Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabat hazırlayıb.
Hesabatda həmişəki kimi Azərbaycanla bağlı da hissə var və yenə də qərbin ikili standartı, qərəzi, hadisələrə siyasi don geyindirməsi müşahidə edilir.
Musavat.com bildirir ki, hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir.
Dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilib.
Ölkəmiz əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Respublikamızda mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq ənənələri, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir.
Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür. Ancaq bütün bunlar ABŞ tərəfindən qeydə alınmayıb. Bu dövlət hansısa bir qrup erməninin dili ilə danışır.
Özü də bunu o dövlət edib ki, bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandırır, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olur.
Məhz bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır.
Çoxsaylı audit tədqiqatları ABŞ-ın əmək bazarında irqi ayrı-seçkiliklə bağlı ciddi sübutlar aşkar edib. Belə ki, tədqiqatlar zamanı işəgötürənlərin ağdərili iş axtaranlara üstünlük vermə dərəcəsi 50% ilə 240% arasında dəyişib. Digər tədqiqatlar zamanı avtomobil bazarında, mənzil sığortası, tibbi xidmət və taksi xidmətindən istifadə məsələlərində irqi ayrı-seçkiliklə bağlı əhəmiyyətli sübutlar aşkar edilib.
Ən əsası hesabatın Azərbayacana aid olan hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidməti tərəfindən hazırlanıb.
Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los Ancelesdəki konsulluğunda işləyib.
Foreign influence laws-ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeyri-qanunidir.
Çox maraqlıdır ki, hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsi nəzərə alınmır.
Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, "Abzas" media və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir.
ABŞ Dövlət departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.
Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan dövləti bundan sonrakı dövrdə də öz dəst-xəttini milli maraqlara uyğun davam etdirməlidir və etdirəcəyinə də heç bir şübhə yoxdur.
Prezident İlham Əliyevin 25 noyabr 2020-ci il tarixli çıxışında bildirdiyi kimi, həm məscidlər, həm də kilsələr tarixi sərvətimizdir. Ölkəmizdə bütün dini abidələrə eyni qayğı göstərilir, bölgələrdə məscidlər, sinaqoqlar, kilsələr yan-yana tikilir. Prezidentin yürütdüyü siyasət rəhbər götürülərək Azərbaycan bu gün dinin birləşdirici amil olduğu nadir ölkələrdəndir.
Qafar Səfərli,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ