Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı deyib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər: “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”.
Politoloq Rusif Hüseynov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ABŞ regional qüvvələrin İrana qarşı fəallaşmasından istifadə edə bilər: "ABŞ-ın hazırda ümumiyyətlə Yaxın Şərqlə bağlı konkret strategiyasının olub-olmaması mənə də maraqlıdır. Qeyd etmək lazımdır ki, ABŞ-ın bu bölgədə mövqeləri indiki prezident Co Baydenin vitse-prezident olduğu Obama dövründən başlamışdı. İndiki halda, ABŞ-ın Yaxın Şərqdən qismən çəkilməsi fonunda geosiyasi vakuumun yaranması, regional qüvvələri çox aktivləşdirib.
Rusif Hüseynov
Eyni zamanda Vaşinqtonun İran siyasəti də qeyri-müəyyən olaraq qalıb. Demokratların hakimiyyətə gəlişindən sonra xüsusilə İsrail Tehran rejiminin nüvə silahı əldə etməsi və bunun qarşısının alınması ilə bağlı dəfələrlə məsələ qaldırsa da, ABŞ-ın cari rəhbərliyinin tam dəstəyini əldə edə bilməmişdi. Odur ki, Amerika tərəfinin İranla bağlı birbaşa hansı addımlar atacağı qaranlıq görünür. Nisbətən daha real ssenari, İrana qarşı bəzi bölgə dövlətlərinin birləşməsi və ABŞ-ın da bu anti-İran ittifaqını dəstəkləməsi ola bilər."
Əziz Əlibəyli
Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli “Yeni Müsavat”a şərhində bildirdi ki, müasir İran ABŞ, Rusiya və Böyük Britaniyanın birgə projesidir: “BMT yaradılanda ilk qərar İranın ərazi bütövlüyünün tanınması olub. Bu, soyuq müharibə başlayan zamana təsadüf etmişdi. Böyük ölkələr arasında olan qarşıdurma İran kimi ölkələrin işinə yaramışdı. İran elə bir mərhələyə gəlib çatıb ki, burada ciddi narazılıqlar var. Amma bu o demək deyil ki, İran ABŞ-a, Avropanın güclü ölkələrinə qarşı dayana bilər. Əgər biz şah dövrünü nəzərə alsaq, Azərbaycanda Pişəvəri inqilabının yatırılıb milli hökumətin məhv edilməsi dövrünə baxsaq, inqilabın gedişatına fikir versək, heç bir hadisə İranın daxili siyasətinə aid reaksiya deyildi, hər biri xarici faktorlarla əlaqəli idi.
Xomeyni SSRİ və Fransa agenturasının adamı idi. İndi də həmin proses gedir. Baydenin bəyanatına cavab olaraq Rəisi deyib ki, İran 1979-cu ildə müstəqil olub. Söhbət hansı müstəqillikdən gedir? ABŞ İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) sanksiya qoydu. Etirazlar səngimir. Əgər etirazların lideri olsaydı, İran onu mühakimə edib asa bilərdi. İğtişaşlar İrandaxili hakimiyyət qarşıdurmasına gətirib çıxardı. Dini hakimiyyət devrilmək üzrədir. SEPAH-ın zəifləməsinə yönəlik sanksiyaların verilməsi başadüşüləndir. Elə hesab edə bilərik ki, Bəsic Müqavimət Qüvvələri hakimiyyətə gəlmək üzrədir. Bayden isə bu prosesdə rol oynamağa çalışır".
Bu arada İRNA xəbər verib ki, İran prezidenti İbrahim Rəisi Baydeni İrandakı iğtişaşları dəstəkləməkdə ittiham edib: “ABŞ müharibələrdə və qan tökülmələrində aparıcı rol oynayır, xalqların maraqlarını öz maraqları naminə məhv edir. Bu gün imperializmin simvolu ABŞ-da hökmranlıq edən sistemdir. ABŞ ”böyük şeytan"dır. Bir neçə saat əvvəl ABŞ prezidentinin İranı azad etmək istədikləri ilə bağlı açıqlamalarını eşitdim. Baydenə demək istəyirəm ki, İran 43 il bundan əvvəl azad edilib və biz heç vaxt sağmal inək olmayacağıq. Sizin təhdid və embarqolarınıza qarşı dayanacağıq. Siz İranda inkişaf tempini ləngitməyə çalışırsınız. ABŞ İranın irəlilədiyini bilir və buna görə də İranı təcrid etməyə çalışır, lakin ölkəmizə qarşı bütün planlarında məğlub olublar".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ