Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar Cənubi Qafqazı “ələ keçirmək” üçün Ermənistan üzərindən oyunlar qurmağa başlayıb; demokratiya kələyi baş tutmayan Qərb yeni hikkəli texnologiyalara əl atır
ABŞ-ın nüfuz etmək istədiyi regionlarda münaqişələr yaratmaq siyasəti yeni deyil. Qərbin demokratiya adı altında bölgələrə fəlakət gətirməsi də sirr deyil.
Birləşmiş Ştatlar ayrı-ayrı yerlərdə öz hegemonluğunu qorumaq üçün “parçala və hökmranlıq et” siyasətini yürüdür. Rəsmi Vaşinqton bunu həyata keçirmək üçün müxtəlif ölkələrin ərazisində ictimai narazılığı təşkil edir, iğtişaşların maliyyəçisinə çevrilir və yaxud da rəngli inqilablarla bəyənmədiyi prezidentləri, hakimiyyətləri devirir, yaxud buna cəhdlər edir.
Belə siyasətin ən son nümunəsi kimi Banqladeşdə baş verən hadisələri göstərmək olar. Burada Amerika hərbi bazasının yerləşdirilməsi ilə bağlı münaqişə ciddi siyasi dəyişikliklərin katalizatoruna çevrildi və baş nazir Şeyx Hasinanın ölkədən qaçmasına səbəb oldu. O, tərəfdarlarına yazdığı məktubda ABŞ-ı etirazları qızışdırmaqda ittiham edib: “Meyitlərin kortejini görməmək üçün istefa verdim. Onlar tələbələrin meyitləri vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər, lakin mən buna imkan vermədim və baş nazirlikdən istefa verdim. Sent-Marten adasının suverenliyindən imtina edib Amerikanın Benqal körfəzinə nəzarət etməsinə icazə versəm, hakimiyyətdə qala bilərdim”.
Banqladeşdəki hadisələrə paralel olaraq, iyun ayında Keniyada da oxşar qaydada hadisələr baş verdi. Lakin bu Afrika ölkəsinin lideri Şeyx Hasinadan fərqli olaraq postunu qoruyub saxlaya bilib. Banqladeş və Keniyadakı hər iki vəziyyət ABŞ-ın Vaşinqtonun tələblərini yerinə yetirməkdən və ya suverenliklərini təhvil verməkdən imtina edən hökumətlərə qarşı “rəngli inqilab” kimi qəbul edilə bilər.
Digər tərəfdən, iyul ayında litium hasilatına qarşı etirazların başladığı Serbiyanı götürək. Litium hasilatının qarşısının alınması tələbi ilə başlayan mitinqlərdə tezliklə ölkə prezidenti Aleksandr Vuçiçin istefasını tələb etməyə başlayıblar. Ən maraqlısı isə odur ki, bu ölkədə etirazlar əsasən Amerika QHT-ləri tərəfindən dəstəklənir. Və bu mitinqlərin kütləviliyini nəzərə alsaq, Vaşinqtonun bu Balkan ölkəsindəki daxili proseslərə hansı real siyasi təsir göstərdiyinə dair nəticə çıxara bilərik.
Bizə yaxın olan Gürcüstanı nəzərdən qaçıra bilmərik. “Xarici təsirin şəffaflığı haqqında” və ya “xarici agentlər haqqında” qanunun qəbul edilməsinə görə ABŞ və Avropa İttifaqı tərəfindən hər cür təqib və qınaqlara məruz qalıb.
ABŞ-ın burnu indi də Cənubi Qafqazda, daha dəqiq desək, Ermənistan-Azərbaycan sərhədində görünür. Sülh müqaviləsi ilə bağlı danışıqların getdiyi bir məqamda Amerika gizli şəkildə Ermənistana bir ucdan silah daşıyır və bunu şərh etməkdən yayınır.
ABŞ bizim regionda nəyə nail olmaq istəyir? Ermənistanın əli ilə nələr etmək niyyətindədir?
Tofiq Abbasov
Məsələ ilə bağlı Musavat.com-a danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ kimi güc mərkəzləri böyük həvəs və istəklə münaqişə ocaqları yaradırlar, çünki bu, onlara müdaxilə imkanı verir: “Digər tərəfdən də öz siyasi hədəflərini uzaqlarda həyata keçirmək şansını verir. Münaqişə ocaqları hegemon qüvvələrə birinciliyin kimdə olduğunu göstərmək imkanını verir. ABŞ-ın əsas qayəsi ondan ibarətdir ki, dünya nizamını sona qədər çökdürsün.
Hazırda Ermənistanı yenidən silahlandırmaqla revanşizm ruhunu qidalandırır və ATƏT-in Minsk Qrupunu yenidən oyatmaq istəyir.
Bu, ondan xəbər verir ki, ABŞ və Qərbin bəzi dairələri üçün qondarma Qarabağ və ya Azərbaycan-Ermənistan münaqişəsi bitmiş sayılmır. Onlar hələ son şansdan istifadə etmək istəyirlər. Hesab edirlər ki, mübahisəli məqamlar sona çatmayıb və bundan istifadə edərək Azərbaycana təzyiqlər göstərsinlər.
ABŞ dünya birliyini qlobal müharibə ilə hədələyir. Bəs bu qlobal müharibəyə yol açanlar kimlərdir? Burada Rusiyanın da böyük günahı var. 2022-ci ildə Ukraynaya xüsusi əməliyyat adı altında müdaxilə etdi. Və əsas gücü ora yönəltdi. İsrailin də müəyyən suçu var. Fələstinlə münaqişələr fonunda Amerikaya çox böyük şanslar yaradır.
Bir məqamı da qeyd edim. Hazırda Kursk vilayətinə daxil olan Ukrayna ordusunun tərkibində ABŞ və Böyük Britaniyada təlimlər keçmiş xüsusi dəstələr var. Onlar Rusiya ordusuna qarşı mübarizəni böyük məharətlə davam etdirdilər.
Kurska ona görə daxil oldular ki, Sunca məntəqəsinin ətrafında qazpaylayıcı stansiya var. O stansiyadan Avropaya qaz ixracatı davam edir. Onu alanlar içərisində Slovakiya, Sloveniya, Avstriya kimi ölkələr var.
Məhz ora müdaxilə etməklə qazpaylayıcı stansiyanın fəaliyyəti dayandırıla bilər. Bu, artıq fors-majordur. Ancaq fors-major ətrafında baş verən hadisənin günahı kimin üzərinə düşəcək? Əlbəttə, Rusiyanın. Çünki hadisələr Rusiyanın ərazisində baş verir. Çalışırlar ki, Rusiyanın borc yükünü, iqtisadi çətinliklərini artırsınlar. Burada biz geosiyasi və geoiqtisadi oyunun elementlərini görürük. Bütün bu proseslərdə pozucu dəst-xətti görürük. Məqsəd isə xaos yaratmaqdır".
Politoloqun sözlərinə görə, Qərb birlikləri Ermənistanı silahlandırmaqla Azərbaycana basqı cəhdi edir: “Hamısı düşünülmüş şəkildə baş verən proseslərdir. Əksər oyunçuların məqsədi odur ki, dövlətlər görünməmiş çətinliklərlə üzləşsinlər və güc mərkəzlərindən imdad diləsinlər. Ancaq hər şey onların yazdığı ssenari ilə olmur. Ermənistan onsuz da maşa dövlətdir. Onun 90 faiz ərazisi Azərbaycana məxsus torpaqlardır. Bu dövləti zorla yaratdılar. Dövlətin özünün müstəqil, suveren siyasəti yoxdur. Digər tərəfdən, ona aydın qərar verməyə imkan vermirlər.
Nikol Paşinyan özünü rahat, sabit apara bilər. Amma bu o demək deyil ki, ölkəsi üçün böyük bir təminat yaradacaq.
Hazırda Ermənistanda Rusiyaya qadağan olunmuş texnologiyaları, qurğuları ötürməklə qara bazardan böyük pullar qazanırlar. Ancaq bu, müvəqqəti bir canlanmadır. Ermənistanın çox ciddi problemləri var. Onların öhdəsindən gəlmək üçün antiböhran proqramı həyata keçirməlidirlər.
Təəssüf ki, qonşumuz hələ də maşa rolunda qalır. Azərbaycan isə özü öz siyasətini müəyyən edir, heç kimə imkan vermir ki, yuxarıdan aşağı baxsın, onunla ultimatum dili ilə danışsın. Qərarları Bakı verir. İrəvanın isə bu səlahiyyəti yoxdur. Kilsə, diaspora və güc mərkəzləri əlini bağlayıb".
Beləliklə, aydın olur ki, yaxın aylarda ABŞ Cənubi Qafqazda hansısa oyunlara start verə bilər. Ancaq bütün hallarda onların Azərbaycana, onun monolit siyasətinə, iradəsinə təsir etmək imkanları məhduddur.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ