İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Prezidentinin Çin lideri ilə son görüşü də nəticə vermədi

"ABŞ Prezidenti Co Bayden ilə Çin lideri arasındakı son görüş də nəticə verməyib".

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, noyabrın 16-da ABŞ Prezidenti Co Bayden Peru paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşü Ağ Ev sahibinin çinli həmkarıyla üçüncü və son görüşü olub:

"Si Cinpin Baydenə deyib ki, Çinin Ukrayna böhranına baxışı ədalətlidir. Çin lideri Ukrayna böhranının danışıqlar yoluyla həllinə tərəfdar olduğunu bildirib. Bayden isə bunun qarşılığında Cinpinə deyib ki, Vaşinqton Çinin Rusiya hərbi sənayesinə verdiyi dəstəkdən narahatdır. Yəni bu o deməkdir ki, Rusiya Çin vasitəsilə hərbi gücünü artırmaqla Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirə bilir.

Tayvan məsələsinin Pekinın “qırmızı xətti” olduğunu xatırladan Cinpin adanın silahlandırılmasına seyrçi qalmayacağını bildirib. O ABŞ-a işarə edərək Tayvan separatçılarına dəstəyin bölgədə gərginliyi artırdığını vurğulayıb. Bayden isə buna cavab olaraq Tayvan adasının status-kvosunun birtərəfli şəkildə dəyişdirilməsinin əleyhinə olduğunu söyləyib. Yəni Ağ Ev sahibi diplomatik dildə demək istəyib ki, Çinin Tayvanı zorla özünə birləşdirilməsinə qarşıdır və Vaşinqton da buna seyrçi qalmayacaq.

Beləliklə, ABŞ Prezidenti ilə Çin lideri arasındakı danışıqlarda irəliləyiş əldə olunmayıb. Tərəflərin mövqeləri əvvəlkitək fərqlidir".

Politoloq xatırladıb ki, bu əsrin əvvəllərində iki ölkə arasında iqtisadi əlaqələrdə ciddi problem olmayıb, ABŞ 2000-ci ildə Çinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasının yolunu açmış və bunun sayəsində ticarət əlaqələri liberallaşdırılmışdı:

"Ancaq sonrakı illərdə amerikalı siyasətçilər Çinlə liberal qaydalara əsaslanan ticarət əlaqələrinin ABŞ-a zərər verdiyini etiraf etdilər, bunun Amerikada iş yerlərinin azalmasına, o cümlədən idxal-ixracın Çinin xeyrinə dəyişdiyini bildirdilər. Çinin dövlət tərəfindən idarə olunan iqtisadiyyatının gücləndiyi, Amerikanın əqli mülkiyyətin oğurlandığı və yerli sənayelərin haqsız rəqabət nəticəsində zəiflədiyi iddia edildi".

Elxan Şahinoğlu onu da qeyd edib ki,
Brüssel Çinin Rusiyaya dəstək məsələsində Vaşinqtonla həmrəydir:

"Avropa İttifaqı strukturlarından yayılan son məlumata görə, Çinin qərbindəki Sincan bölgəsində Rusiya ordusu üçün silahlı pilotsuz təyyarələr istehsalına dair “qənaətbəxş” sübutlar var. Brüssel hesab edir ki, Çinin mərkəzi hökumətinin icazəsi olmadan Rusiya üçün pilotsuz uçuş aparatlarının istehsalı mümkün deyil".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR