İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kiyevə "qocaları da savaşa göndər" təlimatı verdi: Qərb Putinin qələbəsi ilə barışır

Avropa Birliyinin strateji hədəflərinin boşa çıxması, Kreml sahibinə "savaş bataqlığı"ndakı Rusiyada belə, öz hakimiyyətini möhkəmləndirmək şansı qazandırıb... Belə anlaşılır ki, kollektiv Qərbin Rusiya ilə savaş avantürası son nəticədə Ukrayna kimi nəhəng bir ölkənin dağılmasına yol açmaq üzrədir...

ABŞ və Qərb Ukrayna savaşına Rusiyanı "cilovlaya" biləcək əsas hərbi-siyasi faktor kimi yanaşırdı. Kollektiv Qərbin bu savaşa uzun illər ərzində hazırlaşdığı artıq qətiyyən şübhə doğurmur. Savaşın mümkün inkişaf istiqamətlərinə bağlı müxtəlif ssenarilər əvvəlcədən hazırlanmışdı. Üstəlik, Rusiyaya qarşı tətbiq edilə biləcək bütün sanksiyaların əsas hədəfləri, eləcə də, embarqo yükünün daşıyıcıları da tam dəqiqliyi ilə müəyyən olunmuşdu. Və bu səbəbdən də, Ukrayna savaşı başlandığı andan etibarən kollektiv Qərbin atdığı bütün addımlarda ardıcıllıq müşahidə olunurdu.

Ancaq nə qədər qəribə də olsa, hazırda Qərb siyasi dairələrində Ukrayna savaşı ilə bağlı müəyyən pessimist əhval-ruhiyyə də açıq-aşkar nəzərə çarpır. Belə anlaşılır ki, ABŞ və Qərbin Rusiyanın öz sərhədləri içərisində "həbs olunmasına" yönəlik hesablamalar özünü tam doğrultmur. Böyük ehtimalla Qərb strateqləri Rusiyanın bu qədər müqavimət immunitetinə sahib ola biləcəyini müəyyən edə bilməyiblər. Və indi sanksiyalara məruz qalan Rusiya ilə yanaşı, Ukrayna savaşının bütün yükünü çəkən Qərb ölkələri də artıq ciddi siyasi-iqtisadi yorğunluq yaşamağa başlayırlar.

0fe4e26c-685a-437c-982a-5e8b34c622c4.jpg (265 KB)

Bu vəziyyətin real təsirləri də artıq özünü biruzə verməkdədir. Bəzi Qərb ölkələri Ukrayna savaşına sponsorluq prosesindən kənara çəkilmək niyyətində olduqlarını qətiyyən gizlətmirlər. Hətta Qərbdən hərbi dəstəyin ciddi şəkildə zəiflədiyi inkaredilməz reallıqdır. Xüsusilə də, Avropa Birliyi Ukrayna ordusunun ehtiyaclarını ödəməkdə ciddi problemlər yaşayır. Və bu qurum Ukrayna ordusuna vəd olunmuş silah-sursatın tədarük edilməsinin gecikə biləcəyinə yönəlik mesajlar verməyə başlayıb.

Digər tərəfdən, Yaxın Şərqdə yeni savaş poliqonunun yaranması da kollektiv Qərbin gündəmində Ukrayna savaşını ikinci plana keçirib. Yəni, rəsmi Kiyev artıq əvvəlki kimi Qərbdən hərbi dəstək ala bilmir. İndi Ukrayna ordusuna göndərilən hərbi texnikanın sayı ciddi şəkildə azaldılıb, üstəlik, gecikmə müddəti də uzanıb. Və bu baxımdan, həm kollektiv Qərbin, həm də Ukrayna ordusunun Rusiya qarşısında təşəbbüsü əldən verməyə başlaması əslində, o qədər də təəccüblü deyil.

Hətta situasiya o qədər böhranlı xarakter daşıyır ki, prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatının uğursuz olduğunu açıq mətnlə etiraf edib. Düzdür, Ukrayna prezidenti Rusiya ilə müharibənin yeni mərhələsinin hələ irəlidə olduğunu da vurğulayıb. Ancaq dərhal da hərbi komandanlığın yayda başlayan əks-hücum əməliyyatından daha çox şey gözləsə də, hazırda mövcud nəticələrin qənaətbəxş olmadığını əlavə edib.

3310d881-e862-4f04-a353-f6d98db26520.jpg (110 KB)

Nə qədər qəribə də olsa, prezident Volodimir Zelenski indiki halda, yalnız Ukrayna ordusunun “dünyanın ikinci ordusu” ilə döyüşərkən, geri çəkilmədiyini qabartmaqla, kifayətlənməli olub. Ukrayna prezidenti onu da vurğulayıb ki, hərbi komandanlıq tezliklə hücum taktikasından imtina etmək barədə düşünür. Onun fikrincə, Ukrayna ordusunun ən qısa müddətdə müdafiə taktikasına keçirilməsinə ciddi ehtiyac yaranmağa başlayıb. Və bu məsələdə Ukrayna ordusunun son vaxtlar ciddi canlı qüvvəyə ehtiyac duyması da xüsusi rol oynayır.

Maraqlıdır ki, Qərb siyasi dairələri rəsmi Kiyevə orduya çağırış yaşının 17-70 yaş arasında müəyyən edilməsini də məsləhət görməkdədir. Belə anlaşılır ki, Qərbdə bəziləri Avropa Birliyini Rusiya təhlükəsindən qorumaq üçün az qala bütün Ukrayna əhalisinin savaş meydanına göndərilməsini istəyirlər. Və rəsmi Kiyev Qərbdən gələn mesajların fonunda "Ukrayna ordusunun sıralarına qoşulun" çağırışları ilə yaşlı nəsil arasında vətənin müdafiəsinin vacibliyini təşviq etməyə başlayıb.

Məsələ ondadır ki, rəsmi Kiyev vaxtın uzandığını, ABŞ-da seçkiqabağı dövrdə yalnız hərbi uğurların Ukraynaya yardımların artırılmasına təkan verə biləcəyini artıq anlayır. Çünki hələ Yaxın Şərqdə savaş başlanmazdan öncə də Ukraynadakı müharibəyə Qərbin marağının azaldığı müşahidə olunurdu. Hər halda, bütün il ərzində Ukrayna ordusunun cəbhə xəttini öz xeyrinə dəyişə bilməməsi bu məsələdə xüsusi rol oynayır. Bir tərəfdən, Avropa Birliyi silah-sursat tədarükündə çətinlik çəkir. Digər tərəfdən isə ABŞ-da siyasi yorğunluq və Ukrayna savaşına külli miqdarda maliyyə xərclənməsinə daxili etirazların artması öz təsirini ciddi şəkildə göstərir.

17382e58-92d3-4c53-b8dc-b90c7493865a.jpg (237 KB)

Ona görə də, Bayden adminstrasiyası üçün Ukrayna savaşında yaranmış durğunluq vəziyyətini izah etmək hər ötən gün daha da çətinləşir. Halbuki ABŞ büdcəsinin əhəmiyyətli bir hissəsi son üç aya qədər məhz Ukrayna ordusunun hərbi ehtiyaclarının ödənilməsinə xərclənirdi. Siyasi rəqiblərin - keçmiş prezident Donald Trampın liderliyi altında respublikaçıların hakimiyyətə gəldikdən sonra cəmisi bir gün ərzində Ukrayna savaşına son verə biləcəklərini açıq şəkildə vəd etmələri də Bayden adminstrasiyasını çıxılmaz vəziyyətə salıb.

Göründüyü kimi, ABŞ və Qərb israrla Rusiya ilə savaşa sürüklədiyi Ukraynanı indi taleyin ümidinə buraxmaq niyyətinə düşüb. Həm ABŞ-ın, həm də Avropa Birliyi ölkələrinin Ukrayna əraziləri hesabına güzəştlər çərçivəsində Rusiya ilə sülh anlaşmasına can atdığı barədə də məlumatlar mövcuddur. Üstəlik, bu istiqamətdə danışıqların gizli şəkildə, hətta rəsmi Kiyev məlumatlandırılmadan aparıldığı da bildirilir. Yəni, belə anlaşılır ki, kollektiv Qərbin Rusiya ilə savaş avantürası son nəticədə Ukrayna kimi nəhəng bir ölkənin dağılmasına yol açmaq üzrədir.

Dünyada böyük nüfuza malik "The Economist" nəşri də vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna savaşında artıq qalib kimi görünür. İddia olunur ki, Avropa Birliyinin strateji hədəflərinin boşa çıxması Kreml sahibinin ən böyük şansıdır. Məhz bu şansın sayəsində prezident Vladimir Putin "savaş bataqlığı"na salınmış Rusiyada öz hakimiyyətini daha da möhkəmləndirməyə nail ola bilib. Və bu, Rusiya siyasi dairələrinə gələcəyə yönəlik optimist hesabların aparılması imkanları da açır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR