İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ölüm cəzasını bərpa etdi - dünyanın reaksiyası necə olacaq

Çingiz Qənizadə: “Elə cinayətkarlar var ki, onlara ölüm cəzasının tətbiqi başa düşüləndir”

ABŞ prezidenti Donald Tramp federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb və bütün ştatlara öldürücü inyeksiya dərmanlarının kifayət qədər təchizatını təmin etməyi tapşırıb. Bu barədə Ağ Evin saytında yazılıb.

“Birləşmiş Ştatların siyasəti tələb edir ki, ölüm cəzasına icazə verən qanunlara hörmət edilsin və tam şəkildə icra olunsun. Ölüm hökmlərinə maneçilik törədən siyasətçilərə və hakimlərə qarşı mübarizə aparılsın”, - deyə bildirilir.

Qeyd edilir ki, ABŞ Baş Prokurorluğu qanuna uyğun olaraq xüsusilə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin öldürülməsinə, habelə qeyri-qanuni mühacirlərin törətdiyi ağır cinayətlərə görə ölüm cəzası tələb etməlidir.Tramp həmçinin baş prokurora bütün ştatları öldürücü inyeksiyalarla təmin etmək üçün lazımi addımlar atmağı tapşırıb.

Ölüm cəzası ilə bağlı dünyada illərdir müzakirələr gedir. Məlumdur ki, əksər ölkələrdə bu cəza növü yasaqlanıb, buna xüsusilə ABŞ təkid edirdi. 

Ancaq vaxtaşırı bu məsələ gündəmə gəlir və xüsusilə azyaşlılara qarşı zorakılıq törədənlərin ölüm hökmü ilə cəzalandırılmalı olduğunu qeyd edirlər.

 Trampın qərarına dünyada reaksiya necə olacaq? Digər ölkələr də bu cəzanı bərpa etməyə başlaya bilərmi? Bunun təhlükəli tərəfləri nədir? 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, buna qədər ABŞ-ın 18 ştatında ölüm cəzası tətbiq edilirdi, bu sərəncamdan sonra isə ölkə üzrə tətbiqi nəzərdə tutulur.  

Çingiz Qənizadə təltif edildi - FOTO - GlobalInfo.az

“Azərbaycan ölüm cəzasından imtina edib. Bu öhdəliyi Avropa Şurasına daxil olarkən götürmüşük. Təəssüf ki, bizdən fərqli olaraq AŞ öz üzərinə götürdüyü öhdəliyə sadiq qalmadı. Azərbaycanı işğal dövründə dəstəkləmədi və bizə qarşı qərəzli mövqe nümayiş etdirdi. Azərbaycan AŞ PA-dan rəsmən çıxmayıb, səlahiyyətləri dondurulub. Oradan rəsmən çıxdıqda qanunvericilikdə dəyişiklik edilə bilər. 2000-ci ildə ölkədə hüquqşünaslar iki qrupa bölünmüşdü. Bir qrup ölüm cəzasının ləğvinin, digər qrup isə bu cəzanın qalmasının tərəfdarı idi.  Hesab edirəm ki, ağır cinayətlərdə ölüm cəzasının tətbiqinə yol verilməsi normaldır. Qaydaların belə sərtləşdirilməsi bəlkə də bəzi şəxsləri cinayət törətməkdən kənarlaşdıra bilər. 

Avropa məkanının isə buna münasibəti birmənalı olmayacaq. AŞ PA-da toplaşan Qərb dövlətlərinin fərdi qaydada yanaşması bu qurumdan çıxdıqdan sonra ola bilər. Bu qurumun üzvü olan və öhdəliklər götürən dövlətlər ölüm cəzası ilə bağlı qərar qəbul edə bilməzlər. 

Bu öhdəlikləri götürməyən ölkələrdə isə bu qərarın təsiri görünə və müzakirələrə səbəb ola bilər. Onların bu təcrübədən istifadə etməsi mümkündür. Elə cinayətkarlar var ki, onlara ölüm cəzasının tətbiqi başa düşüləndir və ölkədə müəyyən qədər cinayətkarlığın azalmasına səbəb olar".  

Xatırladaq ki, Çin, İran, Səudiyyə Ərəbistanı, Şimali Koreya, Vyetnam, İraq, Pakistan,Yaponiya, Hindistan, Sinqapur, İndoneziya, ABŞ (bütün ştatlarda olmasa da, bir çoxunda tətbiq edilir), Misir, Somali, Cənubi Sudan, Botsvana, Yəmən, Bəhreyn, İordaniya kimi ölkələrdə ölüm hökmü ya qanuni olaraq mövcuddur, ya da faktiki olaraq tətbiq edilir. Avropada ölüm hökmü praktik olaraq yalnız Belarusda tətbiq olunur. Bəzi ölkələrdə qanunvericilikdə olsa da, faktiki olaraq tətbiq olunmur və ya uzun müddətdir icra edilməyib. Ölüm hökmünün tətbiqi beynəlxalq müzakirələrdə insan haqları baxımından tənqid olunur.

Şahanə RƏHİMLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR