İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər  

 

Ağ Evin yeni sahibi Donald Trampın əsas hədələdiyi ölkələrdən biri cənub qonşusu Meksikadır. Tramp birincisi, müxtəlif ölkələrdən qaçqınların məhz Meksika üzərindən ABŞ-a daxil olduğunu bildirir, ikincisi Amerikaya gizli yollarla daşınan narkotik maddələrin də Meksika mənşəli olduğu qənaətindədir.

Bu gedişlə Tramp Meksikada istehsal olunan məhsullara gömrük tariflərini artırmaqla yanaşı sərhəddən keçidlərin də qarşısını almağa çalışacaq.

Musavat.com xəbər verir ki, bu fikirləri sosial media hesabında "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, ötən ilin oktyabr ayında Meksika Prezidenti seçilən Klaudiya Şeynbaum də cavab tədbirləri hazırlayıb: “Meksika ABŞ-a boylanmadan azad və müstəqil xarici siyasət kursunu müəyyənləşdirməlidir” deyən xanım Şeynbaum buna nümunə kimi Kuba ilə artan tərəfdaşlıq münasibətlərini göstərib. Məlumdur ki, Donald Tramp özündən əvvəlki demokrat prezidentlərdən fərqli olaraq Kubaya qarşı sərt sanksiya siyasətinin davam etdirilməsinin tərəfdarıdır. Meksika isə son illərdə Kuba ilə əməkdaşlığı genişləndirib. Meksika hökuməti Kubaya ərzaq və yanacaq göndərir, kubalı peşəkar həkimləri isə bu ölkəyə dəvət edilir. Pandemiya dövründə kubalı həkimlər Meksikada çalışıblar. Meksika Venesuelladan sonra Kubanın ikinci neft təhcizatçısına çevrilib. Hesablamalara görə, Kuba enerjiyə olan ehtiyacının dörddə bir hissəsini Meksikadan əldə etdiyi yanacaq hesabına təmin edir".

E.Şahinoğlunun fikrincə, Meksikanın bu siyasəti ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi embarqoya ziddir:

"Tramp və ya ABŞ Konqresi buna görə Meksikaya qarşı sanksiyalar tətbiq edə bilər. Ancaq görünən odur ki, Meksika Prezidenti Trampın hədələrindən çəkinmir. Əksinə, “Meksika xalqı kubalılarla həmrəydir” deyən xanım Prezident bu sözləri ilə Trampa meydan sulamış olur. Təsadüfi deyil ki, Kuba Prezidenti Migel Diaz-Kanel bir neçə il ərzində Meksikaya 5 dəfə səfər edib".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR