İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın dünyaya səpələdiyi milyardlar - Maskın xəbərdarlığının səbəbi

Siyasi şərhçi hesab edir ki, bu, siyasi seçki kampaniyasının tərkib hissəsidir və...

“Əgər dövlət xərclərini kökündən azaltmasa, ABŞ faktiki iflas olacaq”. Bunu ABŞ-ın ixtiraçı milyarderi İlon Mask deyib.

X platformasındakı mesajında o, ölkənin iqtisadi vəziyyətinin böyük borc altına girən adama bənzədiyini vurğulayıb.

“Dövlət xərcləri kəskin azaldılmasa ABŞ-ı iflas gözləyir”, - deyə Mask vurğulayıb.

Amerikalı milyarderin sözlərinə görə, dövlət borcunun üzərinə gələn faizlər sürətlə bütün vergi gəlirlərini “yeyir” və ölkənin kritik ehtiyaclarını ödəmək üçün heç bir vəsait qoymur.

ABŞ-ın dövlət xərcləri əsasən nəyə sərf olunur? Mask Birləşmiş Ştatların demokratiya adı altında, yaxud müharibələr üçün dünyaya səpələdiyi milyardları nəzərdə tutur, yoxsa digər məsələlər var? Amerika Maskın təkliflərini nəzərə alsa, bu, qlobal proseslərə necə təsir göstərər?

Qeyd edək ki, ötən il ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkənin iqtisadi problemlərinə görə  dövlət başçısı Co Baydeni günahlandırmışdı. Cənab Tramp hesab edir ki, gələcəkdə ABŞ yeni, daha güclü böyük depressiya ilə üzləşəcək.

“İqtisadiyyatımızda baş verənlərə əsaslanaraq deyə bilərəm ki, Co Bayden müasir dövrün Herbert Huveri (1929-1933-cü illərdə ABŞ prezidenti olub) olacaq. Bizi 1929-cu ildən daha pis böyük depressiya gözləyir. Buna sübut - banklar artıq iflasa başlayıb”, - deyə Tramp söyləyib.

Ötən il martın 10-da Kaliforniya rəqəmsal tənzimləyicisi ABŞ-ın 16-cı ən böyük bankı “Silicon Valley Bank”ı (SVB) müflis elan edib. SVB-nin iflası 2008-ci il böhranından sonra ən böyük iflas olub.

Yeri gəlmişkən, ABŞ-da noyabrın 5-də baş tutacaq prezident seçkisi ilə bağlı təşviqat kampaniyası yekunlaşmaq üzrədir. Prezidentliyə namizədlikləri irəli sürülmüş Donald Tramp və Kamala Harris aktiv kampaniyalarını davam etdirirlər. Harris keçmiş Tramp tərəfdarlarını və GOP-dan (Böyük Köhnə Partiya - Respublikaçılar Partiyasının “ləqəbi”) narazı qalanları qazanmağa çalışır. Vitse-prezident Pensilvaniya və Şimali Karolinada tədbirlər keçirməklə Trampın dəstəkləndiyi bu ştatlarda üstünlük qazanmaq istəyir. Tramp isə daha çox ştatları hədəf götürərək, kampaniyasını burada həyata keçirir. 

Tramp tərəfdarı İlon Mask da seçki ilə bağlı etdiyi iqtisadi çağırışlarla sanki əhali üzərində manipulyasiya etməyə çalışır. O, Harrisin prezident seçiləcəyi təqdirdə ABŞ-ın innovasiyalar baxımından geri qalacağını da bildirib. O, xüsusilə kosmos araşdırmaları və Mars missiyası üçün Trampın dəstəklənməsini vacib hesab edib.

Bu arada,  İlon Mask ölkədə davam edən seçki kampaniyasının qızğın dövründə gözlənilməz bəyanat verib. Sahibkar Donald Trampa dəstəyin hələ təmin edilmədiyi ştatlardan Respublikaçılar Partiyasının namizədinə səs verən hər kəsə 100 dollar ödəməyə hazırdır.

Maskdan pul mükafatı almaq üçün seçicilər Respublikaçıların seçki proqramının əsas bəndlərini əks etdirən “Söz azadlığı və silah daşıma hüququ haqqında” petisiyaya imza atmalıdırlar. Tramp kampaniyasının məqsədi bu sənəd altında potensial tərəfdarların 1 milyon imzasını toplamaqdır.

İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi də son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib. Bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.

Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib. Siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib. Komitə demokrat namizəd Kamala Harrisi “radikal” adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb. Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.

 Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Amerika supergücdür. Təbii ki, belə dövlətlərin xərcləri də böyük olur. Onun dünyanın bir çox yerində silahlı qüvvələri var. Həmçinin özünün maraqlarının reallaşması üçün pul xərcləyir. Xərclədiyi pulların əvəzi heç də həmişə kommersiya əsaslı olmur. Bunların böyük bir qismi təhlükəsizlik xarakteri daşıyır. Bir sıra ölkələrə, xüsusilə Ukrayna və İsrail kimi dövlətlərə Amerika Birləşmiş Ştatları xüsusi proqramlarla maddi və hərbi yardım göstərir. Bunun müqabilində o, öz regional maraqlarını reallaşdırır. Qloballaşma nəticəsində digər tərəfdən Amerika şirkətləri dünyanın digər bölgələrində istehsal təşkil edir. Bu isə özlüyündə ölkə daxilində işsizlik səviyyəsinin yüksəlməsinə gətirib çıxardır. Amerika dünya iqtisadiyyatının dominant ölkələrindəndir. Lakin bütün bu xərclər, geosiyasi üstünlüyə nail olmaq fəaliyyəti xərcləri artırır. Dövlət xərclərinin artması da daxili pul dövriyyəsinin sürəti və həcminə təsir edir. Əlbəttə, bu o demək deyil ki, ABŞ çökür. Sadəcə olaraq, onun da öz həcminə uyğun iqtisadi problemləri yaranır. O ki qaldı Maska, bəlkə də bu öz səhvini bildirmək üçündür. Burada siyasi və iqtisadi maraqlar ola bilər. Əslində bu həm də siyasi seçki kampaniyasının tərkib hissəsidir. Müəyyən seçici kütləsinə ünvanlanıb. Amerika bu təklifləri hər halda müəyyən qədər nəzərə alacaq. Amma onu necə təzahür etdirəcək, bu başqa sualdır. Demokratiya məsələlərindən daha çox burada təhlükəsizlik və geosiyasət məsələləri var. İlon Maksın fikirləri həm də bir qismin digər qismə mesajıdır”.

 Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR