Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Azərbaycan hər zaman etibarlı tərəfdaşlığına sadiq qalıb”
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.
Musavat.com-un məlumatına görə, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, - diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.
Amerika rəsmisi Bakıya niyə gəlib?
Emin Həsənli
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bu səfər ətrafında bir çox vacib məqamlara toxundu: “Azərbaycan dünyanın bir çox ölkələri ilə ikitərəfli əməkdaşlıq edir. Bu müdafiə və təhlükəsizlik baxımından çox önəmlidir, o cümlədən Amerika ilə. Birləşmiş Ştatlar İraq və Əfqanıstanda əməliyyatlar aparan zaman Azərbaycan çox böyük dəstək verib. Həmçinin sülh və əməkdaşlıqda, terrozimə qarşı mübarizədə hər zaman yaxın əlaqələr qurulub. Doğrudur, ATƏT-in həmsədr ölkəsi kimi biz Amerikadan gözlədiyimiz dəstəyi görməmişik, yəni Qarabağ məsələsində. Amma buna baxmayaraq Azərbaycan hər zaman etibarlı tərəfdaşlığına sadiq qalıb. Bu əməkdaşlıq da çox önəmlidir. Amerika, Rusiya, qardaş Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya və digər ölkələr müttəfiqimizdir. Bu dövlətlərin hər biri Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Heç bir ölkə də Azərbaycana deyə bilməz ki, niyə hər hansı bir ölkə ilə əməkdaşlıq edirsən. Azərbaycan dünyada müstəqil siyasət yürüdən azsaylı ölkələrdən biridir. Hər bir ölkə də Azərbaycanı əməkdaşlıq məkanı kimi qəbul edir. Amerika və NATO-nun baş qərargah rəisləri ilə Rusiyanın baş qərargah rəisinin Bakıda dəfələrlə görüşü keçirilib. Rusiya və Ukrayna arasında vasitəçi olmaqda 2-3 ölkənin adı hallanırsa, bunun biri Azərbaycandır. Hər iki ölkənin rəsmilərinin görüş yerinin təşkil olunacağı bir sıra şəhərlərin adları çəkilir ki, onlardan biri də Bakıdır. Azərbaycan dünyada sülh və əməkdaşlığı qoruyan ölkələrdən sayılır. Belə görüşlərin hər birində Azərbaycanın milli və dövlət maraqları daim nəzərə alınıb”.
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Avropa məkanının hər bir ölkəsi ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi. Ekspert bu sırada Azərbaycan Prezidentinin İtaliya səfərinə də toxundu: “İtaliya Azərbaycanın Avropadakı əsas strateji tərəfdaşlarından biridir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri və keçirdiyi görüş və müzakirələri hər iki dövlət üçün əhəmiyyətlidir. Son illərdə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi dəfələrlə artaraq 16 milyard dollara çatıb. İtaliyanın Azərbaycanın enerji resurslarına ehtiyacı var. Cənub Qaz Dəhlizi işə düşdükdən sonra Azərbaycan qazının İtaliyaya nəqli artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxunun İtaliyanın payına düşməsi təsadüfi deyil. Eyni zamanda İtaliyanın Cənubi Qafqaz ölkələri ticarətinin 90 faizi Azərbaycanın payına düşür. İlham Əliyevin İtaliyaya səfəri zamanı yeni enerji sazişləri imzalanıb. Bununla yanaşı iki ölkə arasında qeyri-neft sektorunda da əməkdaşlığın güclənməsinə önəm verilir. İtaliya şirkətləri Azərbaycanın azad olunan ərazilərində müxtəlif layihələr həyata keçirməyə maraq göstərirlər. İtaliyanın Azərbaycanda 100-ə yaxın şirkətinin müxtəlif layihələrdə iştirakı buna sübutdur.
Azərbaycan İtaliya ilə hərbi sahədə də əməkdaşlığa maraq göstərir. Azərbaycanın müdafiə naziri Zakir Həsənov sentyabrın 2-də İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko ilə görüşüb. Müdafiə naziri Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini bildirib. 2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub. Hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən səfir ölkələrimiz arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitzinin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Azərbaycan İtaliyadan hərbi nəqliyyat təyyarələri alıb. Azərbaycan Türkiyə və İsraillə yanaşı İtaliyadan da müxtəlif növ hərbi texnika almaq istəyir. Bu mümkündür. Əgər Avropa İttifaqının üzvü olan Fransa Ermənistana hərbi texnika satırsa, Avropa İttifaqının digər dövləti olan İtaliyada Cənubi Qafqazdakı strateji tərəfdaşı Azərbaycana hərbi texnika sata bilər.
Beləliklə, Roma Fransanın anti-Azərbaycan siyasətinin əksinə olaraq Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli bu ilin aprel ayında Fransa xarici işlər naziri Stefan Sejurnun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatını tənqid etmişdi. İtaliya rəsmisi bildirmişdi ki, Fransa Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Çirielli iqlim dəyişikliyi ilə bağlı beynəlxalq konfransa (COP-29) hazırlaşan Azərbaycanın müharibədə maraqlı olmadığını bildirmişdi. O, Fransa nazirinin açıqlamalarının vəziyyəti sakitləşdirməyə kömək etmədiyini söyləmişdi".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ