Onlayn ictimai-siyasi qəzet
2025-ci il dünyanın bir çox yerində insan hüquqları və ədalət anlayışının sınandığı il oldu. Amma ən gözlənilməzi demokratiyanın beşiyindən, insan haqları konvensiyalarının müəllifi sayılan ABŞ-dən gəldi. Bu il ABŞ-da 26 nəfər edam edilib. Bu, son 10 ilin ən yüksək göstəricisidir və bir sualı yenidən aktuallaşdırır.
ABŞ Konstitusiyası vətəndaşın toxunulmaz hüquqlarından danışanda onu dünyaya örnək kimi təqdim edir. Lakin bu ölkə hələ də ölüm cəzası tətbiq edən nadir Qərb dövlətidir. Üstəlik, bəzi ştatlarda ölüm hökmü təkcə tətbiq olunmur, hətta sürətlə icra olunur. Texas, Florida, Alabama kimi ştatlar qılınca çevrilmiş ədalət obrazını qorumaqda israrlıdır. Nəticədə 2025-ci ildə ABŞ-də 26 nəfər edam olunub. Bu sadə bir rəqəm deyil. Bu, bir dövlətin insanın yaşamaq hüququ üzərində hökm çıxarmağa davam etməsi deməkdir. Və bu rəqəm artan xətlə gedirsə, deməli, dünyada insan hüquqları ilə bağlı sərt dönüş başlayıb.
ABŞ-də ölüm hökmü çox vaxt təkcə qətl və zorakılıqla bağlı verilmir. Bəzən hüquqi səhvlər, zəif vəkillər, yanlış şahidliklər nəticəsində günahsız insanlar da ölüm kamerasına göndərilir. Son illərdə DNA analizləri ilə bəraət qazanan məhkumların sayı bu sistemin nə qədər kövrək olduğunu sübut etdi. Lakin bəraət gələnə qədər həyatlarını itirənlər də az deyil. Yaxın keçmişdə 19 yaşlı bir qaradərili gəncin səhv şahidlik nəticəsində edam olunması ABŞ cəmiyyətində şok effekti yaratmışdı. Bu gün isə belə hadisələrə qarşı həssaslıq əvəzinə “qanun sərt olmalıdır” ritorikası güclənməkdədir.
ABŞ ölüm hökmünü bərpa edən və artıran tək ölkə deyil. Çin, İran, Səudiyyə Ərəbistanı, Misir kimi ölkələr yüzlərlə, bəzən minlərlə insanı edam etməyə davam edir. Ən pisi odur ki, bu ölkələrdə ölüm cəzası təkcə cinayətə görə yox, düşüncəyə, sözə, inanca görə də tətbiq olunur.
Çin hər il minlərlə vətəndaşını edam edir. Lakin rəsmi statistika gizlidir. Narkotik cinayətləri və siyasi ittihamlarla İranda hər il 800 nəfər edam olunur.
Səudiyyə Ərəbistanında şəriətə əsaslanan hökmlərlə 170 nəfər öldürülür.
Misirdə hər il məhkəmələrin hökmü ilə 50-dən çox insan həyatdan məhrum edilir. Bu şəxslər əsasən islamçılar və fəallar olur.
ABŞ-da isə əsasən qətl və ağır cinayətlərə görə ölüm hökmləri verilir və icra olunur. Burada ABŞ-ın adı ilə yanaşı, Çin və İran kimi avtoritar rejimlərin durması bir ziddiyyət doğurur. ABŞ hara, insan haqları hara, ölüm hökmü hara?
Psixoloji və hüquqi araşdırmalar göstərir ki, ölüm cəzası cinayətlərin qarşısını almaqda effektiv vasitə deyil. Amma bu hökmün qorunmasının əsas səbəbi çox vaxt siyasidir. Qan töküləndə, cəmiyyət sarsılanda populist çağırışlar artır:
“Ədalət bərpa olunmalıdır!”, “Qatil yaşamağa layiq deyil!” – bəli, bu cümlələr bizə tanışdır. Amma bu, qanunun qisasla əvəzlənməsi deməkdir.
Dünya hüququnun ali dəyəri yaşamaq hüququdur. Bu hüquq bu gün yenidən mübahisə obyektinə çevrilib. ABŞ-də ölüm hökmünün artması bu ölkənin insan haqları üzrə liderliyinə ciddi zərbə vurur. Qətl edən cinayətkarı öldürməklə ədalət yox, yalnız bir nəfər də artıq ölür.
Azərbaycanda ölüm hökmü cəzasına 1993-cü ildə moratorium qoyulub, 1998-ci il fevralın 10-da isə edam cəzası ləğv edilib. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb.
Lakin dünyanın bir sıra ölkələrində, o cümlədən ABŞ, Çin kimi nəhəng dövlətlərdə, habelə əksər müsəlman dövlətlərinin hüquq sistemində ölüm cəzası hələ də qalır. Ümumilikdə isə hazırda dünyada 70-dən artıq dövlətdə edam cəzası hələ də mövcuddur. 25 ölkədə edam cəzası hüquqda mövcud olsa da, son 10 ildə heç kim edam olunmayıb.
Hazırda dünyada ən çox edam cəzaları Çin, İran, Pakistan, ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Vyetnam kimi ölkələrdə həyata keçirilir. Göründüyü kimi, edam cəzaları dünya üzərində müxtəlif coğrafiyalarda yayılıb. Müsəlman ölkələri - İran, Səudiyyə Ərəbistanı, Pakistan, eləcə də xristian ölkələri - ABŞ, Fransa və sair. Kasıb ölkələrlə yanaşı, Yaponiya, Sinqapur və sair kimi inkişaf etmiş və ya etməkdə olan ölkələrdə edam cəzaları mövcuddur.
Qonşu Türkiyədə edam cəzaları 2002-ci ildə qismən (ağır cinayətlər istisna olmaqla), 2006-cı ildə tamamilə ləğv olunub. 1920-1984-cü illər ərzində Türkiyə Böyük Millət Məclisi 712 edam qərarını dəstəkləyib. 1991-ci ildə qəbul olunmuş İnsan Hüquqlarına dair Avropa Konvensiyasını təsdiq edən 6 saylı protokolda ölüm cəzasının ləğv olunduğu bəyan edilir. Yalnız 3 hal istisna olmaqla, ölüm cəzasının tətbiqi qadağan olunurdu. Bunlar:
1) Qanunsuz zorakılıqdan müdafiə, yəni zəruri özünümüdafiə vəziyyətində;
2) Məhkum saxlanılarkən və ya həbs yerindən qaçmasının qarşısı alınarkən;
3) Qiyam və ya kütləvi iğtişaş zamanı. Dövlətə qarşı həyata keçirilən qiyam və kütləvi iğtişaşın qarşısının alınması ölüm hadisəsinə yol verilə bilər.
Azərbaycanda ölüm hökmünün tərəfdarları ilə yanaşı, əleyhdarları da az deyil. Xüsusən də bir çox tanınmış hüquqşünaslar, insan hüquqları müdafiəçiləri hesab edir ki, məhkəmələr ədalət tamamilə bərqərar olmadığı üçün Azərbaycanda ölüm hökmünü bərpa etmək risklidir. Yəni ölüm cəzası günahsız insanlara da tətbiq oluna bilər. Göründüyü kimi, hər nə qədər ədalətli mühakimə institutu bərqərar olsa da, hətta ABŞ-da mübahisəli edam qərarlarına rast gəlinir. Bu mənada təcrübəli hüquqşünaslar indiki halda edam cəzasına ehtiyatlı yanaşır. Lakin eyni zamanda cəmiyyətlər inkişaf etdikcə hiss olunur ki, edam cəzaları kimi hökmlər qaçılmazdır. Çünki bu cür cəzalar cinayətkarın cəzalandırılması, yəni qisas hüququnun ədalətli təmini ilə yanaşı, sərt də olsa tərbiyəvi metoddur. Ağır cəzalar insanları müəyyən mənada cəzalardan çəkindirmək xüsusiyyəti də daşıyır. Bu yanaşma İslam dinində xüsusən bariz şəkildə qeyd olunur.
Dini mövzular üzrə ekspert Kənan Rövşənoğlu Musavat.com-a deyib ki, Qurani-Kərimin bir sıra ayələri edam cəzasının məhz bu məqamına diqqət çəkir.
“Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir! Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz”.
(Bəqərə surəsi, 178-179-cu ayələr) Ümumi olaraq İslam hüquq məktəbində ölüm cəzası tətbiq olunur. Edam cəzaları ümumi olaraq ictimai fəsad (məsələn, küfrün yayılması) və “haqqun nas”, yəni insan haqqının tapdanmasına görə tətbiq olunur. İslam hüququ ümumi olaraq 3 halda edam cəzasını tətbiq edir. Müsəlmanın - insanın canına, malına və namusuna təcavüz zamanı məhkəmə qurulur və şəri hakim (İslam hüququ bilicisi) zəruri şərtlər (cinayəti sübut edən faktlar, təsdiq edən şahidlər, 4 şahid tələb olunur - K,) yerində olarsa ölüm hökmü cəzası verir. Lakin bu zaman da qarşı tərəfə günahkarı əfv etmək təklif olunur - əgər hüquq imkan verirsə. Yəni məsələn, iki nəfər arasında mübahisə nəticəsində biri o birini qəsdən qətlə yetiribsə, qatilin cəzası ölüm olur. Lakin məhkəmə Quran ayəsinə əsasən ölünün yaxınlarına qatili əfv etmələrini təklif edir. Son aylarda İranda bu cür iki hadisə olub. Qətlə yetirilmiş şəxsin valideynləri qatili son anda, dar ağacında əfv ediblər. “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (Şura surəsi, 40-cı ayə) Bundan başqa, evli kişi və qadının zina etməsi (qeyri-qanuni cinsi əlaqə) İslam hüququnda edam cəzasına səbəb ola bilər. Ancaq bunun üçün 4 adil şahid olmalıdır ki, məhkəmədə iddianı təsdiq etsinlər.
Eyni zamanda quldurluq, yəni müsəlmanın malına təcavüz edərək qarət etmək, yağmalamaq İslam hüququnda edam cəzası nəzərdə tutur. Ancaq bütün bu cinayətlərə hökm İslam məhkəməsi tərəfindən verilir. Məhkəmədə İslam hüququ bilicisi (şəri hakim - qazı) məhkəməyə rəhbərlik edir, tərəfləri dinləyir və ən mühümü şəriətin tələb etdiyi şərtlərin təmin olunmasına nəzarət edir. Yəni şahidlər ədalətli olmalıdır, cinayət ölüm hökmünü vacib edəcək dəlil və sübutlarla təsdiqlənməlidir.
Əgər bütün bunlar olsa, İslam hüququ yalnız cinayəti törədənə edam cəzası tətbiq edir. Əgər cinayəti bir neçə nəfər törədibsə, qisas hüququ hər birinə tətbiq olunur. Lakin bu halda da hər bir şübhəli barəsində dəlillər yerində olmalıdır.
Bundan başqa, İslam hüququ qətli yalnız bilərəkdən törədilən qətlə tətbiq edir, qəsdən olmayan cinayətlərdə edam cəzası tətbiq olunmaz. Hətta bütün ittihamlar təsdiq olunsa belə, ölən adamın ailəsi qisasdan imtina etsə, o zaman məhkəmə edam hökmü verə bilməz. O halda diə, yəni cərimə ödənilir”, - K.Rövşənoğlu bildirib.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ