İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresinin Nümayəndələr Palatası spiker seçə bilmir- 100 ildə bir ilk


Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ardıcıl altıncı dəfə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilmək üçün lazımi səsləri toplaya bilməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, dünən konqresmenlər səsvermənin üç mərhələsini keçiriblər. Çərşənbə günü isə Nümayəndələr Palatasında spiker seçmək üçün dördüncü, beşinci və altıncı mərhələ baş tutub. Səsvermə zamanı Respublikaçıların radikal qanadı Makkartini dəstəkləməkdən imtina edib. Nəticədə, səsvermənin cümə axşamı günortaya (Bakı vaxtı ilə 21:00) təxirə salınması qərara alınıb.

Bu, hadisə ABŞ siyasi tarixində 100 ildə ilk dəfədir baş verir. Qeyd edək ki, Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır. Sonuncu dəfə 1923-cü ildə spiker doqquz turda seçilib.

Altıncı turun sonunda Makkarti tələb olunan 218 səsdən 201-ni toplaya bilib. Respublikaçıların digər nümayəndəsi Bayron Donalds 20 səs toplayıb - onun namizədliyi Makkartiyə dəstək verməkdən imtina edən partiya üzvləri tərəfindən irəli sürülüb. Makkartinin Demokrat partiyasından olan rəqibi Hakim Ceffris isə 212 səs toplayıb. Respublikaçılardan fərqli olaraq Demokrat namizədi bütün partiya dəstəkləyib. Makkarti həmin nəticələrə rəğmən, namizədliyini geri götürməyəcəyini və qalib gələnə qədər mübarizə aparmaq niyyətində olduğunun bəyan edib.

Kevin Makkartiyə Respublikaçılar Partiyasının mühafizəkar qanadının nümayəndələri qarşı çıxıb və onlar dəstək vermələri müqabilində bir sıra tələblər irəli sürüblər. Tələblər arasında balanslaşdırılmış büdcə məsələsi ilə bağlı Konqresdə səsvermə, Konqresin aşağı palatasının üzvlərinin seçilmə müddətinə məhdudiyyətin tətbiqi layihəsinin keçirilməsi daxildir. Kevin Makkarti bu tələbləri rədd edib.

Hətta ABŞ-ın keçmiş prezidenti Donald Trampın spikerin seçilməsi üçün Respublikaçılar Partiyasının bütün üzvlərinə müraciəti də Kevn Makkartiyə kömək etməyib. "Respublikaçılar, böyük zəfəri böyük və biabırçı məğlubiyyətə çevirməyin", - deyə Tramp özünə aid olan “Truth Social” sosial şəbəkəsində müraciət ünvanlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR