İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ-nin təklif etdiyi SİYAHIDA olan azərbaycanlılar təhdid altındadır" - siyasi şərhçi

Xəbər verdiyimiz kimi, ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Musavat.com xəbər verir ki, bu xəbər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, siyahının hazırlanmasında Ermənistanın rolu olması barədə ehtimallar səslənir.

Siyasi şərhçi Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib ki, belə bir qanun layihəsinin Konqresə təqdim edilməsi təəccüblə qarşılanmalı deyil:

"907-ci düzəlişin tərəfdarlarından və himayəçilərindən biri olan Baydenin rəhbərlik etdiyi dövlətdə bu prosesin baş verməsi kifayət qədər təbii qəbul olunmalıdır. 907-ci düzəlişi ona görə vurğuladım ki, həmin düzəliş qəbul ediləndə Azərbaycan ordusu işğalçı qüvvələrə qarşı bir sıra uğurlu əməliyyat həyata keçirmişdi. Həmin zaman kəsiyində prosesin irəliyə doğru aparılması və suverenliyin bərpası üçün imkanlar yaranmışdı. Həmin zamanda ABŞ hərəkətə keçərək ölkəmizə qarşı sanksiya tətbiq etməklə Azərbaycan əleyhinə beynəlxalq təzyiqlərin olması üçün zəmin hazırladı. Bu həm də bir mesaj xarakteri daşıyırdı. Bir çox aspekt - Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar, rus sülhməramlılarının nəzərdə tutulan zamandan öncə Azərbaycan ərazisini tərk etməsi ABŞ-nin planlarını pozub. Görünür, elə düşünürdülər ki, əldə olunan razılaşmalar həyata keçirilməyəcək, Azərbaycan-Rusiya münasibətlərində "çat" yaranacaq, növbəti münaqişə ocağı əmələ gələcək. Göründüyü kimi, arzularına çatmadılar. Siyahıda Azərbaycanın ərazi bütövlüyü uğrunda mücadilədə önəmli mövqe tutan, eyni zamanda müharibə cinayətlərinin araşdırılmasında əhəmiyyətli rol oynayan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin gündəmə gətirilməsi açıq mesaj xarakteri daşıyır. Bu həm də prosesin içində yer alan insanların təhdid edilməsidir. Siyahıya diqqət yetirdikdə Ermənistan tərəfindən təqdim olunduğu qətiyyən şübhə doğurmur. Siyahı Ermənistanla birgə ABŞ tərəfindən ABŞ-nin Ermənistandakı səfirliyində hazırlanmış ola bilər. Mən bu sanksiyaların qəbul ediləcəyini gözləmirəm".

Siyasi şərhçi hesab edir ki, sanksiyalar tətbiq edilərsə, bu, ABŞ-nin təkcə Cənubi Qafqazdakı deyil, daha geniş arealdakı mövqelərinə ciddi ziyan vuracaq:

"Görünür, ABŞ dünyada baş verən proseslərdən nəticə çıxarmaq niyyətində deyil. Əksinə, ənənəvi təhdid siyasətini həyata keçirmək istəyir. Bu da ola bilsin ki, növbəti "Domokl qılıncı"dır. Bundan sonra ölkəmizin müəyyən hədəflərə doğru irəliləməsinin qarşısının alınmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı da müəyyən dairələri narahat edə bilər. Hər halda detallar yaxın zamanda üzə çıxacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR