezdir. Bütün hallarda iki xalqın faciəsinə çevrilən müharibənin dayandırılması zəruridir. Çox təəssüf ki, Rusiya kimi ölkə ilə ədalətli sülh bağlamaq olduqca çətindir. Ortada işğal faktı var, Rusiya bu faktı rəsmiləşdirməkdə israr edir, belə olan halda sülhün əlçatanlığı şübhəli görünür”.
Nigar HƏSƏNLİ,
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ